Prezident İlham Əliyev: Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!
Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Xəbər verildiyi kimi, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanat imzalayıblar. Bəyanat sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Sənəd tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb. Bəyanatda bildirilir ki, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra tərəflər - Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar. Bütövlükdə 9 bənddən ibarət olan sənəd üç onillik ərzində davam edən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bundan sonra hərbi müstəvidən siyasi müstəviyə keçirilməsi və respublikamızın ərazi bütövlüyünün tam təmin edilməsi mexanizmlərini özündə ehtiva edir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəhs olunan bəyanatın önəminə diqqət çəkib. Dövlətimizin başçısı bildirib ki, bu bəyanatın tarixi əhəmiyyəti var. “Bu bəyanat bizim şanlı qələbəmizdir” deyən dövlətimizin başçısı vurğulayıb: “Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır”.
Xalqımızın bayram sevinci və Ermənistandakı xaos vəziyyəti kimin qalib, kimin məğlub olduğunu aydın şəkildə nümayiş etdirir
Son üç onillik ərzində Azərbaycan dövləti və xalqı Ermənistanın ötən əsrin əvvəllərində respublikamızdakı hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızın 20 faizini işğal altına alması faktı ilə heç vaxt barışmayıb. Ölkəmiz həmişə birmənalı şəkildə bildirib ki, işğala məruz qalan Dağlıq Qarabağ, ora bitişik 7 rayon geri qaytarılmalıdır və əgər Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun qaydada qoşunlarını həmin torpaqlardan geri çəkməzsə, Azərbaycan özünün ərazi bütövlüyünü digər vasitələrlə, o cümlədən də hərbi yolla təmin edəcək. Sentyabrın 27-də Ermənistanın cəbhə xəttində növbəti genişmiqyaslı təxribata əl atması düşmən ölkənin bütün sədləri aşması demək idi. Tarixi ədalətə, beynəlxalq hüquqa sayğısızlıq göstərən işğalçı dövlət, onun rəhbərliyi cəzalandırılmalı idi. Beləliklə, özünün güclü Ordusuna güvənən Azərbaycan bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı.
Güclü Ordumuz sentyabrın 27-dən etibarən başlanan əks-hücum əməliyyatını böyük uğurla həyata keçirdi və döyüş meydanında düşmənə layiqli dərs verdi. 45 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Darmadağın edilən Ermənistan ordusu atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırladırdı.
Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.
Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələr respublikamızın siyasi müstəvidə üstünlüyünü şərtləndirir. Daha düşmənin döyüşməyə gücü və ruhu yoxdur. Döyüş meydanında ardıcıl qələbələr qazanan müzəffər Ordusunun gücü ilə Azərbaycan artıq diktə edən tərəfə çevrilib. Təsadüfi deyildir ki, yuxarıda bəhs olunan bəyanatda respublikamızın haqlı tələbləri əsas götürülüb. Prezident İlham Əliyev bildirib ki, bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Dövlətimizin başçısı qürur hissi ilə vurğulayıb: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!”
Azərbaycan Prezidenti status-kvonu dəyişib və bu gün münaqişənin həlli şərtlərini respublikamız diktə edir
Məlum olduğu kimi, işğalçı Ermənistan üç onillik ərzində respublikamızın münaqişənin sülh yolu ilə həllini özündə ehtiva edən çağırışlarına məhəl qoymamışdı. Düşmən tərəf daim substantiv danışıqlardan qaçmaqla işğal məhsulu olan status-kvonu sonsuzluğadək uzatmağa çalışdı. Ermənistanın baş naziri “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deməklə, danışıqların formatını dəyişməyə cəhdlər göstərməklə əslində sülh prosesini dalana salmışdı. İşğalçılıq siyasətinə görə cəzalandırılmayan, beynəlxalq sanksiyalardan kənarda qalan Ermənistan son vaxtlarda hətta yeni torpaqlar zəbt etmək xülyasına düşmüşdü və cəbhə xəttində, iki ölkə arasındakı dövlət sərhədinin ayrı-ayrı hissələrində ardıcıl şəkildə təxribatlara əl atırdı. Düşmən tərəf ciddi-cəhdlə Dağlıq Qarabağa siyasi müstəqillik istəyirdi.
İşğalçı Ermənistanın Dağlıq Qarabağa siyasi müstəqillik tələb etməsinin heç bir əsası yox idi. Bunu tarixi faktlar və sənədlər, eləcə də beynəlxalq hüquq inkar edir. Ermənistanın işğal altındakı ərazilərdə qurduğu “DQR” xunta rejimi idi və sırf separatizmə əsaslanırdı ki, bu da müasir dünyada heç cür qəbul edilə bilməz. Belə bir separatçı rejimin mövcudluğu regional və qlobal təhlükəsizliyə ciddi təhdidlər yaratmaqla son dərəcə təhlükəli presedentlərə yol açırdı.
Azərbaycan, təbii ki, Ermənistanın heç bir fundamental əsası olmayan, sırf işğal faktına əsaslanan belə avantürist mövqeyini qəbul edə bilməzdi və etmədi də. Prezident İlham Əliyev son müsahibələrində dəfələrlə qətiyyətlə bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması bizim üçün bir nömrəli ümummilli məsələdir və Dağlıq Qarabağa siyasi müstəqillik verilməsindən söhbət belə gedə bilməz. İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycan tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini döyüş meydanında təsdiqlədi və bu, bəhs olunan bəyanatın müddəalarından da aydın şəkildə görünür. Bəyanatda indiyədək işğaldan təmizlənməyən ərazilərimizin geri qaytarılması qrafiki öz əksini tapıb. Diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, bəyanatda Dağlıq Qarabağa status verilməsindən heç bir söhbət açılmır. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ birmənalı şəkildə respublikamızın yurisdiksiyasında olacaq.
