Prezident İlham Əliyev: Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq
Xalqın inamını yüksək səviyyədə doğruldan Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlarımız naminə nəyi nə zaman və necə etməyi hamıdan yaxşı bilir. Onun göstərişi ilə Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də düşmənin cəbhə xəttində törətdiyi növbəti təxribata cavab olaraq əks-hücum əməliyyatlarına başlaması və 45 gün davam edən Vətən müharibəsində ölkəmizin tam qələbə çalması, işğalçı Ermənistanın bütünlüklə kapitulyasiyaya uğraması bunu bir daha təsdiqlədi. Prezident, Ali Baş Komandan İlham Əliyev siyasi qətiyyət, yenilməz xarakter ortaya qoydu, işğalçı Ermənistanın havadarlarının təzyiqlərini, bəzi dövlətlərin “müharibəni dayandırın” təhdidlərini dəf etdi və bir nömrəli ümummilli məsələmiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində tarixi uğura imza atdı. Xalqımızın üç onillik ərzində çəkdiyi torpaq həsrətinə nəhayət ki, son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündəki çıxışında Vətən müharibəsində qazandığımız şanlı qələbədən qürurla söhbət açaraq vurğulayıb: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın”.
Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə tam nail oldu
Dağlıq Qarabağ münaqişəsinin üç onillik ərzində həllini tapmamasının və sentyabrın 27-də müharibənin alovlanmasının bütün məsuliyyəti işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyirdi. Üç onillik ərzində ATƏT-in Minsk qrupu formatı çərçivəsində aparılan danışıqlarda fəal iştirak etməsi ölkəmizin sülhə necə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Azərbaycan daim israr edirdi ki, aparılan danışıqlar substantiv nəticələrə hesablansın. Ancaq qarşı tərəf barəsində bunları demək mümkün deyil. Son bir ildə açıq şəkildə görünürdü ki, sülh prosesi iflic vəziyyətə düşüb. Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistanın yeni rəhbərliyi qəbuledilməz, zərərli addımlar və ifadələrlə faktiki olaraq danışıqlar prosesini məhv etmişdi və son aylar ərzində bunu heç də gizlətmirdi. İşğalçı dövlətin baş naziri nümayişkaranə şəkildə zəbt olunmuş torpaqların əbədi işğal altında qalacağını bildirirdi. Ermənistan yeni xəritələr dərc etdirərək qondarma “DQR”in “sərhədlər”ini müəyyənləşdirmişdi - Dağlıq Qarabağın coğrafi hüdudlarından kənarda olan işğal altındakı Azərbaycan əraziləri də həmin xəritəyə salınmışdı. Düşmən tərəf işğal altındakı şəhər və kəndlərimizin adlarını dəyişərək onlara eybəcər adlar vermişdi. Ermənilər bəhs olunan ərazilərdə azərbaycanlılara məxsus bütün izləri silməyə, tarixi-mədəni abidələrimizi özününküləşdirməyə çalışır, bu mümkün olmadıqda isə onları dağıdırdılar. İşğalçı dövlət bütün beynəlxalq konvensiyaları pozaraq zəbt olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma aparır, Arazboyu ərazilərə yol və digər kommunikasiyalar çəkməklə bu prosesi sürətləndirməyə çalışırdı. İşğalçı Ermənistanın baş naziri N.Paşinyan son vaxtlarda “Qarabağ Ermənistandır və nöqtə” deməklə, danışıqların formatını dəyişməyə səy göstərməklə, cəbhə xəttində, iki ölkə arasındakı dövlət sərhədinin müxtəlif istiqamətlərində təxribatlara rəvac verməklə sülhə gedən bütün körpüləri yandırdı.
Azərbaycanın Silahlı Qüvvələri sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq başladığı genişmiqyaslı əks-hücum əməliyyatlarını 45 gün ərzində inamla həyata keçirdi. Vətən müharibəsində Azərbaycan düşmənə döyüş meydanında layiqli dərs verdi və onu sarsıdıcı məğlubiyyətə uğratdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən Ordumuz təmas xəttini qətiyyətlə yardı, üç onillik ərzində davam edən status-kvonu dəyişdi, BMT TŞ-nin kağız üzərində qalan qətnamələrinin müddəalarının böyük qismini yerinə yetirdi. Silahlı Qüvvələrimiz qısa müddətdə 300-ə yaxın kəndi, 5 şəhəri, 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri geri qaytardı. Noyabrın 8-də tarixi şəhərimiz, hər birimiz üçün əziz olan Şuşanın işğaldan təmizlənməsi, bunun ardınca noyabrın 9-da daha 72 yaşayış məntəqəsində, bir sıra yeni strateji yüksəkliklərdə düşmən qüvvələrinin geri otuzdurulması Vətən müharibəsində qələbəmizi böyük dərəcədə təmin etdi. Ermənistanın döyüşlərdə darmadağın edilən ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.
