Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / SSRİ Xalq artisti Bülbülün xatirəsi anılıb

SSRİ Xalq artisti Bülbülün xatirəsi anılıb

26.09.2018 [17:51]

Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün xatirə günüdür. Böyük sənətkarın vəfatından 57 il ötür.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Xalq yazıçıları Anar, Elçin, mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri sentyabrın 26-da Fəxri xiyabana gələrək dahi sənətkarın məzarı üstünə tər çiçək dəstələri qoyaraq xatirəsini hörmətlə yad ediblər.

Sənətkarın oğlu, tanınmış bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə anım mərasiminə gələnlərə minnətdarlığını bildirib. Qeyd edib ki, Bülbülün vəfatından illər ötsə də, onun adı xalqın qəlbində yaşayır, səsi və sənəti sevilir. Azərbaycan dövləti Bülbül sənətinə hər zaman yüksək qiymət verib, sənətkarın xatirəsi əbədiləşdirilib, Bakıda abidəsi ucaldılıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli sənətkarın sənət yoluna nəzər salıb. Bildirib ki, Bülbül öz bənzərsiz yaradıcılığı ilə musiqimizin daha da zənginləşməsinə böyük töhfələr verib: “Onun yaradıcılığı, ifaçılıq sənəti dünyanın müxtəlif ölkələrində sevilərək dinlənilib. Bülbül böyük vətənpərvər idi. O, Azərbaycanı, Qarabağı, Şuşanı böyük məhəbbətlə sevirdi. Onun obrazı gözümüzün qarşısında bir qəhrəman kimi canlanır, səhnədə yaratdığı əfsanəvi qəhrəman Koroğlunu xatırladır”.

Nazir qeyd edib ki, Azərbaycan professional musiqi sənətinin inkişafında böyük xidmətlər göstərmiş Bülbülün xatirəsi bundan sonra da xalqımız tərəfindən daim əziz tutulacaq, hörmətlə yad olunacaq.

Mərasimdə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Bülbüllə bağlı xatirələrini bölüşüb. Onun yüksək sənətkarlıq məharətindən danışaraq Azərbaycan musiqi sənətində əvəzsiz şəxsiyyətlərdən biri olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, SSRİ Xalq artisti Bülbül 1897-ci il 22 iyun tarixində Şuşada anadan olub. Xalq mahnıları və romansların, operalarda baş partiyaların bənzərsiz ifaçısı olub. 1931-ci ildə Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi tədqiqat kabinetini yaradıb. 1961-ci il sentyabrın 26-da vəfat edib.

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31