Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Zəfər qazanan Azərbaycan gəncinə təşəkkür

Zəfər qazanan Azərbaycan gəncinə təşəkkür

12.01.2021 [09:32]

Hafiz Paşayev: Azərbaycan artıq həm intellektual, həm də fiziki baxımdan tam hazırlıqlı insan kapitalına malikdir
Bu günlərdə ADA Universitetində məzunlarla görüş keçirilib. Onların arasında təkcə intellektual baxımdan deyil, fiziki baxımdan da tam hazırlıqlı, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində iştirak etmiş əsgərlər vardı. AZƏRTAC universitetin rektoru Hafiz Paşayevin bununla bağlı qeydlərini təqdim edir.
Bu il təsis edilməsinin 15 illiyini qeyd edən ADA hər qəbul ilini yeni tələbələrlə “tanışlıq sessiyası” ilə başlayır. Gənclər bu sessiyada tədris mərkəzinin binaları, müəllimlər və universitet rəhbərliyi, ADA-nın təhsil fəlsəfəsini və qaydalarını öyrənir, seçdikləri ixtisaslar üzrə fənlər haqda məlumat alırlar. Həmin günlərdə onların keçirdiyi və universiteti bürüyən sevinc və həyəcan mənə də sirayət edir. Çünki qarşılarında rektor kimi ilk dəfə çıxış edərkən az müddət sonra müstəqil Azərbaycanın intellektual gücünə güc qatacaq yüzlərlə yeni diplomat, iqtisadçı, müəllim, mühəndis və ümumiyyətlə, mütərəqqi düşüncə tərzli idarəçiyə müraciət etdiyimin fərqində oluram. Gənclərin biliyi hər bir ölkənin insan kapitalının təməlidir, onların keyfiyyətli və yüksək standartlara uyğun təhsil almaları ölkənin gələcək inkişafını təmin edir.
Lakin mən bu günlərdə məzunlarımızla baş tutan görüşdə fərqli hisslər keçirdim. Çünki bu dəfə qarşımda duran təkcə intellektual baxımdan deyil, fiziki baxımdan da tam hazırlıqlı, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində iştirak etmiş, yaralanmış, lakin yenidən ruh yüksəkliyi ilə hərbi xidmətini başa vurmağa qayıdan əsgərlər idi. ADA Universitetinin məzunları arasında Prezident İlham Əliyevin Sərəncamına əsasən Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan, Xocavənd, Şuşa və Suqovuşanın azad olunması, eləcə də “Hərbi xidmətlərə görə” və “Döyüşdə fərqlənməyə görə” medalları, ümumilikdə, 13 medalla təltif edilən gənclər var. Onlar bizə tarixi zəfəri bəxş edən, Ali Baş Komandanın rəhbərliyi ilə dünyaya başqa bir Azərbaycan nümayiş etdirən qüdrətli Azərbaycan Ordusunun sıralarındadır.
Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərini azad görmək, bütün xalqımız kimi, mənim də ən ümdə arzum idi. Azərbaycanın ABŞ-da 1992-2006-cı illərdə səfiri kimi fəaliyyətimin əsas hissəsi məhz bu istiqamətə yönəlmişdi. Lakin hərb meydanında olduğu kimi, informasiya meydanında da biz o zaman işimizi əlverişsiz mövqedən başlamışdıq: Vaşinqtonda təmsil olunduğumuza qədər ABŞ-dakı erməni lobbisi daxili siyasi imkanlardan sui-istifadə edib, Konqresin sabiq sovet ölkələrinin müstəqilliyinin möhkəmlənməsi üçün nəzərdə tutulan Azadlığa Dəstək Aktına 907-ci düzəlişi əlavə etdirmiş və Azərbaycanı o zaman böyük ehtiyac duyduğu ABŞ yardımından məhrum etmişdi. Növbəti illərdə Konqres nümayəndələri ilə saysız-hesabsız görüşlərimdə bir daha əmin olurdum ki, dünyanın fövqəldövlətinin qanunverici orqanı yaşadıqları ölkənin milli maraqlarını bada verməkdən belə çəkinməyən lobbiçilərin tələblərinə boyun əymiş və həqiqəti bilmədən Azərbaycana qarşı ədalətsiz qanun qəbul etmişdilər. Bu haqsızlıqla mübarizə isə, təəssüf ki, yalnız arqumentlər toplusundan asılı deyildi, - Azərbaycan bir dövlət kimi inkişaf etməli, nüfuz qazanmalı, diplomatik sahədə çəkisini artırmalı və özü ilə hesablaşmağa məcbur edən oyunçuya çevrilməli idi. O zamana qədər isə biz işimizi davam etdirməli, təmkini siyasi alətə çevirməli və qisas məqamının çatacağına inanmalıydıq.
