Prezident İlham Əliyev: Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır
Son illərdə Azərbaycanda müasir infrastruktur quruculuğu siyasəti çərçivəsində meliorasiya və su layihələrinin icrasının prioritetliyi təmin edilir ki, bu da təsadüfi deyildir. Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Yeri gəlmişkən, Prezident İlham Əliyev aprelin 5-də Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən meliorativ tədbirlərin önəminə xüsusi diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı “Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq”, - deyə vurğulayıb.
Ölkə üzrə yeni su layihələrinin reallaşdırılması aqrar sektorda məhsuldarlığın artmasına müsbət təsir göstərir
Son illərdə respublikamızda mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi və təsərrüfat subyektlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə görülən tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Buraya həm hüquqi bazanın möhkəmləndirilməsini özündə ehtiva edən qərarlar, həm də praktiki müstəvidə görülən işlər, böyük investisiya qoyuluşu hesabına reallaşdırılan layihələr daxildir. Ölkəmizin su təhlükəsizliyinin təmin olunmasına böyük önəm verən Prezident İlham Əliyev 27 iyul 2020-ci il tarixində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Eyni zamanda, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiqlənib.
Respublikamızda icra olunan su layihələrinin statistikası da kifayət qədər zəngindir. Prezident İlham Əliyev bəhs olunan qəbulda son 17 ildə ölkəmizdə reallaşdırılan bir neçə su layihəsi, o cümlədən yeni yaradılan su anbarları barədə məlumat verib. Respublikamızda Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə kimi su anbarlarının yaradılması ölkəmizin su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması baxımından strateji önəm daşıyır. Bütövlükdə, yüksək səviyyədə qurulan müasir infrastruktur respublikamızda məhdud su ehtiyatlarından daha səmərəli istifadə olunması imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyev respublikamızda Onun təşəbbüsü ilə yaradılan su anbarlarının önəmindən bəhs edərək vurğulayıb: “Taxtakörpü su anbarından sonra Şəmkirçay su anbarı inşa edilmişdir. Beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir. Artıq bu, özünü kənd təsərrüfatı istehsalının, məhsuldarlığın artmasında göstərir”.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, son illərdə respublikamızda kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edir. Əlbəttə bu, ilk növbədə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan innovativ xarakterli islahatların nəticəsidir. Aqrar sektorda qazanılan uğurlar, həmçinin su təminatının səmərəliliyi, yeni suvarılan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bilavasitə bağlıdır. Bunu nəzərə çatdıran dövlətimizin başçısı “Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Vaxtilə, ümumiyyətlə, su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi”, - deyə bildirib.
Bu gün ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrində, o cümlədən taxılçılıqda, pambıqçılıqda aparılan məqsədyönlü siyasətin uğurlu nəticələrini görmək mümkündür. Məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, aqrar sektorda məhsuldarlığın gələcəkdə də artırılması prioritet hədəflərdən biri kimi qarşıya qoyulub. Hazırda ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməli addımlar atılır. Respublikamızın imkanları, əlverişli iqlim xüsusiyyətləri bizə imkan verir ki, bir çox məhsullara daxili tələbat sırf yerli istehsal hesabına qarşılansın. Təbii ki, suvarma lazımi səviyyədə aparılmasa, qarşıya qoyulan məqsədlərə çatmaq da mümkün deyil. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Məhsuldarlığın artırılması, əlbəttə ki, bu işlərə daha böyük təkan verəcək. Biz nəzərə almalıyıq ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, tələbat artır, əhali artır. Sovet İttifaqı dağılanda Azərbaycan əhalisi 7 milyon idisə, bu gün 10 milyondan çoxdur. Deməli, istehlak artır. Daxili istehlakı təmin etmək və ixrac imkanlarımızı artırmaq üçün əlbəttə ki, qeyri-neft sektoru sahəsində kənd təsərrüfatının xüsusi yeri vardır. Təbii ki, suvarma aparılmadan, bu sahədə işlər düzgün istiqamətdə təşkil olunmadan biz hər hansı bir uğurdan söhbət apara bilmərik”.
Bəhs olunan qəbulda meliorasiya və su təsərrüfatı sahəsində qazanılan uğurlardan məmnunluğunu bildirən Prezident İlham Əliyev bu sahədəki çatışmazlıqları da nəzərə çatdırıb. Dövlət başçımız itkilərin minimuma endirilməsini, kanalların yenidən qurulmasını, dəqiq uçotun aparılmasını mühüm vəzifələr kimi qarşıya qoyub. Digər sahələrdə olduğu kimi, su təsərrüfatında da müasir menecmentlik tətbiq olunmalı, ölkəmizə yeni texnologiyalar gətirilməli, idarəetmədə müasir yanaşmalara üstünlük verilməlidir.
İşğaldan azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi önəmli məsələlərdən biridir
Yeri gəlmişkən, bəhs olunan qəbulda Prezident İlham Əliyev, həmçinin Vətən müharibəsində işğaldan azad edilən ərazilərin su resurslarından da istifadə edilməsinin zəruriliyinə diqqət çəkib. “Digər önəmli məsələ azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Məlum olduğu kimi, Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə respublikamızın böyük su ehtiyatları mövcuddur. Ancaq işğal altındakı ərazilərdə “yaşıl soyqırımı” həyata keçirən, meşələrimizi qıran, torpaqlarımızı amansızcasına istismar edən Ermənistan, həmçinin respublikamızın özünün su mənbələrinə çıxış imkanlarının qarşısını almışdı. İşğal altındakı ərazilərdə yerləşən Sərsəng və Suqovuşan su anbarları düşmənin nəzarətində idi. Xatırlatmaq yerinə düşər ki, bu iki su anbarını ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev tikdirmişdi. Sərsəng su anbarında 500 milyon kubmetrdən çox su toplanırdı. O vaxtlarda bu mənbədən Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda 100 min hektara yaxın torpağa su verilirdi. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə respublikamızın böyük çay resursları var. Bu ərazilərdə 10-dan çox çay formalaşır. Ölkəmiz işğalın davam etdiyi üç onillik ərzində bütün bu su mənbələrindən istifadə edə bilmirdi. Mənfur düşmən su ehtiyatlarımızı ölkəmizə qarşı terror vasitəsinə çevirmişdi. Belə ki, yayda suyun qarşısı kəsilir, qış aylarında isə bəndlər məqsədli şəkildə açılırdı və qonşu rayonlarımızın torpaqlarını su basırdı.
İşğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından söhbət açarkən Xudafərin və Qız Qalası su anbarlarının önəmini ayrıca qeyd edə bilərik. Prezident İlham Əliyevin vurğuladığı kimi, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. “Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır”, - deyə dövlətimizin başçısı bildirib.
Artıq tarixi ədalət bərpa olunub. Bəhs olunan qəbulda da bildirildiyi kimi, respublikamız ölkənin digər bölgələrində olduğu kimi, işğaldan azad olunan ərazilərin su resurslarından da səmərəli istifadə etmək niyyətindədir. Prezident İlham Əliyev su ehtiyatlarından səmərəli istifadə olunması üçün konkret proqramların və təkliflərin hazırlanmasının önəminə diqqət çəkib. “Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Onu da əlavə edək ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirmək perspektivləri kifayət qədər genişdir. Mütəxəssislər bildirirlər ki, bu ərazilərdə yeni suvarılan torpaqların dövriyyəyə cəlb olunması ölkə üzrə ÜDM istehsalının artmasına müsbət təsir göstərəcək.
Mübariz ABDULLAYEV
- Oxunub: 2490 |
- Tarix: 07-04-2021 |
-
Çap et |