Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 2018-ci il “Cənub Qaz Dəhlizi” layihəsinin tamamlanması üçün həlledici il olacaq

2018-ci il “Cənub Qaz Dəhlizi” layihəsinin tamamlanması üçün həlledici il olacaq

19.02.2018 [16:10]

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısı Qərbin “Cənub Qaz Dəhlizi” layihəsinə marağını və ona böyük əhəmiyyət verdiyini bir daha təsdiqlədi
Ötən həftə, fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirildi. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviçin, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionun, Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsonun, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirlərinin və beynəlxalq maliyyə qurumlarının təmsilçilərinin iştirak etdiyi toplantıda ötən ilki yığıncaqdan keçən dövr ərzində layihə üzrə görülən işlər ətraflı müzakirə edildi. Bundan başqa, Cənub Qaz Dəhlizinin seqmentləri təşkil edən “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələrinin icra vəziyyəti və əldə olunan nailiyyətlər nəzərdən keçirildi. Bu toplantı Qərbin “Cənub Qaz Dəhlizi” layihəsinə marağını və ona böyük əhəmiyyət verdiyini bir daha təsdiqlədi.

AZƏRTAC Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının diqqətçəkən məqamlarını təqdim edir.

Cənub Qaz Dəhlizi barədə qısa arayış. Təxminən 40 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulan, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan “Cənub Qaz Dəhlizi” layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə əvvəlcə Türkiyəyə, sonra isə Avropaya çatdıracaq. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya nəql edilməsi planlaşdırılır. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Boru kəmərləri sisteminin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet enerji layihələrindəndir. Layihə Türkiyə ilə Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır və onun reallaşdırılması prosesi həlledici mərhələyə daxil olub.

Bu vaxtadək layihəyə təqribən 30 milyard dollar sərmayə yatırılıb

İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə ümumilikdə 29,7 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Azərbaycan “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) timsalında dəhlizin dəyər zəncirinə daxil olan 4 layihədə iştirak payının maliyyələşdirilməsinə 8,7 milyard dollar həcmində investisiya yatırıb. Təkcə 2017-ci ildə layihəyə 2,3 milyard dollar xərclənib.

2018-ci ildə isə Azərbaycanın Cənub Qaz Dəhlizinə təqribən 1,3 milyard dollar vəsait ayırması proqnozlaşdırılır. Bundan “Şahdəniz” layihəsinə (mövcud “Şahdəniz-1” layihəsi daxil olmaqla) 232 milyon dollar, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 144 milyon dollar, TANAP-a 728 milyon dollar və TAP layihəsinə isə 182 milyon dollar xərclənməsi nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin tərkibindəki layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətindəki iştirak paylarının maliyyələşdirilməsinə 2014-2020-ci illərdə 11,5 milyard dollar vəsait qoyulacaq. Azərbaycan bu vaxtadək layihə üzrə maliyyə öhdəliyinin 76 faizdən çoxunu icra edib.

Bu vaxtadək “Cənub Qaz Dəhlizi” QSC Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan layihələrdə iştirak payının maliyyələşdirilməsi üçün aşağıdakı mənbələrdən vəsaitlər cəlb edib: “Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılmış və Dövlət Neft Fondu tərəfindən alınmış 2,5 milyard dollar məbləğində istiqrazlar; İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən təmin edilmiş 2,4 milyard dollarlıq nizamnamə kapitalı; 2016-2017-ci illərdə buraxılmış nominal dəyəri 2 milyard dollar olan avrobondların emissiyası hesabına; Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından birbaşa müvafiq olaraq 0,4 milyard və 0,6 milyard dollar məbləğlərində cəlb olunmuş borclar; Avropa Yenidənqurma və İnkişaf Bankından və Asiya İnkişaf Bankından hər biri 500 milyon dollar olmaqla kredit; Asiya İnkişaf Bankından 524,5 milyon dollarlıq sindikatlaşdırılmış kredit üzrə zəmanətə əsasən cəlb olunmuş borc vasitəsilə.

Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) Direktorlar Şurası 2016-cı ilin dekabr ayında TANAP layihəsinə ayrılan investisiyalar üzrə 750 milyon dollar məbləğində kreditə “Cənub Qaz Dəhlizi” QSC-yə zəmanətin verilməsini təsdiqləyib.

Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb”, – bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında səsləndirdi.

Cənub Qaz Dəhlizini enerji təhlükəsizliyi layihəsi adlandıran dövlətimizin başçısı dedi: “Biz milli təhlükəsizlikdən danışarkən əlbəttə ki, hazırda enerji təhlükəsizliyi ən vacib elementlərdən biridir. Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir, bizdə bu, marşrutların və mənbələrin şaxələndirilməsidir. Bu, əsl şaxələndirmədir. Çünki təkcə marşrutların şaxələndirilməsi bizimkindən bir qədər fərqlidir. Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu göstərir. Əməkdaşlıq yalnız o zaman mümkündür ki, bütün tərəflər ondan faydalansın. Bu səbəbdən, başlanğıcda bizim əsas məqsədimiz istehsalçılar, tranzit ölkə və istehlakçılar arasında yaxşı balansın tapılmasıdır. Yalnız bu halda biz uğur qazana bilərik və layihənin uğurlu icrası bizim doğru yolda olduğumuzu göstərir”.

Azərbaycanın hazırda beynəlxalq tərəfdaşları ilə fəal şəkildə Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işlədiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, Cənub Qaz Dəhlizi marşrut boyunca yerləşən və Cənub Qaz Dəhlizinin üzvü olan ölkələrin bir çox hissələrinin qazlaşdırılmasına gətirib çıxaracaq. Bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol açır. Çünki bu gün Cənub Qaz Dəhlizinin üzvü olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır.

Maroş Şefçoviç: Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç dedi ki, bu layihəni ilk dəfə müzakirə etdikdən sonra Cənub Qaz Dəhlizinin əhəmiyyəti artdı. Layihənin istər Mərkəzi, istər Şərqi Avropada, istərsə də Qərbi Balkan ölkələri üçün necə cəlbedici olduğunu gördük. Buna görə, layihənin ötən ilin noyabr ayında qəbul olunan Şərq Tərəfdaşlığı Sammitinin Bəyannaməsində strateji əhəmiyyət daşıyan layihə kimi dəyərləndirildi. Avropa İttifaqı bu boru kəmərinin bütün əsas komponentlərinin ümumi maraq dairəsi statusuna malik olan layihə çərçivəsində işlənilməsini və Avropa qurğularının birləşməsindən faydalanmasını təmin etməklə bu layihənin strateji əhəmiyyətini vurğulayır.

“Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti çox vacibdir və bu, gələcəkdə daha da artacaq. Çünki hazırda Avropa İttifaqı istehlak etdiyi enerjinin yarıdan çoxunu idxal edir. Lakin biz əlbəttə ki, şaxələndirmək istəyirik və biz həqiqi şaxələnməyə - yəni, yeni mənbələrə, yeni tərəfdaşlara, yeni marşrutlara və Avropadakı enerji sistemlərinə daxil olacaq yeni təchizata üstünlük veririk. Avropa İttifaqının hər bir üzvünün və ya tərəfdaşının ən azından 3 fərqli təbii qaz mənbəyinə çıxışında maraqlıyıq”, - deyə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti bildirdi.

Avropanın Xəzər regionundan, Azərbaycandan gələn təchizata çox güvəndiyini deyən Maroş Şefçoviç vurğuladı ki, Şərqi Aralıq dənizi regionunda da bəzi müsbət irəliləyişlər müşahidə edilir. Buna görə də Cənub Qaz Dəhlizi çox mühüm rol oynayacaq. Çünki bu, yeni ərazidən, strateji əhəmiyyət daşıyan enerji regionundan qazı nəql edəcək ilk yeni boru kəməridir: “Məhz buna görə, biz bu ili çox səbirsizliklə gözləyirik. Hesab edirəm ki, bu il layihənin tamamlanması üçün çox həlledici olacaq. Çünki bu ilin sonuna kimi biz ilk qazın Azərbaycandan Türkiyəyə nəql olunacağını gözləyirik. Ümid edirik ki, bu, bizim yekun məqsədimizə zəmin yaradacaq. Məqsəd isə Xəzər hövzəsindən gələn qazın 2020-ci ilə qədər Avropaya çatdırılmasıdır”.

