“44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı tarix yazdı, 30 ildir, xalqımızın gözlədiyi qələbə sevincini bizə bəxş etdi. Bu zəfərlərin nəticəsi olaraq Azərbaycan Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanatın bütün müddəaları ölkəmizin maraqlarına tam cavab verir. Ona görə də hesab edirəm ki, müharibənin dayandırılması barədə sənədin imzalanması Azərbaycan xalqının qələbəsidir. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.
Bu ifadələri “Yeni Azərbaycan”a açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev deyib.
Partiya sədrinin sözlərinə görə, ötən müddət ərzində Azərbaycanın tələblərinə etinasız yanaşan işğalçı Ermənistan şanlı Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində təslim oldu: “Bəyanatda yer alan 9 bəndin hamısının ölkəmizin xeyrinə olduğunu düşünürəm. Ona görə ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarının qarantıdır. Ali Baş Komandanımız nə zaman müharibənin aparılmasını, nə zaman sülh razılaşmasına gedəcəyimizi daha yaxşı bilir. Üstəlik, düşmən tərəf imzaladığı sənədə əməl etməsə, Azərbaycan Ordusu sona qədər öz missiyasını yerinə yetirəcək”.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 1440 |
- Tarix: 13-11-2020 |
-
Çap et |