Ana səhifə »  Qəzetin pdf formatı »  BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
A+   Yenilə  A-
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində

Xülasə: Məqalədə regional və qlobal miqyaslı proseslər fonunda dünyada təhlükəsizliyin təmini mexanizminin təkmilləşdirilməsi imkanları təhlil edilir. Göstərilir ki, geosiyasi dinamikaya fərqli yanaşmalar mümkündür. Nümunə olaraq fransız tədqiqatçısı Bertran Badinin analizi göstərilir. Onun mövqeyinə görə, dünya "intertarix" mərhələsinə keçir ki, bu da "intersosiallıq"la xarakterizə olunur. Bu cür yanaşma bütövlükdə dünya nizamına, beynəlxalq münasibətlərin tənzimlənməsinə və bu prosesdə Birləşmiş Millətlər Təşkilatının roluna yeni müstəvidə baxmaq imkanı verir. Məqalədə bu problemin geosiyasi-nəzəri analizi aparılıb.

Elmi tədqiqatçılar tarixin hazırkı mərhələsinin bir sıra özəlliklərini geniş araşdırırlar. Qlobal geosiyasi kontekstdə bu məsələ kifayət qədər aktualdır. O cümlədən yeni dünya nizamı, qlobal təhlükəsizlik, bəşəriyyətdə özünü göstərən dəyişikliklər kimi problemlərin qarşılıqlı əlaqədə təhlilinə böyük ehtiyac yaranıb. Həmin məsələ beynəlxalq təşkilatların müasir şərtlər daxilində səmərəli fəaliyyətinin təmini prizmasından xüsusi önəm kəsb edir. Belə ki, BMT kimi təşkilatın qlobal təhlükəsizliyi təmin etməkdə qarşılaşdığı çətinliklər müxtəlif suallar yaradır. Onlara cavab tapmaqla, faktiki olaraq, yeni dünya nizamının formalaşdırılmasının nəzəri əsasları işlənmiş olur. Təəssüf ki, hələlik bu problem öz həllini tapmayıb. Ancaq bir sıra maraqlı araşdırmalar və onlardan irəli gələn mühüm nəticələr vardır. Burada onlar üzərində bir qədər geniş dayanaq.

Geosiyasi dinamika: böyük güclərin rəqabəti

Hazırda mütəxəssislər dünya siyasətinin bir qarışıqlıq içində olduğunu vurğulayırlar. Xüsusilə Yaxın Şərqdə baş verən hadisələrin meydana gətirdiyi problemlər qlobal geosiyasi mənzərəyə ciddi təsir göstərməkdədir. İndi aydın görünür ki, dünyanın geosiyasi nizamı böyük təhlükə qarşısındadır. Mövcud tənzimləmə və idarəetmə mexanizmləri əvvəlki dövrlərdə olduğu kimi səmərəli deyil. Böyük dövlətlər öz güclərindən ifrat dərəcədə istifadə etməyə, dünya əhəmiyyətli məsələləri öz maraqlarına uyğun həll etməyə çalışırlar.

Həmin aspektdə daha çox ABŞ, Avropanın böyük dövlətləri (Böyük Britaniya, Fransa və Almaniya) və Rusiya fəallıq göstərirlər. Hələlik Çinin mövqeyi təmkinlidir. Pekin beynəlxalq ziddiyyətlərə qarışmır, lakin passiv mövqe də tutmayıb. Çin əsas olaraq Asiya-Sakit okean hövzəsində aktiv geosiyasi-hərbi addımlar atır, ələlxüsus Cənubi Çin dənizi regionunda kifayət qədər fəallıq nümayiş etdirir.

ABŞ-la Rusiyanın geosiyasi savaşı indi Yaxın Şərqdə kulminasiya nöqtəsinə çatıb. Suriya və İraqda onlar həqiqi mənada rəqabətdədirlər. Amerika Prezidenti Donald Tramp Qüdslə bağlı tarixi səhvə yol verdikdən sonra Moskva Yaxın Şərqdə daha da aktivləşib. Vladimir Putin qısa müddətdə Misir, Suriya və Türkiyəyə səfər etdi. Ümumiyyətlə, Rusiya Prezidenti Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla səkkiz dəfə görüşüb! Kreml Suriyada siyasi-hərbi iştirakını yeni səviyyəyə yüksəltmək kursu götürüb. Bu, orada çoxlu əsgər saxlamaqla deyil, yerlərdəki müttəfiqləri vasitəsilə situasiyanı nəzarətdə saxlamağa dayanır. Təbii ki, həmin işi görmək üçün beynəlxalq hüququn prinsiplərinə uyğun qərarlar almaq lazımdır. O cümlədən BMT-nin uyğun mandatı olmalıdır. Əks halda, meydana yeni ziddiyyətlər çıxa bilər.

