Dövlətimizin başçısının imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam müvafiq kateqoriyadan olan insanlara yüksək diqqətin daha bir bariz nümunəsidir
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə birmənalı şəkildə bildirib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların mənafeyi dayanır. Dövlət başçımızın müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızın iqtisadi-maliyyə imkanları genişləndikcə vətəndaşların rifah halının yüksəldilməsinə yönəldilən adekvat tədbirlərin də əhatə dairəsi genişləndirilir və bu məqsədlə yeni təşəbbüslər irəli sürülür. Bütövlükdə, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Respublikamız Birləşmiş Millətlər Təşkilatı tərəfindən bəyan edilən Minilliyin İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə doğru inamla irəliləyir. Sosial sferada reallaşdırılan ardıcıl tədbirlərin nəticəsidir ki, respublikamızda inklüziv inkişaf göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, yoxsulluq və işsizlik səviyyəsi aşağı düşüb. Hazırda ölkəmizdə yoxsulluq və işsizlik təxminən 5 faiz səviyyəsindədir ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Bir sıra çətinliklərlə müşayiət olunan 2020-ci ildə ölkəmizdə bilavasitə vətəndaşların sosial təminatlarının artırılmasına, gəlir imkanlarının qorunmasına hesablanan və böyük maliyyə tutumuna malik olan sosial paketin reallaşdırılması Azərbaycan dövlətinin gücünü və niyyətini ifadə edir. Vurğulamaq yerinə düşər ki, bəhs olunan geniş sosial paketdən ölkə əhalisinin təxminən yarısı - 5 milyon insan bəhrələndi.Ədalətli resurs bölgüsünün təmin edilməsi ölkəmizdə davamlı şəkildə aparılan sosial siyasətin əsas xarakterik cəhətlərindən biridir. Respublikamızda ehtiyacı olan bütün vətəndaşlar, aztəminatlı ailələr, həssas qruplardan olan insanlar geniş dövlət dəstəyi ilə əhatə olunublar. Bu kontekstdə şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə göstərilən dövlət qayğısı barədə daha geniş söhbət açmaq mümkündür.
Ölkəmizdə şəhid ailələrinə, Vətən müharibəsi əlillərinə dəstək verilməsi üçün yeni mexanizmlərin hazırlanması böyük sosial əhəmiyyət daşıyır
Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabitləri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində ağlasığmaz şücaətlər göstərdilər. Onlar Vətən qarşısında borclarını canlarını fəda etməklə yerinə yetirdilər. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşərək bütün əməliyyatları uğurla yerinə yetirən əsgər və zabitlərimizin fədakarlıqları sayəsində Vətən müharibəsində düşmən diz çökdü, onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qaldı və beləliklə də, üç onillik ərzində davam edən işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Ötən il Vətən müharibəsində qazanılan şanlı qələbəmiz tarixdə əbədi qalacaq. Bu, tariximizin qürur doğuran səhifəsidir. Vətən müharibəsi qəhrəmanlarının şücaətləri hər cür minnətdarlıq hissinə layiqdir.
Vətən müharibəsi başa çatdıqdan sonra ikinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə, eləcə də müharibədə iştirak edən, yaralanan əsgərlərimizə dəstək verilməsi üçün bir sıra mexanizmlərin hazırlanması böyük sosial əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Şuşa şəhərinə səfəri çərçivəsində hərbçilərlə görüşdəki çıxışında vurğulayıb ki, bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Eyni zamanda, Vətən müharibəsinin qazilərinə hərtərəfli dövlət dəstəyi göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təkcə son bir ayda Vətən müharibəsində yaralanmış qazilərimizdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib. Həmçinin 7 qazi təkərli oturacaqla təmin olunub. Reabilitasiya vasitələri qazilərimizin yaşadıqları və ya müalicə olunduqları ünvanlara aparılaraq təqdim edilir. Yaralanmış qazilərin yüksək texnologiyalı müasir protezlərlə təminatı da davam edir. Son bir aya yaxın dövrdə 7 hərbçi yüksək texnologiyalı 9 müasir protezlə təmin edilib, daha bir neçə hərbçinin də yaxın günlərdə müasir protezlə təmin olunması üçün hazırlıq işi aparılır. Qeyd olunan istiqamətdə işlərin davam etdiriləcəyini bildirən dövlətimizin başçısı “Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib”, - deyə bildirib.
