“Azərbaycan 44 gün müddətində otuz il ərzində həll olunmayan çox ciddi problemləri həll etdi. Azərbaycan Ordusu, Ali Baş Komandan, xalqımız bu nəticəni qətiyyətlə qazandı. Azərbaycan xalqı özünü təsdiq etdi, öz gücünü bütün dünyaya nümayiş etdirdi”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.
Fərəc Quliyevin sözlərinə görə, nəticə ondan ibarətdir ki, heç kim 27 sentyabrdan əvvəl tezliklə Şuşanın azad olunmasını bayram edəcəyimizi təsəvvür etmirdi. Amma biz bu gün ərazilərimizi işğaldan azad etmişik. Bu, faktdır. Digər tərəfdən, 10 noyabrda imzalanan bəyanatda bənd-bənd Azərbaycan torpaqlarının qaytarılacağı göstərilib. Ən mühüm məsələlərdən biri də odur ki, biz Laçını, Ağdamı, Kəlbəcəri dinc yolla qaytarırıq. Bu da bizim qazancımızdır.
“Heç bir statusdan söhbət getmir. Yəni nəticələr tam qaneedicidir. Hesab edirəm ki, bütün bunları bayram səviyyəsində qeyd etmək lazımdır. Bir çox təzyiqlərin qarşısında Azərbaycan, xüsusilə də Ali Baş Komandan çox ciddi şəkildə dirəniş göstərdi. Bu bəyanatla onların da qarşısı alındı. Biz uzun illər ərzində işğal altında qalan torpaqları 44 gün içərisində azad etmişik. Mən bu münasibətlə xalqımızı təbrik edirəm”, - deyə partiya sədri vurğulayıb.
N.BAYRAMLI
- Oxunub: 1740 |
- Tarix: 17-11-2020 |
-
Çap et |