Əslində, proseslər elə bu istiqamətdə getməkdədir. Vaşinqton və Moskvanın Yaxın Şərqdəki qarşıdurmasının BMT sənədlərinə uyğun həllinin əlamətləri görünmür. Beynəlxalq münasibətlərə ciddi təsir edən digər məsələ Ukrayna ilə bağlıdır. Şərqi Ukraynada müharibə dayanmır. Orada Rusiya kifayət qədər fəaldır. Hərbi toqquşmalar getdikcə şiddətlənir. Bunlara Krım məsələsini də əlavə etsək, vəziyyətin nə dərəcədə ağır olduğunu təsəvvür edə bilərik.

Nəhayət, deyilənlərə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Cənubi Qafqazda yaranmış mürəkkəb geosiyasi situasiyanı, Gürcüstanın iki bölgəsinin müstəqilliklərini elan etmələrini, İran və Şimali Koreya problemlərini də əlavə etmək olar. Daha hansı çətinliklərin meydana çıxacağını isə proqnozlaşdırmaq mümkün deyildir. Çünki mövcud qlobal durum o dərəcədə həssas və dolaşıqdır ki, hansı məsələnin hansı yerdə necə təzahür edəcəyini öncədən demək çətindir. Bu, demoqrafik problem ola, sivilizasiyalararası ziddiyyət kimi meydana gələ, dinlərarası ixtilaf olaraq ortaya çıxa, məzhəb müharibəsi qismində özünü göstərə, iqlim problemi olaraq təzahür edə, yoxsulluğun daha geniş yayılması şəklində müşahidə oluna, yaxud kibermüharibə formasında bəşəriyyət qarşısına çıxa bilər.

Tənzimləmə mexanizmləri: Vestfaldan sonra...

Bunların hər biri olduqca həssas mövzulardır və reallaşma ehtimalları az deyil. Təbii olaraq meydana sual çıxır: bəs beynəlxalq səviyyədə meydana gələn müxtəlif təbiətli problemləri həll etmək mexanizmləri mövcud deyilmi? Əlbəttə, mövcuddur. Onların reallaşma məkanı kimi Birləşmiş Millətlər Təşkilatı da vardır. Ancaq əsas problem ondadır ki, dünyanın özünün sosial, siyasi, geosiyasi, hərbi, iqtisadi, informasiya, ekoloji, texnoloji və sair xarakteristikaları köklü surətdə dəyişməkdədir. Bəşəriyyət artıq fərqli keyfiyyətə və dinamikaya keçib. BMT-nin rəhbər tutduğu beynəlxalq münasibətlər sistemi isə keçən əsrdə baş verən İkinci Dünya müharibəsindən dərhal sonra formalaşdırılıb. Onların hüquqi təməlini isə Vestfal müqaviləsinin prinsipləri təşkil edir. Məlumdur ki, beynəlxalq münasibətlərin Vestfal sistemi Otuzillik müharibədən sonra Avropada 1648-ci ildə imzalanmış Vestfal sülh müqaviləsinin hüquqi bazası əsasında hazırlanıb. Burada əsas prinsip dövlətlərin suverenliyinin toxunulmazlığı və güclülərin zəifləri işğal etməsindən çəkindirmək üçün müəyyən qaydaların işə salınmasından ibarətdir.

Vestfal sistemi birbaşa güc tətbiqindən güclüləri çəkindirirdi ki, bu da həmin müqaviləyə qədər dövlətlər arasında münasibətləri tənzimləmənin başlıca prinsipi kimi güc tətbiqini xeyli məhdudlaşdırırdı. Artıq bir güclü dövlət başqasına hücum edərsə, digər güclülərin birləşib ona qarşı çıxış etmək hüququ tanınırdı. "Vestfal sistemi ilk dəfə olaraq dövlətin öz ərazisində və beynəlxalq işlərdə tam suverenliyini təsdiq edirdi, "milli dövlət" anlayışını sərhədləri daxilində, dəqiq funksiya və vəzifələri ilə legitimləşdirirdi".

