“Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan xalqına son müraciətində diqqət çəkən əsas məqamlardan biri oktyabrın 29-da Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü barədə səsləndirdiyi fikirlər oldu. Prezident bildirdi ki, Amerikada baş tutan son danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Lakin bu görüşlərin hansısa bir mənası, səmərəsi, nəticəsi olmalıdır”.
Bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, Cenevrə görüşü də əvvəlki görüşlər kimi səmərəsiz olacaqsa, heç bir önəm kəsb etməyəcək. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan artıq bu mənasız görüşlərdən, yalançı vədlərdən, qeyri-səmimi diplomatiyadan yorulub. Onun sözlərinə görə, Azərbaycan xalqı artıq həmsədrlərə inamını itirib. İndi Azərbaycanda heç kim ATƏT-in Minsk qrupunun həmsədrlərinə inanmır. Əksinə, insanlarımızda həmsədrlərə qarşı ikrah hissi, narazılıq var. Partiya sədrinin fikrincə, həmsədrlər artıq Qarabağ məsələsinin dinc yolla nizama salınması ilə bağlı nəyisə həll etmək imkanlarına malik olmadıqlarını nümayiş etdiriblər: “Amma bütün bunlara baxmayaraq, rəsmi Bakı yenə də sülhün tərəfdarı kimi çıxış edir və məhz buna görə də görüşlərin keçirilməsinin, müzakirələrin aparılmasının əleyhinə deyil. Bunu rəsmi Bakının həmsədrlərə verdiyi son şans kimi də qiymətləndirmək olar. Ancaq Azərbaycan tərəfi bildirir ki, görüşlər substantiv olmalı, mahiyyətə yönəlik və sürətli şəkildə aparılmalıdır. Heç bir süni şəkildə ləngitmələr, prosesi uzatmalar ola bilməz. Zatən, cənab Prezident də xalqa müraciətində açıq şəkildə bildirdi ki, daha 28 il gözləmək niyyətində deyilik və bizim çox konkret tələblərimiz var - Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır. Bununla bağlı bizə konkret qrafik verməlidir. Eyni zamanda, Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməlidir. İndi baxaq görək işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi bizim bu şərtlərimizi, tələblərimizi qəbul edib konstruktivlik nümayiş etdirəcəkmi?”.
Partiya sədri “Bütün hallarda Qarabağda son sözü Azərbaycan Ordusu deməli olacaq”, - deyə bildirib.
Nardar BAYRAMLI
- Oxunub: 1650 |
- Tarix: 04-11-2020 |
-
Çap et |