“44 günlük müharibə dövründə Azərbaycan xalqının tərkib hissəsi olan siyasi partiyalar xalqımızla, Ali Baş Komandanla, Ordumuzla bərabər olub”. Bu fikri qəzetimizə açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.
F.Ağamalı bildirib ki, həmin dövrdə partiyalar yüksək siyasi mədəniyyət nümayiş etdirib, dövlətçilik mövqeyində dayanıb və xalqımızı parçalamaq istəyənlərə heç bir əsas verməyib: “Heç şübhəsiz ki, partiyalar əldə olunan qələbələrimizin xalqımız tərəfindən dəstəklənməsində, ordumuzun qələbələrinin alqışlanmasında yer aldılar və bütün fəaliyyətlərinin müharibə şəraitinə uyğun qurulmasına ciddi riayət etdilər. Hətta ən kəskin müxalifət partiyaları belə, bu baxımdan hansısa problem yaratmadılar. Bu, çox müsbət haldır və ədalət naminə bunu qeyd etmək vacibdir. Lakin çox təəssüflər olsun ki, Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəs barədə üçtərəfli bəyanat imzalandıqdan sonra bir sıra siyasi partiyaların rəhbərləri, sanki yaranmış vəziyyətdən bəhrələnməyə çalışdılar. Həmin siyasi partiyalar proseslərə səbirli, təmkinli, peşəkar yanaşmaq əvəzinə, populist xarakter daşıyan mövqe ortaya qoydular. Təbii ki, bütün bunlar qəbuledilən deyil”.
Partiya sədri müzəffər ordumuz tərəfindən Azərbaycanın Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının, Şuşa şəhərinin, vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkib hissəsi sayılan Hadrutun, Xocavəndin böyük hissəsinin, Ağdərənin strateji yüksəkliklərinin, yaşayış məntəqələrinin, hətta Xocalının kəndlərinin belə, işğaldan azad edildiyini xatırladıb. Qeyd edib ki, bunu Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu edib.
F.Ağamalının sözlərinə görə, imzalanan üçtərəfli bəyanatdan irəli gələrək Laçın, Kəlbəcər, Ağdam rayonlarından da işğalçı Ermənistan qoşunları tamamilə çıxarılacaq: “Bununla yanaşı, qondarma rejimin Xankəndidə və digər ərazilərimizdəki tör-töküntüləri - silahlı quldur birləşmələri də tamamilə tərk-silah olunacaq. Beləliklə, həmin ərazilərdə də Azərbaycanın suverenliyi təmin olunacaq. Bu da ölkənin ərazi bütövlüyünün təmin olunması deməkdir. Çox arzu edərdim ki, Azərbaycanın bütün siyasi partiyaları sona qədər bu məsələdə Ali Baş Komandanımızla bərabər olsunlar. Çünki hər birimiz Ondan vətənpərvərliyi, torpağa və xalqa sevgini öyrənməliyik. Dövlətimizin başçısı əvvəllər olduğu kimi, döyüşlərin getdiyi 44 gün ərzində də bu baxımdan xüsusi nümunə nümayiş etdirdi”.
N.BAYRAMLI
- Oxunub: 1680 |
- Tarix: 19-11-2020 |
-
Çap et |