Lakin dalbadal baş verən iki dünya müharibəsi beynəlxalq münasibətlərin tənzimlənməsində ciddi çatışmazlıqların olduğunu üzə çıxardı. Bir sıra dövlətlər yenə də güc mövqeyindən çıxış edərək öz maraqlarını təmin etməyə, imperiya ambisiyalarını irəli sürməyə çalışırdılar. Yaranmış vəziyyətdən çıxmaq üçün Birinci Dünya müharibəsindən sonra Millətlər Liqası, İkinci Dünya müharibəsindən sonra isə Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Bu cür dəyişiklik bütövlükdə qlobal miqyasda baş verən geosiyasi transformasiyalarla birbaşa bağlı idi. Aydın görünürdü ki, güclü dövlətlərin güc tətbiqindən çəkindirilməsi kifayət qədər təsirli mexanizmlə tənzimlənmir və yeni, həm də daha səmərəli mexanizm işlənməlidir. Bu qisimdə suverenliklə yanaşı, "kollektiv təhlükəsizlik sistemi"nin işlənməsi zərurət kimi qarşıda dururdu. Doğrudur, Vestfal müqaviləsində kollektiv müdafiə haqqında müddəa vardı. Lakin iki dağıdıcı müharibənin baş verməsi bu anlayışa yeni məzmun verilməsinin vacibliyini nümayiş etdirirdi. Həmin səbəbdən BMT-də kollektiv təhlükəsizliyin təmin edilməsi prinsipi başlıca yerlərdən birini tutdu. BMT Nizamnaməsinin birinci – məqsədlər və prinsiplər fəslinin ilk bəndində deyilir: "Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək və bu məqsədlə dünyaya olan təhlükəni aradan qaldırmaq və ləğv etmək üçün effektiv kollektiv ölçülər götürmək, təcavüzü və ya sülhü pozan başqa pozuntuları məhv etmək, beynəlxalq mübahisələr və situasiyaları yoluna qoymaq üçün beynəlxalq hüquq və ədalətlilik prinsiplərinə uyğun olaraq dinc vasitələrdən istifadə etmək...".

Bir müddət bu qaydalar beynəlxalq münasibətlərdə öz səmərəsini verdi. Lakin getdikcə aydın olurdu ki, bir sıra böyük dövlətlər artıq qoyulan çərçivələri aşırlar. Bu, əsas olaraq, ABŞ-SSRİ qarşıdurması fonunda baş verirdi. Vyetnam, Əfqanıstan, Latın Amerikasının bəzi ölkələri (məsələn, Panama, Boliviya və s.) ilə bağlı baş verənlər heç də hər bir BMT üzvünün suverenliyi və təhlükəsizliyinin təminat altında olmadığına işarə edirdi. Doğrudur, bunlarla yanaşı, Amerika və Sovet İttifaqı strateji kütləvi qırğın silahlarının məhdudlaşdırılması, yeni hücum silahlarından istifadənin qadağan edilməsi (məşhur "СНВ-1" və "СНВ-2" müqavilələrini xatırlayaq) istiqamətində konkret addımlar da atdılar. Lakin beynəlxalq miqyasda problemlərin sayı azalmır, hətta zaman-zaman daha kəskin formada yeniləri meydana gəlirdi.

Məsələn, iki supergüc olan ABŞ-la SSRİ arasında müharibə son anda əngəlləndi. Dünya nüvə reaktorlarının işə salınması ilə bağlı hər an böyük ekoloji fəlakətlərin baş verməsi qorxusu içərisində yaşayırdı. Tədricən isə ayrı-ayrı regionlarda çox təhlükəli münaqişələr alovlandı. Bu sırada İran inqilabını və ondan sonra beynəlxalq münasibətlərin gərginləşməsini də qeyd etmək olar.

Nəhayət, keçən əsrin 80-90-cı illəri dünya siyasətində dönüş nöqtəsi oldu. İki böyük geosiyasi, siyasi, hərbi və iqtisadi gücdən biri olan SSRİ və onunla bərabər sosialist düşərgəsi dağıldı. Həmin məqamda geosiyasi nəzəriyyələrdə də ciddi dəyişikliklər müşahidə olundu. Problemin maraqlı və əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, aparılan tədqiqatlarda BMT-nin sürətlə dəyişən geosiyasi situasiyada beynəlxalq münasibətlər sistemini tənzimləyən başlıca təşkilat olduğu birmənalı vurğulanırdı. Bir sıra araşdırmalarda isə BMT-nin strateji əhəmiyyətinin daha da artdığı ayrıca əsaslandırılırdı. Bu kontekstdə fransız alimi Bertran Badinin fikirləri xeyli dərəcədə maraqlıdır.

