Prezident İlham Əliyev: İnanıram ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcəkdir
Xəbər verildiyi kimi, dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Bu sessiyanın keçirilməsi təşəbbüsünü tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini həyata keçirən Azərbaycan cari ilin may ayında qurumun Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə irəli sürüb. Respublikamızın bu təşəbbüsü Qoşulmama Hərəkatının bütün 120 üzvü tərəfindən dəstəklənib. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsə öz dəstəyini ifadə edib. Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi respublikamızın beynəlxalq nüfuzunun getdikcə artmasını bir daha təsdiqləyir. Belə genişmiqyaslı tədbirin keçirilməsi Azərbaycana və onun Liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. Xüsusi sessiyada çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var. İndiki həssas məqamda BMT Baş Assambleyasının xüsusi sessiyasından gözləntilərin böyük olduğuna diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “İnanıram ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcəkdir”.
Azərbaycan pandemiyanın başladığı ilk vaxtlardan qlobal həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib
Müstəqil Azərbaycanın özünün çoxvektorlu xarici siyasətində daim xoş məram nümayiş etdirməsinin, milli maraqlarını tərəfdaş dövlətlərin maraqları ilə məharətlə uzlaşdırmasının məntiqi nəticəsidir ki, ölkəmizin beynəlxalq miqyasda rolu və nüfuzu getdikcə artır. Bu gün respublikamız dünyada regional və qlobal əməkdaşlığa sanballı töhfələr verən, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasında fəal iştirak edən, eyni zamanda, heç kimin köməyinə ehtiyacı olmayan, öz hesabına yaşayan ləyaqətli dövlət kimi tanınır.
Hazırda Azərbaycan eyni vaxtda iki beynəlxalq təşkilata - Türk Şurasına və Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini uğurla həyata keçirir. O cümlədən ölkəmiz bəhs olunan təşkilatlarda sədrlik fəaliyyətini dünyadakı aktual çağırışlara adekvat quraraq qlobal təhlükələrə qarşı qlobal həmrəyliyin möhkəmləndirilməsinə hesablanan yeni təşəbbüslər irəli sürür. Respublikamız Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiya şəraitində yüksəksəviyyəli görüşlərini təşkil etməklə liderlik keyfiyyəti ortaya qoyub və qlobal səyləri birləşdirib. Qeyd edək ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında cari ilin may ayında keçirilən Zirvə görüşündə 120 ölkə təmsil olunub, eyni zamanda, tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı buna qoşulub. Bundan başqa, 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb. Ümumiyyətlə, Azərbaycanın pandemiyanın başladığı ilk vaxtlardan qlobal həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələrin miqyası kifayət qədər genişdir. Bəhs olunan çıxışında Azərbaycanın pandemiya şəraitində qlobal həmrəyliyin möhkəmlənməsində fəal rol oynadığına diqqət çəkən Prezident İlham Əliyev “Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir”, - deyə bildirib.
Deyilənlər baxımından respublikamızın Qoşulmama Hərəkatının sədri kimi, BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi də böyük aktuallıq daşıyır. Məlum olduğu kimi, hazırda yeni növ koronavirus pandemiyası bütün dünyanı ağuşuna alıb və ölkələr üçün ciddi təhdidlər yaratmaqdadır. Pandemiya səbəbindən dünya iqtisadiyyatına ciddi ziyan dəyib. Mütəxəssislər həyəcan təbili çalaraq bildirirlər ki, hazırkı tənəzzül meyilləri 2008-2009-cu illərin böhranından daha dərin olacaq. Pandemiyanın qlobal miqyasda sosial fəsadları da kifayət qədər ağırdır. Yüz minlərlə iş yeri bağlanıb, insanların gəlirləri azalıb, ayrı-ayrı ölkələrdə zəruri tibbi vasitələrin kəskin çatışmazlığı hiss olunur, hətta inkişaf etmiş dövlətlərin belə səhiyyə sistemi getdikcə artan tələbatı qarşılaya bilmir. Belə bir şəraitdə dünya ölkələrinin həmrəylik göstərmələri qaçılmaz zərurətə çevrilib. Yalnız birgə səylərlə qlobal təhlükənin qarşısını almaq mümkündür. Azərbaycanın irəli sürdüyü təşəbbüs də məhz bu məqsədə xidmət edir.
