Terroru dövlət siyasətinə çevirmiş təcavüzkar Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərpa edilməsinə, iqtisadi inkişafa ən böyük təhdiddir. Uzun illərdir, Azərbaycan torpaqlarını işğal altında saxlayan bu ölkənin apardığı siyasətin mahiyyətinin birmənalı şəkildə faşizmə, terrorizmə söykənməsi isə növbəti dəfə öz təsdiqini tapır. Belə ki, sentyabrın 27-dən başlayaraq erməni təxribatlarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatlarının gedişində Ermənistan öz mənfur simasını növbəti dəfə dünya ictimaiyyətinə nümayiş etdirdi. Döyüşlərin getdiyi ötən müddət ərzində 3 dəfə humanitar atəşkəslə bağlı razılığı pozaraq dinc əhaliyə qarşı hücumlar təşkil etməklə, günahsız insanları, o cümlədən körpələri qətl etməklə Ermənistan cinayətkar xislətə malik olduğunu bir daha sübuta yetirdi. Qeyd edək ki, bütün bunlarla yanaşı, işğalçı dövlət ordumuza qarşı döyüşlərdə geniş şəkildə muzdlulardan və yaraqlılardan da yararlanır, onları hərbi əməliyyatlara cəlb edir.
Maraqlıdır ki, muzdluların xidmətindən geniş şəkildə yararlanan Ermənistan guya Azərbaycan tərəfində muzdluların döyüşməsi barədə uydurma iddialar ortaya atmağa cəhd göstərir. Amma faktlar işğalçı ölkənin uğursuz səylərini alt-üst edir. Bu gün terrorçuların Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. “ASALA” və bu kimi terror təşkilatları yaradan, o cümlədən onların xidmətindən uzun illərdir ki, yararlanan bir ölkənin aktiv döyüşlərin getdiyi bir zamanda yenidən terrorçuların xidmətinə müraciət etməsi isə olduqca realdır. Əldə edilən məlumatlar da bu gün cəbhə xəttində ölkəmizin Silahlı Qüvvələrinə qarşı muzdlu terrorçuların döyüşdüyünü təsdiqləyir. Konkret olaraq PKK və Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar. Bu günə kimi 22 PKK/YPQ yaraqlısının məhv edildiyinə dair məlumatlar da mövcuddur.
Qeyd edildiyi kimi, xarici KİV-lərdə yayımlanan materiallar da bu reallığı təsdiqləyir. Məsələn, Almaniyanın “Nex24.news” portalında Ermənistan tərəfindən PKK döyüşçülərinin Azərbaycana qarşı vuruşması ilə bağlı məqalə dərc edilib. Bununla yanaşı, hələ aktiv döyüşlər başlamazdan öncə Qarabağdakı qondarma rejimin başçıları özləri etiraf edirdilər ki, Yaxın Şərq ölkələrindən yüzlərlə erməni Azərbaycanın işğal olunan ərazilərinə köçürülür. Bu, həm də onu deməyə əsas verir ki, işğalçı Ermənistan “erməni ailəsi” adı altında məhz PKK terrorçularını və muzdlu döyüşçüləri işğal altındakı Azərbaycan torpaqlarına yerləşdirməklə məşğul imiş. Eləcə də hazırda döyüşlərin getdiyi işğal altındakı Azərbaycan torpaqlarında Ermənistan tərəfindən muzdluların xidmətlərindən istifadə olunması sosial şəbəkələrdə yayılan video və fotogörüntülərdə də öz əksini tapmaqdadır. Bununla terrorçu dövlətin bir daha beynəlxalq hüquq normalarını pozaraq hərbi cinayət törətdiyi təsdiqlənir.
Pərviz SADAYOĞLU
- Oxunub: 1890 |
- Tarix: 07-11-2020 |
-
Çap et |