Azərbaycan qarşısında tam şəkildə məğlubiyyətini qəbul edən işğalçı Ermənistanın mövcud hakimiyyətinə qarşı etirazlar davam edir. 17 müxalifət partiyasının birləşdiyi mitinq şurasının baş nazirin və onun hökumətinin istefası tələbi ilə Yerevanın mərkəzində keçirdiyi kütləvi aksiyalar Nikol Paşinyanı qorxuya salıb. Buna görə N.Paşinyan tərəfindən güc strukturları rəhbərlərinə aksiya təşkilatçısı və iştirakçısı olan şəxsləri həbsə atmaq əmri verilib. Lakin məhkəmələrin həbs olunanları azadlığa buraxması Paşinyan hakimiyyətini çətin vəziyyətə salıb.
Ermənistan mətbuatının yazdığına görə, guya baş nazirə sui-qəsd planlaşdırdıqlarına görə Təhlükəsizlik Xidməti (TX) tərəfindən saxlanılan əsas müxalifət liderlərinin məhkəmə tərəfindən azadlığa buraxılması onsuz da çıxılmaz durumda olan Paşinyanı açıq qarşıdurmaya getməyə sövq edir. Belə ki, noyabrın 15-də sosial şəbəkələrdə yayılan baş nazirin videoyazısı ölkədə vətəndaş müharibəsinə çağırış effekti yaradıb. Bu, həm də hakim “Mənim addımım” fraksiyasından olan deputatların da narazılığına gətirib çıxarıb. Belə ki, Paşinyanın son açıqlaması hakim “Mənim addımım” blokunda da kütləvi istefalara səbəb olub. “Armenianreport.com”un yazdığına görə, həmin gün gecədən parlamentin deputatı Qayane Abrahamyan özünün “Facebook” səhifəsində istefa etmək niyyəti barədə yazıb. Bununla yanaşı, deputat Taquhi Tovmasyan da “Mənim addımım” blokunun parlament fraksiyasından çıxmaq üçün ərizə təqdim edəcəyini bildirib. “Mənim addımım” blokunun deputatı Lusine Badalyan isə mandatından imtina edib. Ermənistanın ombudsmanı Arman Tatoyan da öz növbəsində baş nazirin ön cəbhədəki əsgərlərə çağırışı ilə əlaqədar deyib ki, belə bəyanatlar xüsusilə bu həssas günlərdə son dərəcə təhlükəlidir.
Bundan əlavə, “Aysor.am” saytı yazır ki, Paşinyanın bu çağırışından sonra baş nazirin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Serj Varaq Siseryan istefa məktubu yazacağı və “Vətəndaş müqaviləsi” partiyasındakı üzvlüyündən çıxacağı barədə qərarını elan edib. Habelə Ətraf mühitin mühafizəsi nazirinin müavini İrina Kaplanyan da vəzifəsindən istefa verib. Saytın yaydığı daha bir xəbərə görə, noyabrın 16-da Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan da istefa ərizəsi yazıb. Baş nazir N.Paşinyan isə həmin gün parlamentin növbədənkənar iclasındakı çıxışında bildirib ki, XİN rəhbəri vəzifəsindən azad ediləcək.
Müşahidəçilərin fikrincə, Paşinyan ona qarşı olan etirazları silah gücünə yatırmaq istəyir. Yaranmış vəziyyət ölkədə vətəndaş müharibəsinə hazırlıq getdiyini göstərir. Belə ki, işğalçı Ermənistanın məğlubiyyəti ilə başlayan xaos və konfrantasiyanın daha da dərinləşməsi müşahidə edilir.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 2430 |
- Tarix: 17-11-2020 |
-
Çap et |