
Gəncə Uşaq Kitabxanasına səfirlik tərəfindən İsveçin məşhur yazıçısı Astrid Lindqrenin 9 kitabı hədiyyə ediləcək. Bununla yanaşı, biz musiqi sahəsində də əməkdaşlıq əlaqələri qura bilərik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri İsveçin ölkəmizdəki səfiri İnqrid Tersman Gəncəyə səfəri çərçivəsində şəhər icra hakimiyyətində keçirilən görüşdə söyləyib.
İcra hakimiyyətinin başçısı Niyazi Bayramovla keçirilən görüşdə qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib.
Niyazi Bayramov bildirib ki, 4000 illik tarixə malik Gəncə zəngin mədəni irsə sahibdir: “Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi mütəfəkkirlər yetişdirmiş şəhər, sadəcə Azərbaycan yox, dünya ədəbiyyatına da əvəzsiz töhfələr verib. 2016-cı ildə Avropa Gənclər Paytaxtı, 2017-ci ildə MDB Ölkələrinin Mədəniyyət Paytaxtı titullarını daşıyan Gəncə, 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilib. Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir. Şəhər əhalisinin üçdəbirini gənclər təşkil edir. Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Burada Gəncə Avtomovil Zavodu, “Det-AL” Alüminium MMC kimi iri sənaye müəssisələri fəaliyyət göstərir. Hazırda Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın və İdman Sarayının tikintisi aparılır ki, hər ikisinin də təməli Prezident İlham Əliyev tərəfindən qoyulub”.
İsveçin Azərbaycandakı səfiri İnqrid Tersman səfərinin məqsədinin Azərbaycanın bölgələrini daha yaxından tanımaq olduğunu bildirib. Gəncəyə ilk dəfədir səfər etdiyini və burada iki gün ərzində bir çox yerlə tanış olduğunu vurğulayan səfir deyib: “Fikrimcə, Gəncənin tarixi və milli dəyərləri ölkəniz üçün çox əhəmiyyətlidir”.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
İnqrid Tersman görüşdən sonra Gəncə Şərab Zavodu və Gəncə Avtomobil Zavodunda olub.
Səfər çərçivəsində İsveçin səfiri Nizami Gəncəvi Məqbərəsi, Heydər Əliyev Park-Kompleksi və Məhsəti Gəncəvi Mərkəzində, şəhərin Cavad xan küçəsində də olub, Cavad xanın məqbərəsi və Şah Abbas Cümə məscidini ziyarət edib. Gəncə Dövlət Filarmoniyası ilə tanışlıq isə qonaqda xüsusilə xoş təəssürat yaradıb.
Qonaq Miniatür Kitab Muzeyinin Gəncə filialı və Gəncə şəhər MKS-nin Uşaq Kitabxanası ilə də tanış olub.
- Oxunub: 2460 |
- Tarix: 26-09-2018 |
-
Çap et |