“44 gün davam edən İkinci Qarabağ müharibəsi Ermənistan üçün total məğlubiyyətlə başa çatdı. Bu həqiqəti düşmən ölkənin siyasi dairələri və KİV-ləri də etiraf edirlər. Onlar bu müharibədə ağır məğlubiyyətə uğradıqlarını boyunlarına alır və bu məğlubiyyətlərinə don geyindirmək üçün cürbəcür bəhanələrə əl atırlar. Ancaq Paşinyanın və müharibəyə rəhbərlik etmiş digər erməni quldurbaşılarının erməni xalqına hansı yalanları, hansı nağılları sırımalarından asılı olmayaraq, istənilən halda Paşinyan hakimiyyətinin sonuna az qalıb. Başqa sözlə desək, noyabrın 10-dan Paşinyan və onun “Soros komandası” üçün geri sayım başlayıb”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatlardakı uğursuzluğa görə istefa vermək niyyətində olmadığını bildirsə də, onun siyasi karyerası gec ya tez istefa ilə nəticələnəcək. Ermənilər məğlub liderin uzun müddətə onlara başçılıq etməsinə dözməyəcəklər. Hazırda səngimək bilməyən etiraz dalğası da bunu deməyə əsas verir. Paşinyan “ana müxalifət” liderlərini həbsə atdırmaqla etiraz aksiyalarının qarşısını almağa çalışsa da, məqsədinə nail ola bilməyəcək. Hərbi, siyasi, iqtisadi böhran məngənəsində sıxılan Ermənistanda xaos getdikcə dərinləşir. Paşinyan iqtidarı çökmək üzrədir. Lakin Paşinyan bunu önləmək üçün müxtəlif vasitələrə əl atır. Hakimiyyətdə qalmaq üçün çarələr axtarır. Bu isə onu öz rəqiblərinə qarşı, bütövlükdə Ermənistan toplumuna qarşı daha zorakı addımlar atmağa sövq edir.
“Paşinyan diktaturanın sayəsində sadəcə olaraq öz hakimiyyətinin ömrünü bir qədər uzada bilər. Ancaq diktatura sonda həm Paşinyanın özü üçün, həm də bütövlükdə Ermənistan üçün daha böyük fəlakətlə nəticələnəcək. Bir sözlə, müharibədə məğlub olan Ermənistan siyasi cəhətdən də tamamilə fiaskoya uğrayacaq. Paşinyan Ermənistanın tarixində lənətlənən lider kimi iz qoyacaq”, - deyə partiya sədri qeyd edib.
N.BAYRAMLI
- Oxunub: 2580 |
- Tarix: 18-11-2020 |
-
Çap et |