BMT-nin Nizamnaməsinə əsasən qurumun Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Qeyd edək ki, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir.
İşğalçı Ermənistan pandemiya şəraitində qlobal həmrəyliyə zidd mövqe sərgiləyib
Xoş niyyətə əsaslanan bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olmuşdur. Bütün dünya COVID-19-a qarşı mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü bir daha rüsvay edib. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi olub. Azərbaycanın ərazisinin 20 faizini üç onillik ərzində işğal altında saxlayan Ermənistan sentyabrın 27-də cəbhə xəttində növbəti genişmiqyaslı təxribat törətməklə pandemiya şəraitində qlobal həmrəyliyə növbəti zərbəsini vurdu. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev bundan bir qədər əvvəl - sentyabrın 24-də BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsindəki çıxışında Ermənistanın yeni müharibəyə hazırlaşması ilə bağlı xəbərdarlığını diqqətə çatdırmışdı. Lakin ötən üç onillik ərzində olduğu kimi, bu dəfə də təcavüzkara beynəlxalq miqyasda “dayan” deyilmədi. 44 gün davam edən müharibə zamanı Ermənistan silahlı qüvvələri döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərləri intensiv raket zərbələrinə məruz qoyub. Nəticədə, 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs qətlə yetirilib, 400-dən artıq insan yaralanıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ordusu bunun layiqli cavabını verib. Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatlarını uğurla həyata keçirərək işğal olunmuş ərazilərin böyük bir hissəsini geri qaytarıb. Hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması nəticəsində respublikamızın işğal altında olan digər əraziləri döyüşsüz, qan tökülmədən geri qaytarılıb. “Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan pandemiyaya qarşı milli səviyyədə zəruri tədbirlər həyata keçirib
Azərbaycan dövləti ölkəmizdə COVID-19-a ilk yoluxma faktı qeydə alınan gündən məsələyə həssas yanaşma sərgiləyib. Ölkəmiz pandemiya başlayandan etibarən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmaslar qurub. Qurumun mütəxəssisləri respublikamıza gələrək özlərinin dəyərli məsləhətlərini veriblər. Ölkəmizdə pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün əhatə dairəsi kifayət qədər geniş olan Tədbirlər Planı təsdiqlənərək həyata keçirilib. “Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılmışdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan MDB məkanında yeni növ koronavirus pandemiyasına qarşı ən böyük büdcə ayıran ölkələr sırasında yer alır. Respublikamızda pandemiyanın mənfi təsirlərinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2,5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilib. Bütövlükdə, ölkəmizdə iqtisadi fəallığın təmin edilməsinə hesablanan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. İndiyədək müxtəlif proqramlar üzrə yüzlərlə sahibkara güzəştli kreditlər təqdim edilib. Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka proqramının genişlənməsinə dair tədbirlər də həyata keçirilib. Bundan başqa, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramları reallaşdırılıb.
Azərbaycan sosial dövlətdir. Ən çətin məqamlarda vətəndaşlarının yanında olan Azərbaycan dövləti özünün dərinməzmunlu sosial siyasətinə bir sıra çətinliklərlə müşayiət olunan pandemiya şəraitində də sadiqlik nümayiş etdirir. Müxtəlif dəstək tədbirlərinin yer aldığı sosial yardım paketi 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir.
Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı mübarizə gündəliyində səhiyyə tədbirləri xüsusi yer tutur. Bu da onunla bağlıdır ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq pandemiya şəraitində insanların sağlamlığının və həyatının qorunması prioritet məsələ kimi müəyyənləşdirilib. Ölkə üzrə xəstəxana şəbəkəsinin genişləndirilməsi respublikamızda pandemiyaya qarşı görülən tədbirlər sırasında xüsusi yer tutur. Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə alırlar. Pandemiya başladığı zaman respublikamızda 6 funksional laboratoriya var idi. Hazırda fəaliyyətdə olan laboratoriyaların sayı 40-dan artıqdır. Ölkəmizdə qısa müddətdə həm paytaxt Bakıda, həm də regionlarda 4100 çarpayı yerinə malik modul tipli 11 xəstəxana inşa edilib. Eyni zamanda, respublikamızda pandemiya ilə mübarizəyə cəlb olunan həkimlərə də dövlət dəstəyi artırılıb.
Mübariz ABDULLAYEV
- Oxunub: 4500 |
- Tarix: 05-12-2020 |
-
Çap et |