Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyev: Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz

Prezident İlham Əliyev: Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz

16.07.2018 [23:04]

Cinayətkarlar, terrorçu qruplar və onları himayə edən dairələr öz məqsədlərinə çata bilməyəcəklər
Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin və beynəlxalq münasibətlər sisteminin durumunu xarakterizə edərkən ən çox maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə də ayrı-ayrı regionlarda konfliktlərin, müharibələrin mövcud olması, inkişaf etmiş iqtisadiyyata və siyasi sistemə malik olan ölkələrdə isə sabitliyin öz yerini xaosa verməsi qlobal kataklizmlərin mövcudluğundan xəbər verir. Dünya siyasətinin gələcəyinə təsir edən iqtisadi böhran isə siyasi kataklizmlərin dərinləşməsini şərtləndirir ki, bu da nəticə etibarilə, həm inteqrasiya və əməkdaşlığı zəiflədir, həm də siyasi münasibətlərdə müəyyən qədər etimadsızlıq mühitinin, ziddiyyətlərin artmasına səbəb olur. Dolayısıyla, siyasi və iqtisadi böhran müasir dünyanın əsas problemi kimi çıxış edir. Belə olan şəraitdə milli dövlətlərin siyasi sabitliyi və iqtisadi inkişafı təmin etmələri daha çox strateji əhəmiyyət kəsb edir.
Hüquqi və sosial dövlət olan Azərbaycan dünya miqyasında sabitlik və təhlükəsizlik mühiti ilə seçilən ölkələrdən biridir
Qlobal miqyasda hökm sürən belə bir mürəkkəb şəraitdə Azərbaycan isə ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Şübhəsiz ki, bunun əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütün bunların nəticəsi kimi, Azərbaycan həm də sabitlik adası kimi xarakterizə olunur.
Ümumiyyətlə, milli dövlətlərin gücünü müəyyənləşdirən başlıca keyfiyyət ünsürlərindən biri həyata keçirilən idarəetmə strategiyasının, başqa sözlə, strateji kursun səmərəlilik səviyyəsidir. Bu kontekstdə hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın davamlı xarakter daşıdığı Azərbaycanın tərəqqisi real strateji və konseptual əsaslara söykənir. Ölkəmizdə mütəmadi surətdə həyata keçirilən islahatlar yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Buna paralel olaraq təhlükəsizlik mühitinin təmin və mühafizə olunması istiqamətində ardıcıl tədbirlər ictimai-siyasi sabitliyin davamlılığını təmin edir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri də etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Rasional daxili və xarici siyasət kursu sayəsində siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır.
Yeri gəlmişkən, iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda da bu məsələlər diqqət mərkəzində olub. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir: “Dünya miqyasında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb yaradır, qurur. Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən müasir dövlətdir. Gündən-günə bizim gücümüz artır, gündən-günə bizim potensialımız güclənir - həm siyasi sahədə, diplomatik sahədə, iqtisadi sahədə, hərbi quruculuq sahəsində, döyüş meydanlarında, idman meydançalarında, sosial sahədə”.
Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkənin olmadığını bildirən Prezident İlham Əliyev əlavə edib ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər: “Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi”.
Terror aktları Azərbaycan cəmiyyətində gərginlik və qorxu yaratmaq məqsədilə törədilib
O da reallıqdır ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan özünəməxsus inkişaf modelinə malikdir. Bütün sahələrdə əldə edilən nailiyyətlər ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açıb. Bununla yanaşı, həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib və Azərbaycan etibarlı strateji tərəfdaş kimi tanınır. Dünya siyasətinin güc mərkəzləri, eləcə də ayrı-ayrı regional aktorlar Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir və qarşılıqlı faydalı əlaqələrin inkişafının zəruriliyini bildirirlər. Şübhəsiz ki, bütün bu nailiyyətlər bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Bu səbəbdən həmin çevrələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, Azərbaycanda sabitliyin pozulmasına - xaosun yaranmasına nail olmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Məhz bu günlərdə - iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər - terror aktları da Azərbaycanın səmərəli və məqsədyönlü siyasətindən narahatlıq keçirən anti-Azərbaycan dairələr tərəfindən təşkil və icra edilib. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bildirib ki, bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir: “Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir. Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir”.
Ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunduğunu, İslam Həmrəyliyi Oyunlarının keçirildiyini deyən dövlətimizin başçısı əlavə edib ki, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir: “Bir neçə il əvvəl Bakı şəhəri bu şərəfli ada layiq görülmüşdür. Müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə görülən işlərə ən yüksək qiymət verir. Azərbaycan dövlətinin xətti və dəstəyi ilə dövlət vəsaiti hesabına bizim tarixi-dini abidələrimiz tam bərpa olunub, yenidən qurulub, yeni məscidlər tikilib. Yəni, bir daha demək istəyirəm ki, bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənalı olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi”.