Tarixin sonu, yoxsa yeni tarix: daha bir yanaşma

Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert və Paris Siyasi Tədqiqatlar İnstitutunun professoru olan Bertran Badi yazır ki, keçən əsrin sonlarında tarixin sonu haqqında tezisin meydana gəlməsinin xüsusi səbəbi var idi. Bu, klassik anlamda müharibə təhlükəsinin ötüb keçməsi ilə əlaqədar idi. Bir çox tədqiqatçılar hesab edirdilər ki, "beynəlxalq münasibətlərin sonunun çatdığının şahidləriyik".

Tədqiqatçı belə bir mövqenin meydana gəlməsinin başlıca səbəbini kökü məşhur ingilis filosofu və siyasi mütəfəkkiri Tomas Hobbsun əsərlərinə gedib çıxan və beynəlxalq aləmin xarakterinə aid edilən realist paradiqmada görür. Bu paradiqmaya görə, siyasət dövlətlərarası qarşıdurma və silahlı münaqişə meydanıdır.

Müasir realizm paradiqmasının banisi, amerikalı siyasətşünas və nəzəriyyəçi alim Hans Morqentau vurğulayırdı ki, dövlətin hüdudlarından kənara tətbiq edilən güclə daxilə yönəlmiş güc arasında əhəmiyyətli fərq vardır. Bu əsasda çıxarılan nəticə belə idi ki, daxili siyasətin etika kimi beynəlxalq münasibətlərə heç bir aidiyyəti yoxdur. Realizm etikaya etibar etmir. Lakin o, özünün mənəvi köklərinə güclü bağlılığını da qoruyub saxlayır. Bu xəttin əsasını qoyanlardan biri və ümumiyyətlə, "güc nəzəriyyəsi"nin tərəfdarı kimi tanınan Reynhold Nibur protestant ideologiyasına dərin bağlılığı ilə tanınır. Onun fikrinə görə, ABŞ-ın gücü əxlaqi təsəvvürlər olmayanda müdaxilələrə təhrik etmirdi.

Realizmin siyasi kontekstdən asılılığını ifadə edən Bertran Badi vurğulayır ki, Yeni dövr tarixində realizmin dominantlığını laxlatmaq üçün üç cəhd göstərilib. Ancaq onların hamısı uğursuzluqla nəticələnib. Sonuncu cəhd İkinci Dünya müharibəsindən sonra edilib və əsasən BMT Nizamnaməsində öz hüquqi əksini tapıb. "Soyuq müharibə" illəri bunların əyani sübutudur. Ancaq "soyuq müharibə"nin başa çatması transmilli qarşılıqlı əlaqələrdə sosial aspekti nəzərə almamağın mümkünsüzlüyünü tam nümayiş etdirdi. İctimai ziddiyyətlərin beynəlxalq münasibətlərə ciddi təsiri əksər dövlətlər tərəfindən inkar edilsə də, reallıq bunun yanlış olduğunu göstərir.

O cümlədən həmin ziddiyyətlərdən qeyri-dövlət qüvvələri aktiv surətdə istifadə edirlər. Terror təşkilatları bu istiqamətdə daha fəaldır. Nəticədə, beynəlxalq münasibətlərin tənzimlənməsində bir hüquqi "disbalans" yaranır – mövcud mexanizmlər ya var gücü ilə işləmir, ya da yalnız kağız üzərində qalır. Onların reallaşma ehtimalı bir qayda olaraq böyük dövlətlərin maraqları ilə əlaqəli olur. Bu vəziyyəti ikili situasiya yaradır. Bir tərəfdən, qlobal miqyasda ziddiyyətlər kəskinləşir, digər tərəfdən isə BMT kimi təşkilat onları aradan qaldırmaqda acizlik göstərir. Bunlar isə əvvəlki dövrlərdə müşahidə edilməyən sosial-mədəni, siyasi, ictimai, ekoloji və s. proseslərin fonunda baş verir. Yəni bizim qlobal böhran kimi səciyyələndirdiyimiz proseslərin kökündə, əslində, bəşəriyyətdə baş verən sürətli sosial dəyişikliklər durur. Buna uyğun olaraq, beynəlxalq münasibətlərin yeni qaydalar üzrə tənzimlənməsi qaçılmazdır. Deməli, B.Badi faktiki olaraq, fərqli geosiyasi nəzəriyyənin yaradılmasına olan ehtiyacdan bəhs edir.

