Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni generasiya güclərinin yaradılması Azərbaycanın iqtisadi potensialını daha da artırır

Yeni generasiya güclərinin yaradılması Azərbaycanın iqtisadi potensialını daha da artırır

10.06.2021 [09:33]

Prezident İlham Əliyev: Bu gün tam əminliklə deyə bilərəm ki, ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir
Son 18 ilə yaxın müddət ərzində bütün ölkə üzrə həyata keçirilən yüksəksəviyyəli infrastruktur quruculuğu Azərbaycanın müasir mənzərəsini səciyyələndirir. Respublikamızın qısa müstəqillik tarixində infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlməsi böyük uğurdur. O cümlədən yeni generasiya güclərinin yaradılması Azərbaycanda müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Paytaxt Bakıda və regionlarda yaradılan yeni generasiya gücləri ölkəmizin iqtisadi potensialının artmasında və əhalinin həyat şəraitinin yaxşılaşmasında mühüm rol oynayır. Bir neçə gün bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha bir infrastruktur obyektinin - Bakının Binəqədi rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/6 kilovoltluq “Binəqədi” yarımstansiyasının açılışında iştirak edib. Bəhs olunan yarımstansiya paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasında mühüm rol oynayır. Dövlət başçımızın iştirakı ilə yeni yarımstansiyanın istifadəyə verilməsi ölkəmizin enerji təchizatının gücləndirilməsinə göstərilən diqqətin daha bir ifadəsidir.
Ölkəmizin enerji təchizatının möhkəmləndirilməsində müasir texnologiyalardan geniş istifadə olunur
Son 18 ilə yaxın müddət ərzində ölkəmizdə elektrik enerjisi təchizatının möhkəmləndirilməsi istiqamətində görülən işlər kompleks səciyyə daşımaqla müxtəlif istiqamətləri əhatə edib. Bəhs olunan dövrdə ölkə ərazisində böyük həcmlərdə dövlət investisiya qoyuluşu hesabına 30-dan çox elektrik stansiyası tikilib. Bunların sırasında 525 meqavat gücündə “Sumqayıt”, təxminən 800 meqavat gücündə “Cənub” , 400 meqavata yaxın gücü olan “Şimal-2”, generasiya gücü 300 meqavat olan “Səngəçal” elektrik stansiyaları xüsusi yer tutur. Eyni zamanda, respublikamızın müxtəlif bölgələrində modul tipli beş stansiya tikilib ki, onların da hər birinin generasiya gücü təxminən 90 meqavatdır. Əgər sözügedən stansiyalar tikilməsəydi, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edə bilməyəcəkdi. Vurğulamaq yerinə düşər ki, son 18 ilə yaxın müddət ərzində reallaşdırılan ardıcıl tədbirlər sayəsində Azərbaycan özünün enerji müstəqilliyini tam təmin edib. Hazırda Azərbaycanın enerji sisteminin ümumi generasiya gücü təqribən 7000 meqavat təşkil edir ki, onun da yarısı son bəhs olunan müddət ərzində yaradılıb. Bu gün ölkəmizin iqtisadiyyatın və əhalinin elektrik enerjisinə artan tələbatını sırf yerli istehsal hesabına qarşılaması və müəyyən həcmlərdə elektrik enerjisini ixrac etməsi böyük nailiyyətdir. Məlumat üçün bildirək ki, respublikamız 2021-ci ilin yanvar-aprel ayları ərzində 23,2 milyon ABŞ dollar həcmində elektrik enerjisi ixrac edib. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrində ölkəmizin elektrik enerjisi ixracatçısına çevrildiyini böyük qürur hissi ilə nəzərə çatdıraraq vurğulayıb: “İndi elektrik enerjisi ixracatçısı olduğumuzu nəzərə alaraq, bizim ehtiyacımız olandan bəlkə də təxminən 1000 meqavat artıq hasilat imkanımız var. Bizim Rusiya, İran, Gürcüstan, Türkiyə ilə xətlərimiz var, biz hər tərəfə ixrac edirik. Elektrik enerjisi ixracı artıq on milyonlarla dollar gəlir gətirir, lakin yüz milyonlarla gəlir gətirəcək. Bu, həqiqətən də reallıq olacaq”.
Ölkə üzrə elektrik enerjisi təminatının gücləndirilməsi istiqamətində reallaşdırılan layihələrin böyük bir qismi yarımstansiyaların yenidən qurulmasını əhatə edir. Təkcə cari ilin əvvəlindən bəri ayrı-ayrı yarımstansiyalar əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Prezident İlham Əliyev aprel ayında Bakıda yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan”, 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyalarının istifadəyə verilməsi mərasimlərinə qatılıb.
Cari ilin əvvəlindən bəri ölkənin elektrik enerjisi sistemində mühüm əhəmiyyət daşıyan yarımstansiyaların yenidən qurulması bölgələrdə də davam etdirilib. Yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyaları da bu sırada yer alır. Dövlətimizin başçısının qatıldığı açılış mərasimində məlumat verilib ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.
