Prezident İlham Əliyev: Nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir
Xəbər verildiyi kimi, yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub, həmçinin Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli görüş keçirilib. Görüşdə üçtərəfli razılaşmaların ardıcıl şəkildə reallaşdırılmasından məmnunluq ifadə edilib. Üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Moskvada imzalanan üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan yol xəritəsidir
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə sayəsində regionda yeni reallıqlar yaranıb. Məlum olduğu kimi, 44 günlük müharibədə işğalçı Ermənistanın ordusu bütünlüklə məhv edildi, düşmən diz çökdü və noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları sənədə əsasən düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz respublikamıza təslim etdi. Beləliklə, Azərbaycan hədəfinə çatdı və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata verdiyi bəyanatda 10 noyabr 2020-ci il tarixli sənədin ötən müddətdə uğurla yerinə yetirildiyini bildirib. Bu xüsusda fikirlərini nəzərə çatdıran dövlətimizin başçısı deyib ki, biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq. “Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Son üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti bu ölkənin özünə heç bir fayda gətirməyib. Əksinə, işğalçı dövlət bütün regional enerji və nəqliyyat layihələrindən kənarda qalıb, dalan ölkəyə çevrilib və investisiya cəlbediciliyini tamam itirib. Eyni zamanda, üç onillik ərzində Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması regional inkişafa mənfi təsir göstərirdi və təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Qeyd etiyimiz kimi, Azərbaycanın öz gücünə münaqişənin həllinə nail olması sayəsində regionda yeni reallıqlar formalaşıb. İlk növbədə, regionda əməkdaşlıq imkanlarının yaranmasının önəmini qeyd edə bilərik. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda bununla bağlı geniş müddəalar öz əksini tapıb. Sözügedən sənədin 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Sənəddə həmçinin qeyd olunub ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Moskvada imzalanan yeni üçtərəfli Bəyanat Azərbaycanın noyabrın 10-da imzalanan sənədin müddəalarına sadiq olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, Azərbaycan regional inkişafla bağlı məsələlərə kifayət qədər həssaslıqla yanaşır. İndiyədək respublikamızın fəal təşəbbüsləri ilə regionun enerji və nəqliyyat xəritələrinin yenilənməsini hədəfləyən çoxsaylı layihələr reallaşdırılıb. Bu gün respublikamızın ərazisindən həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri keçir. Respublikamız son illərdə yol-nəqliyyat infrastrukturuna böyük həcmlərdə investisiyalar yönəltməklə hər iki nəqliyyat dəhlizinin funksionallığının artmasına sanballı töhfələr verib. Ölkəmiz həmçinin liderlik keyfiyyəti nümayiş etdirərək Ələtdə Xəzər dənizində ən böyük limanın inşasına nail olub. Müasir infrastruktur ölkəmizin tranzit imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan bu imkanları təqdim etməklə region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Üç onillik ərzində Ermənistanın davam etdirdiyi işğalçılıq siyasəti region dövlətlərinin ölkəmizin tranzit imkanlarından səmərəli şəkildə bəhrələnmələrinə müəyyən məhdudiyyətlər yaradırdı. Vətən müharibəsində qazanılan qələbə sayəsində Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması, həm ötən il noyabrın 10-da videoformatda imzalanan sənədə, həm də 11 yanvar 2021-ci il tarixli Moskva Bəyanatına uyğun olaraq bütün kommunikasiyaların açılması bu kimi məhdudiyyətləri aradan qaldıracaq. Ümumiyyətlə, deyə bilərik ki, regionda yeni çoxtərəfli əməkdaşlıq platformasının formalaşması tam realdır. Mütəxəssislərin qənaəti belədir ki, bu əməkdaşlıq platformasında bütün region dövlətləri, o cümlədən də Ermənistan yer ala bilər. Çox haqlı olaraq yanvarın 11-də Moskvada imzalanan üçtərəfli Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli İşçi qrupun, yarımqrupların yaradılması, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsi kimi dəyərləndirilir.
Regionun gələcəyi perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır
Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, Prezident İlham Əliyevin Moskvaya bəhs olunan səfəri Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir. 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkadaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi ilə deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Dövlət başçımızın Moskvaya səfəri çərçivəsində qəbul edilən sənəd Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı bir daha təsdiqləyir və kommunikasiyaların bərpası ilə bağlı əks olunmuş müddəaların həyata keçirilməsi mexanizmlərinin formalaşdırılması üçün müvafiq vəzifələri müəyyən edir. Sənəddə əksini tapmış ən mühüm məsələ 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafikinin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət daşıyan nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platformasının yaradılması istiqamətində əhəmiyyətli addımdır. Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən dəhliz özündə dəmiryolu və avtomobil yolu kimi iki mühüm komponenti birləşdirir. Razılaşmaya əsasən, qarşıdan gələn iki il ərzində Horadiz-Ağbənd istiqamətində yeni dəmir yolunun çəkilməsi nəzərdə tutulub. Yüklərin dəmir yolu ilə Horadizə çatdırılması, Horadizdə yük terminalının yaradılması, oradan isə avtomobillərlə Naxçıvana, Türkiyəyə çatdırılması planlaşdırılır. Prezident İlham Əliyev regionda kommunikasiyaların açılmasının önəminə diqqət çəkib. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. “Nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ermənistanın baş nazirinin qaldırdığı məsələlər müzakirə mövzusu deyil
Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin məğrur duruşu, alicənablığı, yüksək səviyyəli çıxışları diqqəti cəlb etdi. Prezident İlham Əliyev qalib dövlət rəhbəri satusundan, kəskin şəxsi üstünlüyündən istifadə edərək Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı. Prezident İlham Əliyevin nitqləri, davranışı göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və bu fəaliyyətini məhz bəhs olunan istiqamətdə qurur.
Moskva görüşü həm də Ermənistanın baş naziri Nikol Paşinyanın həddən artıq gərgin, çaşqın, məyus durumu ilə yadda qaldı. Rusiya mediası Ermənistan baş nazirinin durumunu, jestlərini, qeyri-adekvat davranışını geniş müzakirə etməkdədir. Paşinyanın dövlət başçılarının mətbuat üşün bəyanatları zamanı çıxışında qaldırdığı məsələlər müzakirə mövzusu deyil. Rusiya Prezidenti Vladimir Putin heç bir çıxışında status və digər bu kimi məsələlərə ümumiyyətlə toxunmadı. Həmin məsələlər birgə bəyanatda da əksini tapmadı. Paşinyanın çıxışı, onun ofisinin yaydığı press-reliz daxili auditoriyaya, Ermənistan əhalisinə hesablanmış iddialardan başqa bir şey deyil. Ermənistanda hazırda gərgin vəziyyət davam edir. Ölkənin siyasi, iqtisadi, sosial, humanitar həyatı iflic vəziyyətdədir. Ekspertlər Ermənistanda müharibədən sonrakı vəziyyəti faciə kimi qiymətləndirirlər. Onların fikrincə, Ermənistan öz iddialarından əl çəkərsə və fəaliyyətini bölgənin inkişaf perspektivinə hesablanmış, bütün region ölkələrinin mənafelərinə uyğun olan iqtisadi, kommunikasiya, əməkdaşlıq məsələlərinin reallaşdırılması istiqamətində qurarsa, bundan yalnız fayda götürəcək və gərgin durumdan çıxa biləcək.
Mübariz ABDULLAYEV
- Oxunub: 2610 |
- Tarix: 13-01-2021 |
-
Çap et |