“Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bəyanat birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənəddir. Azərbaycan tarixi qələbəni döyüş meydanında qazandı. Prezident İlham Əliyevin hərbi-siyasi zəkası, diplomatik peşəkarlığı bu qələbənin Ermənistan tərəfindən etiraf olunmasını, işğalçı ölkənin öz məğlubiyyətini bəyan etməsini şərtləndirdi. Artıq biz qalib gəlmişik və ortada yeni siyasi mənzərə mövcuddur. Dünənə qədər şərtlərlə danışan təcavüzkar dövlət bu gün Azərbaycana təslim olduğunu deyir. Bu isə birmənalı olaraq Azərbaycan dövlətinin, xalqının və ordusunun yazdığı yeni tarixdir”.
Bunu qəzetimizə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, qətiyyətli iradə, milli birlik və həmrəylik, iqtisadi gücümüzlə qazandığımız böyük uğur bir daha ötən 27 ildəki inkişafımıza nəzər salmağa, onunla fəxr etməyimizə yol açır. Bu gün Azərbaycanın siyasi-iqtisadi cəhətdən müstəqil olduğunu, hərbi potensialının gücləndiyini dilə gətirən Ə.Kazımova onu da qeyd edib ki, ordumuzun müasir silahlarla təchiz olunmasının, dünyanın ən aparıcı Silahlı Qüvvələri sırasında yer almasının səbəbi aparılan ordu quruculuğu siyasəti, milli müdafiəmizə yönəldilən diqqət və qayğıdır. “Biz ötən 44 gün ərzində ard-arda böyük zəfərlərimizi, qələbələrimizi qeyd edərkən, fəxarət hissi yaşayarkən Ermənistan dövlətinin içindəki siyasi böhranı, özbaşınalıqları, xaosu da gördük. Bu gün Ermənistan ordusundakı fərarilik ordunun rəhbərliyi tərəfindən etiraf olunur. Azərbaycan Ordusunun rəşadəti isə dillər əzbəri oldu. Çünki bizim əsgərimiz öz torpağının azadlığı, öz yurdunun, Vətəninin bütövlüyü uğrunda döyüşür, can qoyurdu. Bir daha bütün əsgər və zabitlərimizi təbrik edirəm, onlara daim zəfərlər arzulayıram”, - deyə Ə.Kazımova əlavə edib.
P.SADAYOĞLU
- Oxunub: 3330 |
- Tarix: 18-11-2020 |
-
Çap et |