Beləliklə, müzəffər Ordumuzun parlaq qələbəsi sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində yeni reallıqlar yarandı. Artıq diktə edən tərəf Azərbaycandır. Düşmən dövlətin rəhbərliyinin Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul etməkdən başqa çıxış yolu yoxdur. Əks təqdirdə düşmən tərəf daha ağır zərbələr ala bilər. Dövlətimizin başçısının vurğuladığı kimi, döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları bəyanat Silahlı Qüvvələrimizin zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Sənədə əsasən, Azərbaycan azad etdiyi bütün mövqeləri saxlayır. Eyni zamanda, noyabrın 15-i Kəlbəcər (bu tarix Ermənistanın xahişi ilə noyabrın 25-dək uzadılıb), eləcə də dekabrın 1-dək Ağdam və Laçın qan tökülmədən azad edilir. Beləliklə, xalqımızın istəyi, haqlı tələbi yerinə yetirilib. Sənədə əsasən, Dağlıq Qarabağla Ermənistan arasında əlaqə təmin ediləcək və bununla belə Şuşa şəhərinə toxunulmayacaq, Laçın dəhlizi (5 km. enliyində) isə Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Bəyanatda Dağlıq Qarabağın hər hansı bir statusu barədə ümumiyyətlə söhbət açılmır. Diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru kommunikasiya dəhlizi yaradılması ilə Muxtar Respublikanın blokadasına son qoyulacaq. Vətən müharibəsində parlaq qələbə çalan Azərbaycan, həmçinin qardaş Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə cəlb etməyə nail olub. Bəhs olunan bəyanatın 5-ci bəndində qeyd olunub ki, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Həmin mərkəzdə Türkiyə və Rusiya birlikdə təmsil olunacaqlar. Vətən müharibəsində Azərbaycanın qələbəsini yüksək dəyərləndirən Prezident İlham Əliyev bildirib ki, biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. “Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Müzəffər Ordumuz Vətən müharibəsində dünya hərb tarixinə bir sıra yeniliklər yazdı
Güclü Ordumuz Azərbaycanın Vətən müharibəsində düşmən üzərində tam qələbəsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Məlum olduğu kimi, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli variantını heç vaxt istisna etməyib. Dövlət başçımızın siyasi iradəsinə uyğun olaraq müharibə şəraitində yaşayan respublikamızda güclü ordu quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Son 17 ildə respublikamızda ordu quruculuğu ölkənin getdikcə artan iqtisadi potensialına və maliyyə imkanlarına adekvat həyata keçirilib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, Azərbaycan bəhs olunan dövrdə ordu quruculuğuna işğalçı Ermənistanın ümumi büdcəsindən daha çox həcmdə maliyyə vəsaiti yönəldib. Bu gün Silahlı Qüvvələrimizin arsenalında dünyanın ən qabaqcıl şirkətlərinin müxtəlif döyüş texnikaları var. Bu texnika hərb sahəsində yeni nəsil məhsullardır və hədəfləri dəqiqliklə nişan alıb məhv etməyə imkan verir. Eyni zamanda, ötən dövrdə innovativ döyüş texnikasını işlətməyi bacaran şəxsi heyətin formalaşdırılması diqqətəlayiq haldır. Silahlı Qüvvələrimizdə xidmət göstərən zabitlərin böyük əksəriyyəti ölkəmizdəki və qardaş Türkiyədəki hərbi təhsil müəssisələrində innovativ texnologiyaların sirlərinə yiyələniblər ki, bu amil də Vətən müharibəsində böyük qələbənin təmin olunmasında mühüm rol oynadı. Ümumiyyətlə, hazırda bütün parametrlər baxımından Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan ötən dövrdə, həmçinin güclü müdafiə sənayesi qurmağa nail olub. Qürurverici haldır ki, ölkənin milli sənayesində buraxılan müxtəlif adda hərbi texnika həm Silahlı Qüvvələrimizin təchizatına yönəldilir, həm də xarici bazarlara çıxardılır.
Müzəffər Silahlı Qüvvələrimiz 45 gün davam edən Vətən müharibəsində öz gücünü, nəyə qadir olduğunu düşmənə göstərdi. Düşmən ölkənin hərbi birləşmələrinin komandirləri 5-ci nəsil döyüş texnikası ilə silahlanmış Ordumuza qarşı vuruşmaqda aciz olduqlarını açıq şəkildə etiraf edirlər. Silahlı Qüvvələrimizin Vətən müharibəsində dünya hərb tarixinə bir sıra yeniliklər yazdığını qürurla nəzərə çatdıran Prezident İlham Əliyev bildirib: “Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir”.
Vətən müharibəsində qazanılan böyük zəfərimizdən söhbət açarkən əsgər və zabitlərimizin şücaətini xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyev bildirib ki, bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Azərbaycan Ordusu xilaskarlıq missiyası yerinə yetirib. Bizim düşmən dövlətin ərazisində hər hansı bir hərbi planımız yoxdur, əsgər və zabitlərimiz doğma torpaqlarda yaralanıblar, şəhidlik zirvəsinə ucalıblar. Bu da Ordumuzun şəxsi heyətində döyüşlərə daha fədakarlıqla atılmalarına və böyük qələbəmizin təmin olunmasına əlavə impuls verib.
Mübariz ABDULLAYEV
- Oxunub: 3030 |
- Tarix: 19-11-2020 |
-
Çap et |