Müəllif həmin bağlılıqda yazır: "Dünya səhnəsinə cəmiyyətlər dövlətlərin alətləri kimi yox, ancaq öz mədəniyyəti, dini, iqtisadiyyatı və qalıcı praktikaları ilə çıxırlar". Bəşəriyyət liberallar üçün əlçatmaz olan bir səviyyəyə yüksələndə dövlət sadəcə "bazar dövləti" olmaqdan daha böyük məna kəsb edir. Məlumdur ki, "bazar dövləti" üçün əsas xarici funksiya məxsusi iqtisadi uğuru dinamik artırmaqdan ibarətdir.

Bu, ciddi yenilik və beynəlxalq münasibətlərin tənzimlənməsi kontekstində əhəmiyyətli bir müddəadır. Xüsusilə BMT üzərinə yeni vəzifələr qoya biləcək prosesdir. Bütövlükdə diplomatiyanın yeni metodlar axtarması zərurətinin meydana çıxması əlamətidir.

Əslində, bu iddia dünya səviyyəsində tamamilə fərqli geosiyasi reallığın formalaşmaqda olduğunu ifadə edir. Çünki cəmiyyətin qeyri-dövlət hissəsinin geosiyasi dinamikaya birbaşa təsir etməsi çox fərqli mənzərədir. Əsas problem həmin amilləri üzvi surətdə qlobal geosiyasətin dinamikasına daxil etmək və tənzimləmə prosesi (məsələn, kollektiv təhlükəsizlikdə) modelində səmərəli şəkildə nəzərə almaqdan ibarətdir.

Nəzəri aspektdə bu tendensiyanı B.Badi belə xarakterizə edir. O yazır: "...intersosial tarixə çevrilən intermilli tarix formalaşır ki, burada ayrıca şəxsiyyətlər, ictimai birliklər və sosial dinamika aparıcı rol oynayır". Problemin bu tərəfi BMT-nin müasir dünyada rolu kontekstində son dərəcə ciddi əhəmiyyət kəsb edir. Çünki qlobal geosiyasətə orqanik daxil olan yeni faktorların işlək mexanizm üzrə proseslərə qoşulması mükəmməl və çevik beynəlxalq qurum olmadan imkansızdır. Bunun səbəbi ondan ibarətdir ki, sosial xarakterli faktorları ayrı-ayrı dövlətlər fərqli qiymətləndirir və yanaşmalar da fərqli olur. Onların vahid meyar ətrafında birləşməsi üçün ümumi bir baxış bucağı və onu həyata keçirən beynəlxalq təşkilat gərəkdir. Məhz bu bağlılıqda B.Badinin aşağıdakı fikri maraqlıdır. Fransız mütəxəssis vurğulayır: " ... yeni beynəlxalq münasibətlərə inklüziv baxışa keçmək zamanı gəlib ki, ... bu da yeni tarixi başlamaq üçün lazımdır".

"İnklüziv baxış": BMT-də islahatların zəruriliyi

Bəs "inklüziv baxış" dedikdə, nə nəzərdə tutulur? İnklüzivlik hər hansı bir faktoru ümumi kontekstə real olaraq daxil etməklə əlaqəli termindir. Bunun əksi olan eksklüzivlik elementin ümumi mənzərədən kənarda qalması, xarici olması təsəvvürü ilə bağlıdır. Deməli, beynəlxalq münasibətlərə inklüziv baxış, yaxud yanaşma sosial, siyasi, mədəni, geosiyasi, hərbi, ekoloji, psixoloji və s. faktorları vahid bir kontekstdə, sistemdə, tamda real görə bilmək qabiliyyətidir və metodudur. Şübhə yoxdur ki, bu cür yanaşma yalnız çevik fəaliyyət mexanizminə malik, bütün dünya dövlətlərinin təmsil olunduğu beynəlxalq təşkilatda, yəni BMT-də konkret məzmun kəsb edə bilər. Bu yanaşma ancaq BMT çərçivəsində praktiki tətbiq imkanı əldə edə bilər.

Mütəxəssislər də BMT haqqında bu kontekstdə fikirlər ifadə edirlər. Məsələn, rusiyalı alim V.L. Oleandrov yazır ki, "BMT ideologiyası ümumdünyəvidir ... Dünyanın bütün dövlətləri sülh şəraitində getməli olan ortaq inkişaf taleyinə sahib və ümumi beynəlxalq hüquq qaydaları ətrafında birləşmiş xalqların ailəsidir". Bəli, B.Badinin ifadə etməyə çalışdığı geosiyasi proseslərə yeni yanaşmada da məhz "dünyanın ümumi beynəlxalq hüquq ətrafında birləşmiş xalqların ailəsi" təsəvvürü əsas təşkil edir. Bu iradənin ifadəçisi isə BMT ola bilər.