Bütövlükdə, Gəncə hadisələri fonunda aşkar olunan reallıqlar baş vermiş terror aktının hədəfinin bilavasitə Azərbaycan xalqı və dövləti olduğunu nümayiş etdirir. Başqa sözlə, əvvəlcə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış xarakterli videomüraciətin hazırlanması, daha sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı cinayət aktının həyata keçirilməsi, bunun ardınca bəzi marginal şəxslərin - təxribatçıların vətəndaşları itaətsizliyə çağırması, nəhayət, xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin - yüksəkrütbəli polis əməkdaşlarının qətlə yetirilməsi bu prosesdə bilavasitə Azərbaycan dövlətinin hədəfə alındığını göstərir.
Azərbaycanda mövcud olan xalq-iqtidar birliyini heç bir qüvvə sarsıda bilməz
Heç şübhəsiz ki, Azərbaycanda sabitlik amili, xalq-iqtidar birliyi ölkəmizin milli güc komponenti kimi çıxış edir. Başqa sözlə, ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi Azərbaycanın milli gücünün artmasında ifadə olunur. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Yəni Azərbaycan güclü-qüdrətli dövlətdir, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik və etibarlı təhlükəsizlik sistemi mövcuddur. Bu səbəbdən radikal-ekstremist qrupların - terrorçu dəstələrin xaos yaratmaq niyyətləri iflasa uğrayacaq. Başqa sözlə, heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq istəyi baş tutmayacaq. Buna cəhd edənlər isə hüquq müstəvisində layiqli cəzalarını alacaqlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq”.
O da qeyd edilməlidir ki, bu zamana qədər Azərbaycana qarşı müxtəlif təxribatlar - terror aktları, çevriliş cəhdləri və s. törədilib, amma bunların nəticəsində anti-Azərbaycan dairələr ölkəmizdə sabitlik mühitinin pozulmasına - xaosun yaranmasına nail ola bilməyiblər. Azərbaycan öz inkişaf yolunda irəliləyərək beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə nail olub. Dövlətimizin başçısı bu məqamlara toxunaraq deyib: “Bizim müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilmişdir, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz”.
Prezident İlham Əliyev onu da əlavə edib ki, bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz: “Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”.
Ölkəmizə qarşı “qara piar” kampaniyasının nəticəsi olmayacaq
Bütün bu proseslərin fonunda digər mühüm məqamlardan biri xaricdən idarə olunan bir sıra internet resurslarında - saytlarda, müxtəlif “facebook” səhifələrində Azərbaycana qarşı “qara piar” kampaniyasının aparılması və dezinformasiyaların dövriyyəyə buraxılmasıdır. Həmin resurslar müxtəlif məsələlərlə bağlı manipulyasiyalar edərək cəmiyyətdə çaşqınlıq yaratmağa, eləcə də Azərbaycanın müsbət beynəlxalq imicinə, həyata keçirilən uğurlu daxili və xarici siyasət kursuna kölgə salmağa çalışırlar. Onlar bu cür hərəkətlərlə məhz anti-Azərbaycan dairələrin ideoloji ruporu funksiyasını canfəşanlıqla icra etmiş olurlar. Çünki bu resurslarda əksini tapan qərəzli məlumatlar məhz anti-Azərbaycan dairələrin məqsəd və maraqlarına cavab verir, ölkəmizin milli mənafelərinə qarşı fəaliyyət göstərən mərkəzlərin işinə yarayır.
Xüsusilə də, Gəncə hadisələri ilə əlaqədar həmin resursların təxribat xarakterli informasiyalar yayması, hüquqazidd əməlləri dəstəkləyərək qeyri-qanuni çağırışlara yer verməsi də bu qəbildən olan nümunələr sırasındadır. O da reallıqdır ki, bəhs olunan proseslər fonunda bu resurslara xaricdəki müəyyən dairələr, şəxslər və separatçı qüvvələr dəstək veriblər, yəni sözügedən saytlar həmin qüvvələrin sifarişlərini icra edərək “qara piar” xarakterli informasiyalarında radikal çağırışlara, təxribatlara yol veriblər. Məhz bütün bunlar Azərbaycanın ciddi və koordinasiya olunmuş təxribatla qarşı-qarşıya olduğunu göstərir. Prezident İlham Əliyev bu məsələlərə toxunaraq deyib: “Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır. Bunun da heç bir səmərəsi olmur. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır. Bunun da nə ölkə daxilində, nə də ki xaricdə heç bir təsiri olmadı. Bizim xarici əlaqələrimiz genişlənir. NATO-nun bu günlərdə keçirilmiş Zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi. Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir”.
Azərbaycan bundan sonra da tərəqqi yolunda əmin addımlarla irəliləyəcək!
Nəticə etibarilə, etibarlı təhlükəsizlik mühitinin hökm sürdüyü, xalq-iqtidar birliyinin mövcud olduğu Azərbaycanda sabitliyin pozulması və xaosun yaranmasında maraqlı olan qüvvələrin planları baş tutmayacaq. Sonuncu hadisələrin fonunda müəyyən təxribatçı qüvvələrin məkrli niyyətlərinin qarşısı müvafiq dövlət strukturları tərəfindən məharətlə alındı və əminliklə söyləmək olar ki, bundan sonra da istənilən təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınacaqdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Azərbaycan xalqı isə tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz bundan sonra da öz siyasətimizi aparacağıq, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.
Bütün hallarda, Cənubi Qafqaz geosiyasi məkanının güc mərkəzi - lider dövləti olan Azərbaycan öz inkişaf yolunda inamla irəliləyir və Azərbaycan xalqına, dövlətinə qarşı yönələn bu cür məkrli niyyətlər, qərəzli planlar və uğursuz cəhdlər heç bir nəticə verməyəcəkdir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 263 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31