“44 gün davam edən Vətən müharibəsi, Azərbaycan Ordusunun tam və qəti qələbəsi ilə başa çatdı. Biz qalib gəldik. Əsgər və zabitlərimiz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sərkərdəliyi ilə sözün əsl mənasında tarix yazdılar. Bu, qəhrəmanlıq tarixidir. Bu Azərbaycanın zəfər salnaməsidir!”. Bu fikirləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, şanlı ordumuz Vətən müharibəsinin gedişində həsrətimizi, arzularımızı gerçəyə çevirməyi bacardı və yüzminlərlə məcburi köçkün soydaşımıza yenidən öz yurd yerlərinə sahiblənmək şansını verdi. Beləliklə, hərb və dövlətçilik tariximizə böyük zəfər səhifəsi yazıldı.
“Bütün bunların hamısı ordumuzun və Prezidentimizin şücaətinin, uca millətimizin birliyinin sayəsində mümkün oldu. Xalq-Ordu-Ali Baş Komandan birliyi bu savaşda öz sözünü dedi. Məhz milli həmrəyliyimizin sayəsində möhtəşəm Qələbəyə imza atdıq. Biz Milli Həmrəylik Partiyası (MHP) olaraq Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri, müəyyən etdiyi gələcək hədəfləri tam dəstəkləyirik. Biz möhtərəm Prezidentimizlə qürur duyur və Onun bu 44 günlük müharibədə göstərdiyi mübarizə əzmini, qətiyyətini, siyasi iradəsini yüksək qiymətləndiririk. Cənab İlham Əliyev bu günlərdə sərkərdəliklə siyasi müdrikliyi birləşdirməyi bacardı və eyni zamanda, bunu böyük Qələbəmiz üçün etibarlı zəminə çevirə bildi. Bu ustalıq, bu ustadlıq heç də hər siyasi liderə, hər dövlət başçısına nəsib olmur”, - deyə o qeyd edib.
Partiya sədri belə bir inamını ifadə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibədən sonra Azərbaycanımızın yeni inkişaf mərhələsi başlayacaq: “Qarabağımızın azad edilməsi bizə qüdrətli Azərbaycanı bütöv Azərbaycana çevirməyə imkan verəcək. Bir sözlə, qarşıda bizi böyük xarüqələr gözləyir!
Mən bu şanlı Qələbəmiz münasibətilə bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edirəm. Qələbəmiz mübarək, əziz azərbaycanlılar! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan Ordusuna və Ali Baş Komandanımıza! Qarabağ Azərbaycandır!”.
NARDAR
- Oxunub: 1680 |
- Tarix: 13-11-2020 |
-
Çap et |