BMT XXI əsr üçün də dövlətlərarası münasibətlərdə dünya mədəniyyətinin ən yüksək nailiyyəti kimi qalmalıdır. "Bəşəriyyətin bütün xalqlarını və dövlətlərini birləşdirən ən səmərəli beynəlxalq münasibətlərin idarə edilməsi mexanizmlərinə malik" təşkilat olaraq BMT daha çevik, ədalətli, mükəmməl, zamanın yeni tələblərinə cavab verən, intersosial mahiyyətli fəaliyyət mexanizmlərini hazırlamalıdır. Konkret desək, bəşəriyyətin intermilli tarixi mərhələsinin beynəlxalq hüququ təmsil edən əsas subyekti BMT olmalıdır!

Araşdırmalar göstərir ki, əslində, BMT məhz yuxarıda vurğulanan kontekstdə bir sıra proqramlar həyata keçirməyə başlayıb. Bu, çox maraqlı faktdır. O, iki aspektdə əhəmiyyətlidir. Birincisi, böyük dövlətlərin ciddi-cəhdlərinə baxmayaraq, BMT bəşəriyyətin dinamikasına uyğun yeniləşməyə meylini davam etdirir. İkincisi, bu beynəlxalq təşkilata bədbinliklə yanaşan dövlətlər artıq mövqelərini dəyişməlidirlər. Çünki, real olaraq BMT onları təmsil edir və bütün üzv ölkələr bu məsələdə BMT-yə dəstək verməlidirlər. Azərbaycan onlar üçün həmin bağlılıqda örnək ola bilər.

Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini uzun illərdir ki, işğal altında saxlayır. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Ermənistandan işğal etdiyi əraziləri tərk etməsini tələb edib. Lakin Ermənistan rəhbərliyi buna əməl etmir. BMT isə təsirli tədbir görmür. Buna baxmayaraq, Azərbaycan BMT ilə əməkdaşlığı fəal surətdə davam etdirir. Və bunu etməkdə tam haqlıdır. Yuxarıdakı analizdən də görünür ki, müasir tarixi mərhələdə dövlətlərarası münasibətləri yoluna qoymağın sivil yolu BMT-dir.

Azərbaycan nə qədər ikili standartlarla üzləşsə də, müəyyən dairələrin şantajı, yalanı, böhtanı və qarayaxma kampaniyaları ilə qarşılaşsa da, BMT-yə inamını sarsıtmır. Mübarizəsini və əməkdaşlığını davam etdirir və şübhə yoxdur ki, haqq tərəfdarı kimi qalib gələcək. Bu nümunə başqalarına da ibrət olmalıdır. Əgər ədalətsizliyə düçar olan hər bir ölkə Azərbaycan qədər fəal və inadla beynəlxalq təşkilatlarda özünü göstərsə, nəhayətində ikili standartlar da siyasət səhnəsindən düşər. Müasir dövrün çağırışları bu tendensiyanın güclənəcəyini təsdiq etməkdədir. B.Badinin araşdırmalarının da bu istiqamətdə ümidverici notları var.

Bütün bunlar bir daha yuxarıda vurğulanan sosial mahiyyətli məsələlərin BMT fəaliyyətində nə dərəcədə nəzərə alındığını təhlil etmək zərurətini ortaya qoyur. Faktlara baxaq. Rusiyalı alim Aleksandr Kuteynikov yazır ki, BMT-də üç nisbi müstəqil münasibətlər səviyyəsi mövcuddur – siyasi-hüquqi (üzv dövlətlər), institusional (orqanlar və müstəqil, yaxud avtonom təşkilatlar) və sosial səviyyə (təşkilatın işinə cəlb olunmuş insanlar qrupu).

Buradan görünür ki, BMT-nin hazırkı strukturunda sosial, hüquqi və siyasi aspektləri bir araya gətirə bilən münasibətlər iyerarxiyası mövcuddur. Doğrudur, sosial səviyyədə söhbət müəyyən proqramları yerinə yetirən insanlar qrupundan gedir. Ancaq bu strukturu genişləndirməyə və təkmilləşdirməyə nə mane olur? Həmin səviyyəyə B.Badinin vurğuladığı kontekstdə intermilli və intersosial faktorları əlavə etmək, konkret desək, mövcud struktura üzvi şəkildə sintez etmək olar ki, bütövlükdə təşkilat baş verən hadisələrə daha çevik və səmərəli reaksiya verə bilsin.

