“Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, əsgərlərimizin qəhrəmanlığı sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olunmaqdadır. İşğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycanın dövlətçilik tarixinin şərəfli səhifəsidir”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
O bildirib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti arasında imzalanan bəyanat işğalçı Ermənistanın müharibədə məğlub olduğunun təsdiqi barədə aktdır: “Sadalananlarla yanaşı, Dağlıq Qarabağın statusu məsələsinin aradan qaldırılması, digər 3 rayonun - Kəlbəcər, Ağdam və Laçının qısa müddətdə boşaldılması barədə Ermənistan tərəfinin öhdəlik götürməsi və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təmin edilməsi çox böyük uğurlardır. Bu bəyanatda yer alan müddəa əsasında Türkiyə tərəfi atəşkəsə nəzarət mərkəzində təmsil olunacaq. Artıq Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb”.
Partiya sədrinin sözlərinə görə, Ermənistanın məğlubiyyət aktına imza atmasında Şuşanın işğaldan azad edilməsi böyük rol oynayıb: “Şuşa Azərbaycan xalqı üçün müqəddəs şəhərdir. Şuşa Azərbaycanın mədəniyyət və musiqi mərkəzidir. Şuşa hərbi-strateji baxımdan da mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan Ordusunun böyük qəhrəmanlıqla Şuşa şəhərini azad etməsi qələbədir. Bu, həm də qəhrəmanlıq salnaməsidir. Hesab edirəm ki, Şuşanın azad edilməsi işğalçı Ermənistanın ağır vəziyyətə düşməsinə gətirib çıxardı. Buna görə də Ali Baş Komandana və Azərbaycan Ordusuna xüsusi təşəkkürümü bildirirəm. Şəhid ailələrinin qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm”.
- Oxunub: 1590 |
- Tarix: 13-11-2020 |
-
Çap et |