Regionlarda yenidən qurulan yarımstansiyalardan biri də Hacıqabulda yerləşən 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyasıdır. Bu stansiya cari il aprelin 20-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Prezidenti İlham Əliyev 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıqdan sonra energetiklərlə keçirdiyi görüşdəki çıxışında bildirib ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. “Bu gün tam əminliklə deyə bilərəm ki, ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Əlamətdar haldır ki, ölkəmizdə elektrik enerjisi infrastrukturu ən müasir standartlar səviyyəsində qurulur. Stansiyalar tikilərkən və yarımstansiyalar əsaslı şəkildə yenidən qurularkən xarici şirkətlərin innovativ texnologiyalarından istifadə olunur. Belə ki, stansiyalar yeni avadanlıqla komplektləşdirilir, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri ilə təchiz olunur. Bütün stansiyalar ölkə üzrə vahid SCADA sisteminə qoşularaq məsafədən idarə olunur. Ölkənin elektrik enerjisi infrastrukturunun qurulmasında müasir tətbiqlərin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Müasir texnologiyaların tətbiqi nəticəsində Azərbaycanda həm generasiya gücləri yaranır, eyni zamanda, itkilər də azalmaqdadır”, - deyə bildirib.
İşğaldan azad olunmuş ərazilərdə yeni stansiyaların yaradılması ilə ölkəmizin elektrik enerjisi istehsalı imkanları daha da artacaq
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan şanlı Qələbə qazanaraq üç onillik ərzində düşmənin işğalı altında qalan torpaqlarını azad etdi. Bəhs olunan ərazilərin iqtisadi potensialı, o cümlədən də bərpaolunan enerji resursları kifayət qədər böyükdür. Azərbaycan həmin resurslardan maksimum səmərə ilə istifadə etmək və işğaldan azad olunmuş ərazilərdə 10-dan çox su elektrik stansiyası yaratmaq niyyətindədir. Beləliklə, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdəki bərpaolunan enerji mənbələri hesabına ölkəmizin elektrik enerjisi istehsalı imkanları daha da artacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev işğaldan azad edilən əraziləri “yaşıl enerji” zonası elan edib.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə vaxtilə bir sıra su elektrik stansiyaları fəaliyyət göstərib. Mənfur düşmən torpaqlarımızı işğal altında saxladığı üç onillik ərzində bu stansiyalardan istifadə edib. Ancaq işğalçı Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində, demək olar ki, bütün bu su elektrik stansiyalarını dağıdıb, avadanlığı buradan çıxarıb, stansiyaların binalarına da ciddi ziyan vurub. Məsələn, təkcə Laçın rayonunun ərazisində 5 su elektrik stansiyası sıradan çıxarılıb. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyasının yenidən qurulmasına ehtiyac var. Azərbaycan işğaldan azad edilən ərazilərə Böyük Qayıdış planına uyğun olaraq, düşmən tərəfindən dağıdılmış stansiyaları yenidən qurmaq niyyətindədir. Artıq bu istiqamətdə ilk addımlar atılıb. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə son səfərləri çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Bizim hamımız üçün əziz olan Şuşada isə 110/35/10 kilovoltluq yarımstansiya istifadəyə verilib. Azərbaycan, həmçinin “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlib və layihənin icrası yaxın vaxtlarda təmin ediləcək. Prezident İlham Əliyev yuxarıda bəhs olunan müzakirələrdə işğaldan azad edilən ərazilərdəki bərpa olunan enerji mənbələrindən səmərəli istifadə edilməsi ilə bağlı ölkəmizin perspektiv planları barədə ətraflı bəhs edib. “Mənim Qarabağ və “yaşıl zona” barədə dediklərim bəyanat deyil, plandır və bu plan artıq icra mərhələsindədir. İşğaldan azad edilmiş ərazilərdə - Laçın rayonunda ilk su elektrik stansiyasının açılışı bir neçə ay bundan əvvəl oldu. Ərazilər işğaldan azad olunandan 3-4 ay sonra Mən artıq orada idim, düyməni basdım və biz başladıq. Biz Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyası yaratmağı planlaşdırırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mühüm məqamlardan biri də odur ki, işğaldan azad olunan torpaqlarda qurulacaq enerji obyektləri də SCADA sistemi vasitəsilə məsafədən idarə olunacaq. Qeyd edək ki, artıq respublikamızda SCADA layihəsinin birinci mərhələsi başa çatıb və sistem sınaqdan keçirilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 474 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30