Prezident İlham Əliyev: Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır
Bu gün dünyanın gözü Azərbaycandadır. Müzəffər Ordumuz döyüş meydanlarında qələbələr qazanaraq işğalçı Ermənistanın hərbi birləşmələrinə dərs verir, onları geri otuzduraraq torpaqlarımızı işğaldan təmizləyir və beləliklə də, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tarixi ədaləti, beynəlxalq hüququ təmin edir. Silahlı Qüvvələrimizin uğurlarından söhbət açarkən, ilk növbədə qələbələrimizi şərtləndirən amillərə diqqət çəkmək lazımdır. Bu gün heç kəsdə şübhə yoxdur ki, Azərbaycan Ordusunun uğurları Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
Azərbaycanın dövlət başçısını, ilk növbədə qurucu və müasir düşüncəli Lider kimi səciyyələndirmək mümkündür. O, ötən dövrdə respublikamızı yeni dünya trendləri və aktual çağırışlar əsasında müasir dövlət kimi inkişaf etdirməyə nail olub. Bəhs olunan dövrdə ölkəmizin prioritetləri düzgün müəyyənləşdirilib və qüvvələr, imkanlar qarşıya qoyulan məqsədlərə çatmaq üçün səfərbər edilib. Genişmiqyaslı islahatlar aparılaraq ölkənin iqtisadi sistemi yenidən qurulub, güclü iqtisadi potensial yaradılıb. Karbohidrogen ehtiyatlarının hasilatı və ixracı istiqamətində inqilabi addımlar atılıb, ölkəmizin siyasi və iqtisadi maraqları məharətlə uzlaşdırılıb. Bütün bunlar Azərbaycanı milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlətə çevirib.
Qısa müddətdə 200-dək yaşayış məntəqəsinin işğaldan azad olunması müzəffər Ordumuzun gücünü nümayiş etdirir
Son 17 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müasir və güclü ordu quruculuğu Azərbaycanın prioritetləri sırasında yer alıb ki, bu da təsadüfi deyildir. Azərbaycanda ordu quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi, ilk növbədə Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirməsi ilə bağlıdır. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində qeyri-legitim yolla hakimiyyətə gələn AXCP-”Müsavat” iqtidarı diletantlığı və korporativ maraqları ucbatından qısa müddətdə Azərbaycanı tənəzzüllə, xaosla üz-üzə qoymuşdu. Belə vəziyyətdən istifadə edən Ermənistan güc tətbiq etməklə torpaqlarımızın 20 faizini işğal altına aldı və həmin ərazilərdə etnik təmizləmə apararaq 1 milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldı.
Ötən dövrdə Azərbaycan ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına iki istiqamətdə səy göstərib. Ölkəmiz bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak edib. Üç onillik ərzində danışıqlarda konstruktivlik göstərməsi ölkəmizin sülhə necə böyük önəm verməsini təzahür etdirir.
Təəssüf ki, eyni sözləri işğalçı Ermənistan barəsində söyləmək mümkün deyil. Ermənistan üç onillik ərzində yalnız o məqsədi güdüb ki, işğal məhsulu olan status-kvo sonsuzadək uzansın. Son vaxtlarda Ermənistanın hərbi-siyasi rəhbərliyi daha da azğınlaşaraq “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirirdi. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibədə müharibənin alovlanmasının bütün məsuliyyətinin işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirərək “Mən 17 il nizamlamaya dair danışıqlar aparmışam. Ermənistanın əvvəlki iki prezidenti ilə biz baza prinsiplərinin razılaşdırılması üzrə kifayət qədər ciddi yol keçmişik. Buna görə də obyektiv müşahidəçilərə aydındır ki, təqsir bizdə deyil, təqsir Ermənistanın baş nazirinin bu cür qeyri-adekvat, irrasional, təhlükəli davranmasındadır”, - deyə vurğulayıb.
Belə məkrli düşmənlə üz-üzə dayanan Azərbaycan öz Ordusunu gücləndirməli idi və praqmatik siyasətçi olan İlham Əliyev ölkəmizin güclü iqtisadi potensialından, geniş maliyyə imkanlarından bəhrələnməklə buna nail olmağı bacarıb. Beləliklə, son 17 ildə ölkəmizdə müasir ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb. Belə ki, bəhs olunan dövrdə respublikamızın dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmlərdə vəsait ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. Bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar var. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv etməyə qadirdir. Ordumuz öz tərəfdaşlarının, o cümlədən də qardaş Türkiyənin silahlı qüvvələri ilə vaxtaşırı hərbi təlimlər keçirir ki, bu da şəxsi heyətin peşəkarlığının, döyüş hazırlığının artmasına öz müsbət təsirini göstərir. Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub. Hazırda yerli müəssisələrdə buraxılan müxtəlif adda yüksəkkeyfiyyətli silah-sursat Ordumuzun təchizatında mühüm rol oynayır.