Azərbaycanın Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş etdirdiyi gerçəkliklərdən biri odur ki, hərbi meydanda havadarları olmadan Ermənistan heç vaxt Azərbaycana qarşı üstünlüyə malik olmayıb. Bunu illər ərzində bildirsək də, ordumuzun mərdliyi, qabiliyyəti və şücaətinin nümayişi hələ irəlidə idi. Diplomatik meydanda isə Ermənistan uydurmalarının ayaq tutub yeriməsinin yeganə səbəbinin yalnız yerlərdəki lobbiçilik hesabına olduğunu çoxdan sübut etmişdik.
Vaşinqtonda işlədiyim müddətdə Ermənistanın təcavüzkar siyasətindən qaynaqlanan arqumentlər ciddi siyasi dairələrdə getdikcə kinayə ilə qarşılanırdı və qeyri-rəsmi söhbətlərdə bizə həqiqətin onlara su kimi aydın olduğunu bildirirdilər.
Xatırlayıram, 2001-ci ildə ABŞ dövlət katibi Kolin Pauelin təşəbbüsü ilə Ki-Uest şəhərində Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar keçirilirdi. Heydər Əliyev Ki-Uestdəki Harri Trumen adına kiçik Ağ Evdə dövlət katibi Pauellə görüşdü. Burada dövlət katibi Azərbaycan Prezidentinə xitab edərkən dünyada tanınmış görkəmli siyasi xadimlə yenidən görüşmək imkanını yüksək qiymətləndirdi, onunla hələ 1997-ci ildə Vaşinqtondakı görüşlər zamanı apardıqları söhbətləri xatırladı. Bağlı qapılar arxasında keçirilən danışıqların ilk günü isə dövlət katibi və prezidentlər mətbuat qarşısında çıxış edirdilər. Heydər Əliyev münaqişənin yaranma tarixi barədə məlumat verir, amerikalıların çox yaxşı anladığı beynəlxalq hüquq dilinə istinad edir, işğal altında olan dövləti təmsil etsə də, sülhdən danışırdı. Ondan sonra çıxış edən Robert Koçaryan isə qısaca olaraq bildirdi ki, Ermənistandan neçə min kilometr yolu ona görə qət etməyib ki, həmsədrlərə dərs desin - bura konstruktiv şəkildə işləməyə gəlib. Belə kinayəli və aqressiv ton bütün otaqda gərgin ab-hava yaratdı və hamıya işğalçının kim və hansı səviyyədə olduğuna işarə etdi. Qeyri-ixtiyari olaraq mən də iki ölkə başçılarının görüşündə Azərbaycanı təmsil edən dünya səviyyəli siyasətçi Heydər Əliyevin “dərzi-dülgər” səviyyəli bir adamla üz-üzə oturmaq məcburiyyətini taleyimizin acı ironiyası kimi görürdüm. Etiraf edim ki, bu anlarda mən haqqın bərpa olunacağı məqamı görmək üçün səbirsiz idim. Milli qürurumuza vurulan bu yaraya dərman tapılacağı günü bütün gücümlə yaxınlaşdırmaq istəyirdim.
Müharibə iştirakçısı olan ADA məzunlarına və ordumuzun hər bir qəhrəman hərbçisinə hədsiz dərəcədə minnətdaram. Onlar Ali Baş Komandanın rəhbərliyi ilə qisasımızı alıblar və buna görə özümü xoşbəxt hiss edirəm. Belə tarixi qələbələri qazanmaq üçün Azərbaycan artıq həm intellektual, həm də fiziki baxımdan tam hazırlıqlı insan kapitalına malikdir. ADA Universiteti, öz növbəsində, bu kapitalı artırmaq üçün, Vətənimizin hər qarışının inkişafı və dirçəlməsi naminə daha böyük səylər göstərəcək.
Hafiz Paşayev
ADA Universitetinin rektoru

Paylaş:
Baxılıb: 397 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30