ABŞ hökuməti də “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyir

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio “Cənub Qaz Dəhlizi” layihəsinin enerji təhlükəsizliyi baxımından əhəmiyyətini qeyd edərək bildirdi ki, ABŞ Prezidenti, Dövlət katibi, ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək verir, bu layihənin başa çatdırılması çox önəmlidir.

“ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsini hər zaman qəti şəkildə dəstəkləyib. Bu layihə böyük nailiyyətdir, ABŞ bundan sonra da dəhliz boyunca bütün tərəfdaşlarla, o cümlədən Azərbaycanla işləyəcək və Avropa Komissiyası ilə bu istiqamətdə işbirliyini davam etdirəcək”, - deyə Syu Saarnio bildirdi.

Əlavə etdi ki, Avropanın enerji təhlükəsizliyi ABŞ üçün vacibdir. Çünki bu, güclü Avropa, ABŞ-ın güclü tərəfdaşı deməkdir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün əhəmiyyətli layihədir.

Baronessa Emma Nikolson: Azərbaycanın Avropa qaz bazarında etibarlı təchizatçıdır

Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolson Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsi olduğunu qeyd edərək dedi ki, bu layihə Avropanın enerji təhlükəsizliyi və mənbələri şaxələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

O, gələcəkdə interkonnektorların tikilməsi ilə Azərbaycan qazının təkcə “Cənub Qaz Dəhlizi” layihəsində iştirak edən ölkələrə deyil, eyni zamanda, digər ölkələrə də çatdırılmasına imkan yaradacağını bildirdi.

Emma Nikolson Azərbaycanın Avropa qaz bazarında etibarlı təchizatçı olduğunu, Birləşmiş Krallıqla Azərbaycan arasında, həmçinin BP ilə SOCAR arasında enerji əməkdaşlığından qürur duyduqlarını vurğulayaraq dedi: “Digər Britaniya şirkətlərinin də Azərbaycanda işləməsində maraqlıyıq. Çünki Azərbaycanda BP və tərəfdaşları üçün əlverişli imkanlar yaradılıb”.

BP-nin regional prezidenti: “Şahdəniz-2” və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərində işlərin 99 faizi yekunlaşıb

Cənub Qaz Dəhlizini BP-nin ən nəhəng layihələrindən biri olduğunu deyən şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz qeyd etdi ki, Xəzər qazını Avropaya çatdıracaq bu layihə sayəsində ölkələr arasında birgə əməkdaşlıq qurulub: “BP SOCAR-la birgə Xəzərdən Avropanın mərkəzinə uzanan bu meqalayihəyə sərmayə qoymaqdan qürur duyur. BP Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan 4 layihədən 2-sinin - “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Denişləndirilməsi layihələrinin operatorudur və bu layihələr üzrə işlər cədvələ uyğun gedir”.

Qeyd edək ki, “Şahdəniz-2” üzrə İstiqlal qazma qurğusu və “Maersk Explorer” hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb, yatağın şimal cinahında 4 quyu, qərb cinahında isə 3 quyu tamamlayıb. Layihə çərçivəsində yataqda ümumilikdə 26 quyu qazılacaq. “Şahdəniz-2” üçün tikilən iki platformanın dayaq blokları və üst tikililəri artıq dənizdə quraşdırılıb. “Şahdəniz-2” platformalarının hər ikisinin üst modullarının tikintisi başa çatdırılıb. Bu qurğular dənizdə quraşdırılıb, hazırda istismar sınaqları aparılır.