Burada mütəxəssislərin vurğuladığı bir məqamı da xatırlatmağa dəyər. Biz, BMT-də sosial yönümlü məsələlərə daha çox diqqət yetirilməsinin bir sindromu da neytrallaşdıra biləcəyini nəzərdə tuturuq. Məsələ ondan ibarətdir ki, uzun illərdir BMT TŞ-nin beş daimi üzvü əhəmiyyətli məqamlarda ortaq qərara gələ bilmirlər. Bununla bağlı Andrey Kortunovun bir qeydi maraqlıdır. Rusiyalı mütəxəssis yazır: "BMT TŞ-nin rolu onun daimi üzvlərinin ən vacib məsələlər üzrə razılaşa bilməməyin xroniki qabiliyyətsizliyi şəraitində çətin ki, artsın". Görünür, bu kimi qüsurların nəticəsidir ki, beynəlxalq sistemin sabitləşdirici elementi olaraq BMT üzərinə düşən vəzifəni yalnız qismən yerinə yetirə bilir.

Bununla yanaşı, A.Kuteynikovun da qeyd etdiyi kimi, "BMT-nin özü dəyişikliklər aləti olmağa xidmət etməkdədir". Dövlətlərarası əməkdaşlıq layihəsi ilə sıx bağlı olduğundan, BMT istər-istəməz qloballaşma və dövlətçiliyin "yayğınlaşması" ilə əlaqəli proseslərə cəlb edilir. Bu keyfiyyətdə o, "mühüm sosial və siyasi meqatrendlərin katalizatoru" rolunu oynamaqdadır.

Yeni yaranmış mənzərə BMT-nin həyata keçirdiyi son layihələr prizmasından daha aydın görünməkdədir. Mütəxəssislər onları 30 kompleks mövzu kimi təsnifləşdirirlər. Onların hamısı təşkilatın qloballaşma ilə bağlı gündəminə aiddir. Həmin mövzular üzrə BMT-nin aşağıdakı prioritetləri müəyyənləşdirilib:

1) dayanıqlı inkişafa, mütərəqqi iqtisadi yüksəlişə dəstək, beynəlxalq sülh və təhlükəsizliyin təmini; 2) Afrikanın inkişafı; 3) insan haqlarının təşviqi; 4) humanitar yardım göstərmək səylərinin səmərəli şəkildə əlaqələndirilməsi; 5) beynəlxalq hüququn və ədalət mühakiməsinin möhkəmləndirilməsi; 6) tərksilah; 7) narkotiklər üzərində nəzarət; 8) cinayətkarlığın qarşısının alınması və beynəlxalq terrorun bütün təzahür formaları ilə mübarizə.

Bunlardan mütəxəssislər belə bir nəticə çıxarırlar ki, "təşkilatda praktiki olaraq bütün beynəlxalq proseslərlə əlaqəli olan planetar miqyaslı dəyişikliklərin baş verməsi konseptual ümumiləşdirmə və izah tələb edir.

Beləliklə, BMT müasir beynəlxalq situasiyaya çevik reaksiya kimi iki səviyyədə dəyişikliklərə gedir. Təşkilat, birincisi, mühüm sosial və siyasi meqatrendləri stimullaşdırır, motivasiya edir, onlara təkan verir, ikincisi, konkret proqramları ilə bu nəzəri yeniləşmələri tətbiq etməyə çalışır. Sonuncu aspektdə təşkilatın yeni layihələrindən birinin üzərində dayanmaq gərəkdir.

2017-ci il sentyabrın 25-də BMT-yə üzv dövlətlər 2030-cu ilə qədər dayanıqlı inkişaf konsepsiyasının 17 əsas məqsədini müəyyənləşdiriblər. Həmin məqsədlərə 15 il müddətində nail olunmalıdır. Onlardan birincisi yoxsulluğun ləğvidir. Bu məsələ hazırda dünya üzrə ən aktual sosial problem hesab edilir. İkinci sırada aclığın aradan qaldırılması dayanır. Aclıqdan dünyanın müxtəlif regionlarında milyonlarla insan əziyyət çəkir, onların sağlamlığına və sosial mühitə inteqrasiyasına neqativ təsir göstərir. Təsadüfi deyil ki, üçüncü sırada yaxşı sağlamlıq və rifah dayanır. Bu iki faktor birbaşa insanın həyat səviyyəsi ilə əlaqəlidir. Rifah olmayan cəmiyyətdə dayanıqlı inkişafdan söhbət gedə bilməz. Dördüncü məqsəd keyfiyyətli təhsildir. Bu məsələ müasir cəmiyyətlərin inkişafı üçün aparıcı rol oynayır. Eyni zamanda, keyfiyyətli təhsil olmadıqda, gənclərin müxtəlif radikal ideoloji qrupların təsiri altına düşmələri, cinayətkarlığa qurşanmaları üçün münbit şərait yaranır. Beşinci məqsəd gender bərabərliyinin təmin olunmasıdır ki, bu da cəmiyyətin sosial quruluşunun müasir tələblər səviyyəsində formalaşdırılması zərurətini ifadə edir. Qadınların diskriminasiyası aradan qaldırılmalıdır. Cinslərin hüquqları bərabər olmalıdır. Altıncı bənd təmiz su və sanitariyanı, yeddinci ucuz və təmiz enerjini ifadə edir.