Ümumiyyətlə, respublikamızda, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Prezident İlham Əliyevin son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılıb. Eləcə də milli qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı”na Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub. Yeni təqaüdün məbləği 2000 manat həcmində müəyyənləşdirilib. Təqaüdlərin artırılması 100 minədək insana şamil ediləcək. Ümumiyyətlə, II Qarabağ müharibəsi iştirakçılarının və ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir neçə ayda görülmüş işlər 7 min şəxsi əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri yekunlaşmaq üzrədir. Postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində artıq 2783 şəhidin 7127 ailə üzvünə sosial ödənişlər təyin olunub. Bu sahədə işlərin operativ şəkildə yerinə yetirilməsi məqsədilə DSMF əməkdaşları səfərbər edilib. Sosial ödəniş təyinatları üçün şəhid ailələri üzvlərindən zəruri sənədlər istənilmədən, bu sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan toplanılmaqla sosial ödənişlər təyin olunur. Təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilir. Aparılmış sosial ödəniş təyinatları barədə şəhid ailələri məlumatlandırılır, bir çox hallarda onlarla ünvanlarında görüşlər keçirilərək təqaüd kartları təqdim olunur. Bundan başqa, 2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramına cəlb edilib, 3200-dən çox şəxsə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib. Ötən il 400 müharibə əlilinə avtomobillər təqdim olunub. Bundan başqa, məşğulluq mərkəzləri tərəfindən 1000 nəfər vətəndaşımız işlə təmin edilib, 12 min ailə isə özünüməşğulluğa cəlb olunub. Perspektivdə ölkə üzrə özünüməşğulluq proqramına cəlb olunan ailələrin sayının artırılaraq 16 minə çatdırılması planlaşdırılır.
Respublikamızda şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması istiqamətində yeni proqramın icrasına başlanılacaq
Şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin edilməsi Azərbaycanın sosial siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2020-ci il üzrə rekord sayda - 1500 mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub. Həmçinin ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatına sosial tərəfdaşlar tərəfindən sosial məsuliyyət çərçivəsində mühüm dəstək göstərilib. Sosial tərəfdaşlar bu istiqamətdə işləri indi də davam etdirməkdədirlər. Nazirlik rəsmisi ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 9100-dən çox mənzil və fərdi ev verildiyini deyib. H.Abdullayev qeyd edib ki, keçmiş köçkünlər üçün azad edilmiş yurd yerlərində evlərin tikiləcəyini nəzərə alaraq, Prezident İlham Əliyev onlar üçün inşa olunmuş mənzillərin şəhid ailələrinə verilməsini tapşırıb. Dövlət başçısının göstərişi ilə həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri görülür. Bu da nəticədə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyişə imkan yaradacaq.
Ümumiyyətlə, şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması böyük maliyyə tutumuna malik sosial proqramdır. Bu istiqamətdə işlər 2021-ci ilin əvvəlindən intensiv şəkildə davam etdirilir. Təkcə yanvar ayının birinci yarısında ölkə üzrə 30-dan çox şəhid ailəsinə və müharibə əlilinə yeni mənzillərin açarları təqdim olunub. Prezident İlham Əliyev Onun Sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bu proqramın davamlı şəkildə icra edildiyini diqqətə çatdırıb. “Eyni zamanda, bu il biz şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini təmin etməliyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Respublikamızda şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması istiqamətində yeni proqramın icrasına başlanılacaq. Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan sənəd müvafiq kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Sərəncam 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur. Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq kateqoriyadan olan şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək. Sərəncamda yerli icra hakimiyyəti orqanlarına həmin şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək, nazirliyin müraciəti əsasında həmin şəxslərin mənzil və fərdi evlərlə təminatı məqsədləri üçün torpaq sahələrinin ayrılmasının təmin olunması, hər il görülmüş işlər barədə Prezidentə məlumat vermək tapşırılıb.
Mübariz ABDULLAYEV
- Oxunub: 3570 |
- Tarix: 27-01-2021 |
-
Çap et |