Səngəçal terminalında “Şahdəniz-2” üçün genişləndirmə işləri də başa çatıb. Bu il “Şahdəniz-2”dən başlanacaq hasilat üzrə əlavə qaz həcmlərini qəbul və emal etmək üçün hazırda yeni qurğuların istismar sınaqları davam edir. Xankəndi gəmisi hasilatı dəstəkləyən sualtı texnoloji təchizat kabellərinin quraşdırılmasını tamamlayıb. Səngəçal terminalına aparan sualtı xəttlər, quyular, sualtı infrastruktur, “Şahdəniz-2” platforması və terminal ilk dəfə olaraq bir-biri ilə bağlanıb.

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edir. Azərbaycanda və Gürcüstanda əsas kəmər xəttinin inşası tamamlanıb. Hazırda Azərbaycanda birləşdirmə və hidro-sınaqlar aparılır.

Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən nəzarət-ölçü stansiyasına (81-ci sahə), kəmərin Gürcüstan hissəsinə və birinci kompressor stansiyasına təhlükəsiz şəkildə karbohidrogen daxil edilib. Nəzarət-ölçü stansiyası hazırda tam istismar vəziyyətindədir və Cənub Qaz Dəhlizi üzrə “istismara hazır” olduğu elan edilən ilk obyektdir.

TANAP boru kəməri bu il istifadəyə veriləcək

TANAP-ın baş direktoru Saltuk layihə üzrə işlərin qrafiki qabaqladığını dedi: “TANAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissələrindən biridir. Boru kəmərinin 1340 kilometrlik hissəsi artıq tamamlanıb və qaz Əskişəhərə çatdırılıb. Bu hissədə fiber-optik kabel də çəkilib. Bu ilin iyulunda kommersiya məqsədilə ilk qazın Türkiyəyə verilməsi nəzərdə tutulur. Layihənin ilk fazası üzrə işlər 99 faizi icra edilib, ikinci fazada isə 80 faiz irəliləyişə nail olunub. Boru kəmərinin dəniz hissəsində də işlər tamamlanıb, borular suyun altına döşənib”.

Boru kəmərinin ölçmə stansiyalarının inşası tamamlandığını deyən Saltuk Düzyol qeyd etdi ki, sistemə təbii qazın alınmasına başlanılıb. Bu boru kəmərinin ötürücülük gücü gələcəkdə daha da artırılacaq.

Xatırladaq ki, TANAP layihəsi iki fazada həyata keçirilir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın layihə dəyəri hazırda 7,99 milyard dollardır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda Dardanel boğazından keçən sualtı hissədən ibarətdir. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq. TANAP Türkiyənin təbii qaza olan tələbatının 12 faizini ödəyəcək.

TAP boru kəmərinin üçdə ikisi hazırdır

Azərbaycan hökumətinin və tərəfdaşların TAP layihəsinin reallaşmasına göstərdikləri qətiyyətli dəstəyi xüsusi qeyd edən TAP-ın icraçı direktoru Luca Schieppati isə bildirdi ki, Cənub Qaz Dəhlizinin strateji əhəmiyyət daşıyır.

“TAP layihəsi üzrə işlərin artıq üçdə ikisinin tamamlanıb, boruların hamısı tikinti sahələrinə çatdırılıb və 82 faizi qaynaqlanıb. TAP layihəsi cədvələ uyğun icra edilir və təhlükəsizlik bu layihənin əsas prioritetidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, TAP layihəsi üzrə işlərin təxminən 67 faizi yekunlaşıb. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 92 faizində ərazi təmizlənib və qiymətləndirilib, 615 kilometr boru qaynaq olunub, torpaq örtüyünün 51 faizi əvvəlki vəziyyətinə gətirilib və boruların 67 faizi xəndəyə endirilib.

Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirən İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. TAP-ın keçdiyi 3 ölkədə 23 milyon nəfər-saat iş görülüb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı qəbul etməyə hazır olacaq.

TAP-ın kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək. Ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq TAP Bolqarıstanın qaza olan tələbatının 40 faizini, Yunanıstanın tələbatının üçdə birini, İtaliyanın idxalının isə 12 faizini təmin edə biləcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

Paylaş:
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31