Beynəlxalq hüquq normalarına əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyü bərpa etdi. Başqa sözlə, zəfər yürüşünü əzmlə və şücaətlə davam etdirən rəşadətli Ordumuz təxribatçı və işğalçı Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi, torpaqlarımızı işğaldan azad etdi.
Heç şübhəsiz, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirmiş oldu. Şübhəsiz ki, bu möhtəşəm qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Və Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi.
Bütün cəbhələrdə qələbənin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya səbhəsində mütləq qalibiyyət əldə etdi.
Heç şübhəsiz, bu qələbənin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, zəfər yürüşü edən Azərbaycan Ordusunun tarixi nailiyyətlərinə paralel olaraq Prezident İlham Əliyev həm müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə, həm nüfuzlu transmilli media orqanlarına müsahibələri, həm də xalqa müraciətləri zamanı erməni yalanlarını ifşa etdi, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırdı. Beləliklə, Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühitinin yaratmaq niyyəti baş tutmadı. Dünya mətbuatında Azərbaycanın haqlı, ədalətli mövqeyini əks etdirən çoxsaylı informasiya və analitik materiallar dərc olundu və bu gün də davam etməkdədir. Nüfuzlu media qurumları Azərbaycan Prezidentinin fikirlərinə istinad etməklə hadisələr və proseslərin mahiyyəti barədə oxucuların diqqətinə geniş məlumatlar təqdim edirlər. Bu, şübhəsiz ki, informasiya müharibəsində Azərbaycanın mütləq üstünlüyünün və qələbəsinin ifadəsidir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu informasiya diplomatiyası nəticəsində Ermənistanın “qara piar” kampaniyası, dezinformasiya siyasəti və “feyk nyus” taktikası iflasa uğradı.
Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi yazıldı
Əlbəttə, 30 ildir, işğal altında olan əzəli torpaqlarımızın - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Şuşa şəhərinin, Hadrut qəsəbəsinin, digər qəsəbələrin, yüzlərlə kəndin, strateji yüksəkliklərin işğaldan azad edilməsi ilə Azərbaycan tarixinin şərəfli və qürurlu salnaməsi yazıldı. Və Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət rəmzinə çevrildi.
Güclü Azərbaycanın qüdrətli Ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Eyni zamanda, Ermənistan ordusunun çox sayda peşəkar zabit heyəti və müddətdən artıq hərbi qulluqçuları məhv edildi. Düşmənin 30 ildir, qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ən əsası, Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu.
Zəfər yürüşü: tarixi ədalətin bərpası
Beləliklə, noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca noyabrın 10-da Ermənistanın kapitulyasiya etməsi Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin dekabrın 1-nə kimi daha 3 rayonun - Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz və deməli qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizə möhtəşəm zəfər həftəsi kimi həkk olundu. Yəni 44 günlük - Azərbaycanın tam qələbəsi, Ermənistanın isə kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsi tarixi ədalətin bərpası ilə başa çatdı. Bu, həm də ən böyük zəfər salnaməmizin yazılmasıdır. Çünki Şah İsmayıl Xətainin, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu!
Nurlan QƏLƏNDƏRLİ
- Oxunub: 3570 |
- Tarix: 17-11-2020 |
-
Çap et |