Döyüşlər bitəndən dərhal sonra Ali Baş Komandanın xanımı ilə birlikdə ilk qələbə təbrikini çatdırdığı insanlar məhz hərbçilər oldu
Xəbər verildiyi kimi, noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüb. Prezident İlham Əliyev görüşdəki çıxışında ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən böyük qürur hissi ilə söhbət açıb. 45 gün davam edən müharibə Azərbaycanın zəfəri, işğalçı Ermənistanın tam kapitulyasiyası ilə başa çatıb. Beləliklə, müharibəni qələbə ilə başa vuran Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin edib. Əks-hücum əməliyyatlarının uğurlu nəticələrinə diqqət çəkən Prezident İlham Əliyev “Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik”, - deyə vurğulayıb.
Vətən müharibəsinin qəhrəmanları olan əsgər və zabitlərimiz ən böyük hörmətə və ehtirama layiqdirlər
Vətən müharibəsinin getdiyi günlərdə bəzən deyirdilər ki, Azərbaycan Ordusunun qələbələri sırf yüksək texniki təchizatla bağlıdır. Bəli, PUA-lar, kamikadze dronlar, tanklar, təyyarələr, artilleriya qurğuları, bir sıra innovativ vasitələr Silahlı Qüvvələrimizin böyük üstünlüyüdür. Azərbaycan döyüşlərdə yeni nəsil müharibə üsulundan istifadə edib. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, bu qələbəni qazanan texniki vasitələr deyil, Azərbaycanın əsgər və zabitləridir.
Döyüş meydanında misilsiz şücaət göstərən, düşmənə layiqli dərs verən, zəfərlər qazanan, xalqımıza qələbə sevinci yaşadan Ordumuzun şəxsi heyəti ən böyük hörmətə layiqdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yaralı hərbçilərlə növbəti dəfə görüşmələri bütövlükdə xalqımızın Ordumuzun əsgər və zabitlərinə son dərəcə böyük ehtiram göstərdiyinin ifadəsidir. Məlum olduğu kimi, Ali Baş Komandan əks-hücum əməliyyatlarının başladığı ilk günlərdə, şiddətli döyüşlərin getdiyi bir vaxtda - sentyabrın 29-da xanımı Mehriban Əliyeva ilə birlikdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşmüşdü. Döyüşlər bitəndən dərhal sonra da Ali Baş Komandan xanımı ilə birlikdə ilk qələbə təbrikini çatdırdığı insanlar məhz hərbçilər oldu. Bu, Azərbaycan Prezidentinin hərbçilərə xüsusi münasibəti kimi qiymətləndirilməlidir. Prezidentin Vətən müharibəsində qazanılan parlaq qələbədə hərbçilərin zəhmətini və fədakarlığını xüsusi vurğulaması, onların müalicəsi və xəstəxanadan sonrakı həyatları üçün bütün lazımı tədbirlərin görüləcəyini bildirməsi, hətta onlardan tibbi maskaları çıxarmağı xahiş edərək hamının bu qəhrəmanları üzdən tanımasını istəməsi Ali Baş Komandan kimi İlham Əliyevin hərbçilərə olan dərin hörmətini və həssas münasibətini ifadə edən mühüm göstəricilərdir. Prezident İlham Əliyev bundan sonra hər zaman qalib əsgər və zabitlərimizlə bir yerdə olacağını vurğulayaraq deyib: “Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbrik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Şuşanın geri qaytarılması Azərbaycan Ordusunun böyük peşəkarlıq, rəşadət rəmzidir
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu əks-hücum əməliyyatları aparan Silahlı Qüvvələrimiz qısa müddətdə 300 kəndi, 5 şəhəri, 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Digər ərazilərimiz - Kəlbəcər, Ağdam, Laçın rayonları isə dekabrın 1-dək qan tökülmədən geri qaytarılacaq. Əks-hücum əməliyyatları zamanı Ermənistan ordusu böyük itkilərə məruz qaldı. Yeri gəlmişkən, düşmənin qənimət götürülmüş hərbi texnikaları Bakıya gətiriləcək, hamı görəcək ki, Azərbaycan Ordusu döyüşlərdə nələr əldə edib.