Beləliklə, Ermənistan 30 ildir danışıqlar prosesində nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları tamam pozuldu. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.
Sirr deyil ki, 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə girməsi ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir, formalaşdırılmış mifi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına 45 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Prezident İlham Əliyev torpaqlarımızın işğaldan təmizlənməsini xoşbəxtlik kimi səciyyələndirərək deyib: “Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir”.
İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir. Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Bu, bir həqiqətdir ki, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa şəhəri isə Azərbaycanın əlindədir. Kəlbəcər, Ağdam və Laçının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək. Qeyd edək ki, Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Laçın dəhlizində Ermənistan hərbçiləri olmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq. Prezident İlham Əliyev bəyanatda Dağlıq Qarabağın statusu ilə bağlı bir kəlmə belə yazılmadığına diqqət çəkərək “Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir, “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq”, - deyə vurğulayıb.
Naxçıvanla quru əlaqəsinin yaradılması ilə Muxtar Respublikanın blokadasına son qoyulacaq
Ermənistanın işğalçılıq siyasətindən ən çox əziyyət çəkən bölgələrimizdən biri də Naxçıvandır. Muxtar Respublikanın Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi tamam kəsilib və üç onillikdir ki, bu bölgənin sakinləri blokada şəraitində yaşayırlar. Xatırladaq ki, birinci Qarabağ müharibəsi dövründə Naxçıvanı xalqımızın Ümummilli Lideri Heydər Əliyev yaşatdı. Həmin dövrdə Moskvadan Vətənə dönən Ulu Öndərin respublikamızın paytaxtı Bakıda qalmasına bəzi dönüklər, xəyanətkarlar, çörəyi dizinin üstündə olanlar imkan vermədilər. Belə çətin dönəmdə məhz Naxçıvan öz dahi oğluna qucaq açdı və O, çətinliklərə mərdliklə sinə gərərək Muxtar Respublikanı gözlənilən xarici təhdidlərdən, Ermənistanın təcavüzündən, eləcə də aclıq təhlükəsindən qorumağa müvəffəq oldu.
Naxçıvanın mərd insanları həmçinin ikinci Qarabağ müharibəsində qələbəmizin təmin olunmasında yaxından iştirak ediblər və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlər veriblər. Beləliklə, bəlli səbəblərdən üç onillik ərzində ana Azərbaycandan ayrı düşən Naxçıvanın da ümumi qələbəmizdən pay almağa tam mənəvi haqqı var idi. Deyə bilərik ki, bu haqq təmin olunub. Başlanan proses çərçivəsində Naxçıvan da blokadadan azad olunur. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil. İndiyədək blokada şəraitində yaşayan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəsinin yaradılmasının önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır”.
Vurğulamaq yerinə düşər ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəsinin yaradılmasına məhz Prezident İlham Əliyev təkid edib. Müraciətdə də bildirildiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə Naxçıvanın blokadasına son qoyulması məsələsinin birbaşa əlaqəsi yoxdur. Ancaq Prezident İlham Əliyev bu məsələdə təkid edib və bəyanatın mətnində Onun bu istəyi də nəzərə alınıb.
Azərbaycan Türkiyəni fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb etməyə nail oldu
Bəhs olunan bəyanatda sülhyaratma mexanizmi də öz əksini tapıb. Sənədin 3-cü bəndinə əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Sənəddə vurğulanır ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdiriləcək. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Beləliklə, Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Prezident İlham Əliyev xalqa müraciətində Türkiyənin sülyaratma prosesində iştirakını özündə ehtiva edən 5-ci bəndin mahiyyətinə aydınlıq gətirərək vurğulayıb: “Mən deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır”.
Qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak etməsi müstəsna önəm daşıyır. Məlum olduğu kimi, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin lap əvvəlindən Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxıb və daim Azərbaycanın yanında olub. Qardaş ölkə respublikamıza dəstəyinin ifadəsi olaraq işğalçı ölkə ilə sərhədlərini bağlayıb. Biz Türkiyənin dəstəyini həmçinin ikinci Qarabağ müharibəsi günlərində də gördük. Bəzi dairələr əsassız iddialar səsləndirərək bildirirdilər ki, Türkiyə respublikamıza hərbi yardım göstərir, Azərbaycan tərəfdən vuruşmaq üçün Suriyadan muzdlular gətirir. Lakin bu kimi iddialar sübut olunmadı. Demoqrafik böhran yaşayan düşmən tərəfdən fərqli olaraq, Azərbaycanın kifayət qədər insan resursu var. Əksinə, müharibənin getdiyi günlərdə sübut olundu ki, xaricdən gətirilən muzdlu döyüşçülər məhz Ermənistan tərəfdən döyüşlərdə iştirak edir. Türkiyənin Azərbaycana dəstəyinə gəldikdə isə, bəli, belə dəstək var. Bunu nə Türkiyə, nə də Azərbaycan inkar edir. Ancaq bu dəstək hərbi yox, mənəvi və siyasi dəstəkdir. Qardaş Türkiyə əvvəllər olduğu kimi, ikinci Qarabağ savaşında da haqq işi aparan Azərbaycanın yanında oldu və bu da ümumi qələbəmizin təmin olunmasında, ölkəmizin özünəinam hissinin artmasında mühüm rol oynadı.
Mübariz ABDULLAYEV
- Oxunub: 1890 |
- Tarix: 13-11-2020 |
-
Çap et |