“Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bir daha bəyan etdi ki, Azərbaycan dövlətinin siyasəti Azərbaycan xalqının mövqeyi ilə hər zaman olduğu kimi üst-üstə düşür, vəhdət təşkil edir. Vurğulanmalıdır ki, milli həmrəyliyimizin təməlində də bu amil dayanır. Dövlətimizin başçısı müşavirədə bir daha Azərbaycan üçün keçilməz qırmızı xətt hesab edilən bütün məsələlərlə bağlı dəyişməz mövqeyini qəti şəkildə dilə gətirdi”. Bu fikirləri qəzetimizə açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinə xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistan XİN rəhbərinin səfərlərinin yolverilməzliyi barədə fikirləri ölkəmizin qanunlarına əməl olunmasına məcburetmə barədə xəbərdarlıq kimi də qəbul oluna bilər. E.Mirzəbəyli vurğulayıb ki, Ermənistan və onun himayədarları bu xəbərdarlıqdan nəticə çıxarmalıdırlar. Əks təqdirdə sülhə məcbur edilənlər və onların simasız himayəçiləri Azərbaycanın dəmir yumruğu ilə qarşılaşmalı olacaqlar: “Noyabrın 10-da imzalanan və Ermənistan üçün kapitulyasiya aktı sayılan bəyanatda yer almayan heç bir fəaliyyət Azərbaycanın prinsipial icazəsi olmadan həyata keçirilə bilməz. Hazırda ölkəmizin mövsümlə və digər amillərlə bağlı reallıqları nəzərə alaraq humanitar məsələlərin həllinə razılıq verməsi, yalnız dövlətimizin humanitar mahiyyətindən irəli gələn addım kimi qəbul olunmalıdır. Əks təqdirdə sui-istifadə hallarına cəhd Ermənistan üçün daha böyük fəlakətlərlə nəticələnə bilər.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik bir qrupunun həyata keçirdiyi son antiterror əməliyyatları, dövlətimizin vətəndaşlarımızın və sərhədlərimizin təhlükəsizliyi ilə bağlı güzəştsiz mövqeyi kimi anlaşılmalı və nəticə çıxarılmalıdır. Azərbaycan bununla bağlı öz mövqeyini dəfələrlə ifadə edib: Ölmək istəmirlərsə, Azərbaycan ərazisinə gəlməsinlər”.
PƏRVİZ
- Oxunub: 2250 |
- Tarix: 13-01-2021 |
-
Çap et |