Müzəffər Ordumuzun noyabrın 8-də qazandığı qələbə isə xüsusi əhəmiyyət daşıyır. Söhbət bütün azərbaycanlılar üçün müstəsna dərəcədə əziz olan Şuşanın işğalçılardan təmizlənməsindən gedir. Tarixi şəhərimizin geri qaytarılması uğrunda gedən döyüşlər əsgər və zabitlərimizin həm peşəkarlığını, həm də doğma torpağa bağlılığını bütün dünyaya göstərdi. Canlı şahidlərin də bildirdikləri kimi, Ordumuzun şəxsi heyəti Şuşaya uca dağları qarış-qarış çıxmaqla yaxınlaşıb və şəhərdə böyük şücaətlə əlbəyaxa döyüşlərə atılıb. Dövlət başçısının vurğuladığı kimi, təbii qala olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq Azərbaycan Ordusunun böyük peşəkarlıq, rəşadət rəmzidir.
Şuşanın işğaldan azad edilməsi ilə bağlı başqa bir təsiredici məqamı da xatırlamaq yerinə düşərdi. Prezident İlham Əliyev Şuşanın azad edilməsi ilə bağlı xoş müjdəni xalqa məhz Şəhidlər xiyabanında çatdırdı. Ali Baş Komandan ilk dəfə idi ki, hərbi formada Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edirdi.
Şəhər və kəndlərimizi viran qoyan Ermənistan respublikamıza təzminat ödəməlidir
İşğaldan azad edilən ərazilərdən çəkilən foto və videomateriallardan da göründüyü kimi, erməni vandalları üç onillik ərzində Azərbaycanın zəbt olunmuş şəhər və kəndlərində ağlasığmaz dağıntılar törədiblər. Yaşayış evləri sökülüb, qiymətli əşyalar, hətta qapı-pəncərələr, unitazlar belə Ermənistana daşınıb. Çoxlu sayda mədəniyyət abidələrimizə, mülki infrastruktura böyük ziyan dəyib. Bütün bunlar müharibə cinayətləridir. Ermənistan münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqla müharibə cinayətlərini ikinci Qarabağ savaşı zamanı da davam etdirib.
İşğalçı Ermənistan bütün bu kimi müharibə cinayətlərinə görə məsuliyyət daşıyır. Azərbaycan Prezidentinin beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların, maddi və mənəvi ziyanın hesablanacağını, həm fərdi, həm də mütəşəkkil qaydada düşmənin beynəlxalq məhkəmələrə veriləcəyini, təzminat ödənilməsinin tələb ediləcəyini bildirməsi Ermənistanın bütün əməllərinə görə cavab verəcəyinin mesajıdır, Azərbaycan heç nəyi unutmayıb və unutmur deməkdir. Əslində, məğlub olan işğalçı Ermənistanın baş naziri N.Paşinyan da Hitlerin əlaltıları kimi kapitulyasiya aktını hamının gözünün qarşısında imzalamalı idi. Rusiya Prezidenti Vladimir Putinin şəxsi xahişindən sonra Prezident İlham Əliyev bu məsələdə çox da təkid etməyib və aciz, miskin durumda qalan Paşinyan kapitulyasiya aktını layiq olduğu hansısa bir məkanda imzalayıb.
Bəhs olunan görüşdə Prezident İlham Əliyev daha bir məqamı Azərbaycan xalqının diqqətinə çatdırıb. Dövlətimizin başçısı açıq mətnlə bildirib ki, müharibənin getdiyi 44 gün ərzində ona xeyli zənglər olub, xeyli siqnallar göndərilib ki, dayansın. O, isə mətinliklə bu təzyiqləri dəf edib və sona qədər gedib. Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana daim dəstək verib. Siyasi və mənəvi xarakter daşıyan bu dəstək Azərbaycana güc verib, ölkəmizin özünəinam hissini artırıb, eyni zamanda, bədxahlarının gözünü qorxudub, onları çirkin əməllərdən çəkindirib.
Vətən müharibəsində qazanılan qələbə ilə ölkəmizdə yeni bir mərhələnin əsası qoyulub. Bir milyondan çox insanın üstündən “qaçqın”, “məcburi köçkün” sözləri götürüləcək. Bir sözlə, Prezident İlham Əliyevin də anons etdiyi kimi, indi Azərbaycanın həyatında yeni xoşbəxt dövr başlayır.
Mübariz ABDULLAYEV
- Oxunub: 2130 |
- Tarix: 13-11-2020 |
-
Çap et |