“Vətən müharibəsinin zəfərlə bitməsi Azərbaycan dövlətinin, xalqının böyük uğurudur. Bu zəfərin memarı, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Ali Baş Komandanımızı, ordumuzun hər bir əsgər və zabitini, bütövlükdə xalqımızı təbrik edirəm. Sentyabrın 27-dən bu günə qədər xalqımız bir yumruq kimi birləşərək öz Prezidentinin iradəsinin, qətiyyətinin dayağı oldu. Siyasi kimliyindən, mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız ümummilli mübarizəmizə öz töhfəsini verdi. Bunun nəticəsidir ki, düşmən bütün cəbhələrdə - həm hərb meydanında, həm informasiya müharibəsində acı məğlubiyyətə uğradıldı. Bu günlərdə hər bir sahə düşmənlə mübarizədə bir cəbhə idi. Hər kəs Azərbaycan xalqının, dövlətinin gücünü, Azərbaycan ordusunun və hərbi potensialının qüdrətinin hər kəsi qələbə münasibətilə təbrik edirəm”.
Bunu açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, qələbə, zəfər, Vətənə qayıdış hissi ifadə edilməyəcək qədər qürurverici hisslərdir. Partiya sədri vurğulayıb ki, döyüşlər başlanan gündən ASRP-nin bütün üzvləri könüllü olaraq Vətənə xidmət etmək üçün müvafiq dövlət strukturlarına müraciətlər etdi və ASRP bu mübarizədə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanında yer aldığını, aparılan siyasəti dəstəklədiyini bildirdi. “Bizim Vətən savaşımız həm də milli birliyimizin gücləndirilməsinə öz töhfəsini vermiş oldu. Xalqımız, siyasi partiyalar bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qətiyyətini, lazımı anda öz dövləti və Ali Baş Komandanı ətrafında birləşə bilmək əzmini nümayiş etdirdi. Biz haqq, ədalət uğrunda döyüşdük, hüquqlarımızın bərpası üçün mübarizə apardıq və qələbə qazandıq. Möhtəşəm qələbəmiz Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcıdır”, - deyə Ə.Kazımova əlavə edib.
Pərviz SADAYOĞLU
- Oxunub: 1440 |
- Tarix: 11-11-2020 |
-
Çap et |