“Bu qələbə münasibətilə, Qarabağın işğaldan azad edilməsi münasibətilə başda cənab Prezidentimiz olmaqla xalqımızı təbrik edirəm. Bu qərar tariximizin son yüzilliyində Azərbaycanın qələbəsinə xidmət edən nadir bir haldır. Üç dövlətin başçısı tərəfindən imzalanmış bu bəyanatı çox yüksək qiymətləndirirəm. Bu bəyanatın imzalanması birmənalı şəkildə işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təmin edir”.
Bunu açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti bu qərarı məhz apardığı qətiyyətli döyüşlə əldə etdi.
Partiya sədri vurğulayıb ki, Ali Baş Komandanımız hər zaman deyirdi ki, biz sona qədər gedəcəyik və torpaqlarımızın azadlığına nail olacağıq. “Yəqin ki, ermənilərin ya ağlı başına gəldi, ya da ağlını başına gətirənlər tapıldı. Bu müharibə Ermənistanı bir dövlət olaraq süquta aparırdı. Nəhayət düşmən məcbur olub bu razılaşmanı imzaladı. Bu çox vacib bir məsələdir. Biz də cənab Prezidentimizin hər bir fikrinin, sözünün altına öz imzamızı atırıq və bir partiya olaraq da hər zaman dəstəyimizi ifadə etmişik. Bəziləri bu qələbəyə kölgə salmağa cəhd göstərir, amma bu insanlar anlamalıdır ki, onların bu cəhdi baş tutmayacaq. Cənab Prezident bildirib ki, nəyin nə vaxt ediləcəyini o daha yaxşı bilir. Həyat da bunu sübut etdi. Məhz Prezidentimizin böyük iradəsi nəticəsində bu gün Qarabağ bizimdir. Bu, Prezidentimizin, Ordumuzun, əsgərimizin gücü ilə baş verdi”, - deyə T.Kərimli əlavə edib.
PƏRVİZ
- Oxunub: 1560 |
- Tarix: 11-11-2020 |
-
Çap et |