“Azərbaycan dövlətinin qətiyyəti, xalqımızın siyasi iradəsi, ordumuzun gücü, qüdrəti sayəsində işğala son qoyulur. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatır. Üçrəngli bayrağımızın noyabrın 8-də Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi. Bu gün xalqımız məhz bu sevinci yaşayır”.
Bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev deyib.
E.Musayev bildirib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı Azərbaycanın siyasi qələbəsi oldu. Dövlətimizin başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsinin başlandığı gündən, baxmayaraq ki, döyüş meydanında üstünlük bizim tərəfimizdədir, yenə də münaqişənin danışıqlar masası ətrafında həllinin vacibliyini bəyan edərək Ermənistandan irəli sürülən şərtlərə əməl etməyi tələb etdi. Eyni zamanda, Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü. Bu gün baş nazir Nikol Paşinyanın Azərbaycanın tarixi qələbəsinin təsdiqi olan həmin Bəyanata imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyətidir. Xalqımız tam əmin idi ki, Prezidentimiz İlham Əliyevin qətiyyəti, düşünülmüş və məqsədyönlü siyasəti, nə zaman nəyi edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərin arxasında dayanan mühüm addımlarının nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Partiya sədrinin sözlərinə görə, müzəffər Azərbaycan Ordusu 9 Noyabr -Dövlət Bayrağı Günündə daha 71 kəndi, 1 qəsəbəni, 8 strateji yüksəkliyi işğaldan azad etdi: “Bu qələbə xəbərini də ölkə Prezidenti İlham Əliyev Özünün “Twitter” hesabında paylaşdı. Hər günü yeni yazdığı tarixə möhtəşəm qələbə səhifəsi kimi əlavə edən Azərbaycan Ordusu bir daha gücünü, qüdrətini işğalçı Ermənistana və onun havadarlarına nümayiş etdirdi. Eyni zamanda, xalqımız zəfər yürüşünün davam etdirilməsində nə qədər maraqlı olduğunu, torpaqlarımızın tamamilə işğaldan azad edilməsi üçün fədakarlığını istər Prezidentimizə təşəkkür məktublarında, istərsə də yumruq kimi birləşib dövlətə, orduya dəstəyində ifadə etdi. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Xalqımıza qələbə, sevinc yaraşır. Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, təbii ki, ordu quruculuğu, bütün bunlar bu qələbəmizi şərtləndirdi. Həqiqətən də, bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha çox milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyin təcəssümüdür. Başqa sözlə, bu, təkcə xalqla hökumətin vahid mövqeyindən xəbər vermir, eyni zamanda, Azərbaycanda mövcud olan möhtəşəm həmrəyliyin göstəricisidir”.
N.BAYRAMLI
- Oxunub: 1560 |
- Tarix: 13-11-2020 |
-
Çap et |