“Qalibiyyətimizlə başa çatan Vətən müharibəsinin başladığı ilk gündən Azərbaycan cəmiyyətində müşahidə edilən Xalq-Ordu-Ali Baş Komandan birliyini bütün dünyaya nümunə kimi göstərmək olar. Belə ki, bu müddətdə nümayiş etdirilən milli birliyimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərini şərtləndirən əsas amillərdən biri olub. Bu milli həmrəyliyə və birliyə Azərbaycanda fəaliyyət göstərən əksər siyasi partiyaların dəstək nümayiş etdirməsini də mühüm hadisə hesab edirəm. Müharibədən sonrakı dövrdə ölkəmizin gələcək inkişafında da bu amilin mühüm rol oynayacağına şübhə yoxdur”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev bildirib.
Partiya sədrinin sözlərinə görə, bu günlərdə xalqımız müstəqil Azərbaycanın tarixində ən mühüm hadisələrdən birinin şahidi olub: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı bir tarix yazdı. Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı, o cümlədən bütün siyasi təşkilatlar Azərbaycan Ordusunun zəfər çalması üçün əllərindən gələni etdilər. 44 günlük müharibənin Azərbaycanın birmənalı qələbəsi ilə başa çatmasında əsas rol oynayan Azərbaycan xalqına, Müzəffər Ordumuza və Ali Baş Komandan İlham Əliyevə Yeni Zaman Partiyasının üzvləri adından dərin minnətdarlığımı çatdırıram. Məlum olduğu kimi, bu günlərdə Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri də düşməndən təmizlənəcək. Bir ağdamlı olaraq öz doğma torpaqlarımızın qaytarılmasına nail olan Ali Baş Komandana və Azərbaycan Ordusunun igid oğullarına bir daha sonsuz təşəkkürümü bildirirəm”.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 1620 |
- Tarix: 19-11-2020 |
-
Çap et |