Bu gün güclü Ordu Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqe ortaya qoymasında çox mühüm amil qismində çıxış edir. Silahlı Qüvvələrimiz sentyabrın 27-də düşmən qüvvələrinin cəbhə xəttində törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq başladığı əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanlarında düşməni əzərək, onları qovaraq şərəfli bir tarix yazır. Müzəffər Ordumuzun şücaəti sayəsində təmas xətti, düşmənin işğal altındakı ərazilərdə onilliklər boyu qurduğu istehkamlar yarılıb, daha status-kvo yoxdur. Qısa müddətdə Silahlı Qüvvələrimiz 200-dək yaşayış məntəqəsini, o cümlədən bir sıra strateji yüksəklikləri, Suqovuşan, Hadrut qəsəbələrini, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini işğaldan azad edib ki, bu da müzəffər Ordumuzun gücünü nümayiş etdirir. Zəngilanın Ağbənd qəsəbəsinin işğalçılardan təmizlənməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisə, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan müsahibəsində müzəffər Ordumuzun döyüş meydanlarında qazandığı uğurlardan qürur hissi ilə söhbət açaraq vurğulayıb: “Ərazinin relyefi də erməni tərəfi üçün daha əlverişlidir, çünki ora dağlıq ərazidir və bizim hərbi qulluqçular əks-hücum əməliyyatlarını həyata keçirərkən həm mühəndis qurğularını, həm də dağlıq relyefi adlamalı olurdu. Buna görə də bütün bu amillər nəzərə alınmaqla, ölkəmizin ərazilərinin xeyli hissəsi bir ay ərzində azad edildi və bu, göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib”.
Xalq-iqtidar birliyi və həmrəylik Azərbaycanın milli gücünü artıran çox mühüm amildir
Onu da qeyd edək ki, bu gün respublikamızda getdikcə möhkəmlənən xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın milli gücünü artıran çox mühüm amil qismində çıxış edir. Son 17 ildə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəldilib, Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilib. Dövlət başçımızın dəfələrlə bildirdiyi kimi, respublikamızda aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Bütün bu kimi amillər, məqsədyönlü siyasət nəticəsində ölkəmizdə yaranan müsbət reallıqlar Azərbaycan cəmiyyətində dövlətə inamı, vətəndaş məmnunluğunu getdikcə daha da artırır.
Azərbaycan cəmiyyətinin monolitliyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daha qabarıq şəkildə özünü büruzə verir. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması bizim üçün bir nömrəli ümummilli məsələdir. Bu məsələdə həm dövlət, həm də cəmiyyət, necə deyərlər, çəkici eyni zindana vurur, eyni hədəfə çatmağa böyük səy göstərir. Burada dövlətimizin başçısı xalqı, cəmiyyətin bütün təbəqələrini öz arxasınca aparan əsas simadır. Prezident İlham Əliyev uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzidir. Dövlətimizin başçısı bütün çətinliklərə, xarici qüvvələrin təzyiqinə cəsarətlə sinə gərir, onları dəf edir, Azərbaycan xalqının haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyur. Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı. Dövlət başçısı Öz fəaliyyətini cəmiyyətdən gələn sifarişlər əsasında qurduğu kimi, həm də daim xalqa hesabat verir. Bu gün döyüş meydanlarında Ordumuzun qələbələri ilə bağlı müjdələri xalqa çatdıran, bu müjdələrlə insanları sevindirən də məhz Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı oktyabrın 26-da xalqa növbəti müraciətində Azərbaycan cəmiyyətinə həmişə həqiqəti çatdırdığına xüsusi diqqət çəkib. “Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hər zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm, bütün məsələlərlə bağlı. Bu gün də məlumat verirəm, bəlkə də tam məlumat deyil. Çünki müəyyən diplomatik qaydalar var. Amma nəyi demək mümkündürsə, onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya”, - deyə Prezident İlham Əliyev bildirib.
Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı qətiyyətli addımlar sayəsində torpaqlarımızın işğaldan təmizlənməsi xalqımız üçün həqiqət anıdır. Son 30 ildə xalqımız işğal altında olan torpaqlarımızın həsrəti ilə yaşayıb. İndi xilaskarlıq missiyası yerinə yetirən Prezident, Ali Baş Komandan İlham Əliyev son 17 ildə qurduğu müzəffər Ordumuzun sayəsində bu çoxillik həsrətə son qoyur. Ordumuzun uğurlu əks-hücum əməliyyatları Azərbaycan cəmiyyətinin monolitliyini daha da artırıb. Bu gün Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşib, Ona sonsuz etimad, inam, dəstək nümayiş etdirir.
Mübariz ABDULLAYEV
- Oxunub: 1500 |
- Tarix: 04-11-2020 |
-
Çap et |