Sonrakı məqsədlər layiqli iş və iqtisadi artımla bağlıdır, doqquzuncu industrializasiya, innovasiya və infrastrukturun inkişafını ehtiva edir. Sonrakılar qeyri-bərabərliyin azaldılması, dayanıqlı şəhərlər və yaşayış məntəqələri, məsuliyyətli istehlak və istehsal, iqlim dəyişməsi ilə mübarizə, dəniz ekologiyasının qorunub saxlanması, quru ekologiyasının qorunub saxlanması, sülh, ədalət mühakiməsi və səmərəli institutlar, nəhayət, dayanıqlı inkişaf naminə tərəfdaşlıqdan ibarətdir.

Göründüyü kimi, bütün məqsədlər sosial, mədəni, hüquqi, ekoloji və iqtisadi xarakterlidir. Belə çıxır ki, BMT bu strateji layihəsi ilə insan amilinə daha çox diqqət yetirməyə başlayır. Başqa sözlə, BMT intersosial mühitdə fəaliyyətə hazırlaşır. Onun qarşısında duran başlıca maneə müasir mühitin olduqca mürəkkəb struktura malik olmasıdır. Həmin aspektdə Reynhold Niburun bir fikrini vurğulamaq yerinə düşərdi. O qeyd edir ki, beynəlxalq münasibətlər də daxil olmaqla, sosial mühit "rasional" eksperimentlərə uyğun gəlmir, çünki o, "çox mürəkkəbdir". Bu məqam yuxarıda sadalanan məqsədlər çərçivəsində də aydın görünür. Vəziyyəti mürəkkəbləşdirən başqa amil isə təhlükəsizliyin təminindən ibarətdir. Həmin kontekstdə ziddiyyətləri kəskinləşdirən amillər dünya nizamının dinamikasının özəlliyi ilə stimullaşdırılır. Burada dünya nizamı sistemi üçün qeyri-müəyyənlik və dayanıqsızlıq kimi iki amilin təsiri nəticəsində üçüncünün – risk amilinin artmasını vurğulamaq lazım gəlir. Çünki bu halda dünyanın supergücləri arasında təhlükəsizlik məsələsində anlaşılmazlıqlar artır.

Nəticə

Belə çıxır ki, yaranmış vəziyyətdə BMT-nin səmərəli fəaliyyəti üçün təhlükəsizliyi təmin edən və intersosiallığı nəzərə alan mexanizmlər işlənməlidir. Bu isə yalnız BMT-də uyğun struktur və funksional islahatların aparılması halında mümkündür. Əslində, bu, bir zərurət kimi qəbul edilməlidir. Elmi araşdırmalar göstərir ki, yeni dünya nizamının formalaşmasında beynəlxalq təşkilatlar ciddi rol oynamalıdırlar. Ölkələr arasında qarşılıqlı təsirlər o dərəcədə intensivləşib ki, böyük güclərin qüvvələr nisbəti ilə qlobal geosiyasi düzən arasında sıx əlaqə yaranıb.

Deməli, bütün bu geosiyasi "rəngarəngliyi" bir tonda birləşdirən, idarə edən, tənzimləyən, vahid orqanizmdə sintezləşdirən beynəlxalq qurum, yəni BMT, mövcud olmalıdır. Bu təşkilat sürətlə dəyişən dünyanın mövcudluğunu və bütövlüyünü saxlamaqda prinsipial müsbət rol oynaya bilər. Onun inkişaf yolu isə islahatlardan keçir. Yuxarıda vurğuladığımız məqamların işığında sonuncu tezis inandırıcı təsir bağışlayır.

Leyla Məmmədəliyeva,

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı

 
  • Oxunub:  3960  |  
  • Tarix:  21-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA