Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin

Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin

08.04.2020 [10:13]

Tibbi maska istehsalı Azərbaycanda koronavirusla mübarizəyə mühüm töhfədir

İlk dəfə ötən ilin dekabrında Çində baş qaldıran və çox sürətlə sərhədləri aşaraq ayrı-ayrı ölkələrə yayılan yeni növ koronavirus (COVİD - 19) epidemiyası qlobal miqyasda böyük narahatlıqlar yaradıb. İndiki çətin şəraitdə meydana çıxan əsas çağırışlardan biri pandemiyanın yayılma arealının daha da genişlənməsinin qarşısının alınması, insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Azərbaycan ölkə ərazisində xəstəliyin ilk yayılma faktı qeydə alınadıqdan etibarən bəhs olunan məsələlərə çox böyük həssaslıqla yanaşır. İndiyədək respublikamızda bir sıra çox mühüm qabaqlayıcı və mübarizə xarakterli xüsusi tədbirlər həyata keçirilib. Bütün operativ tədbirlər Prezident İlham Əliyevin şəxsi nəzarəti altında və Onun tapşırıqları nəzərə alınmaqla görülür. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan xalqına müraciət edib. Prezident İlham Əliyev bəhs olunan müraciətində diqqəti ölkəmizdə yeni növ koronavirus infeksiyasının daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə görülən işlərə çəkərək “Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür”, - deyə bildirib.
Ölkədə operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması, əlbəttə ki, öz səmərəsini verir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. “Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır. Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir. Hər bir insan o saytlara girib baxa bilər, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq”, - deyə dövlətimizin başçısı bildirib.

Ölkədə qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edir

Hazırda yeni növ koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar dünyada tibbi ləvazimatlara, qoruyucu vasitələrə, o cümlədən də maskaya tələbat kəskin şəkildə artıb. Bu səbəbdən də bütün dünya ölkələrində qeyd olunan qoruyucu vasitələrin qıtlığı müşahidə edilir. Eyni zamanda, istehsalçı ölkələr tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Belə bir şəraitdə respublikamızın aidiyyatı dövlət qurumları Prezident İlham Əliyevin tapşırığına əsasən qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olublar.
Yeni istehsal müəssisəsinin açılış mərasimində məlumat verilib ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək.
Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edir. Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır. Prezident İlham Əliyev ölkəmizdə tibbi maska istehsalına başlanılmasını əlamətdar hadisə kimi dəyərləndirib. Bu xüsusda fikirlərini ifadə eedən dövlətimizin başçısı vurğulayıb: “Bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq”.
Sumqayıt Kimya Sənaye Parkında yeni istifadəyə verilən istehsalat ölkəmizdə tibbi maska buraxan yeganə müəssisə olmayacaq. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq.
Qısa müddətdə tibbi maska istehsalatının istifadəyə verilməsi güclü dövlət olan Azərbaycanın imkanlarını göstərən önəmli hadisədir. Respublikamızda yaradılmış infrastruktur imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun. Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, qısa müddət ərzində Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Hazırda ölkəmizdə 6 şirkət dezinfeksiyaedici məhlullar istehsalı ilə məşğuldur.
Yaranmış həssas məqamda əsas məsələlərdən biri də apteklərdə və digər ticarət yerlərində süni qiymət artımına yol verilməməsi ilə bağlıdır. Prezident İlham Əliyev bildirib ki, indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək: “Maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.

Vaxt amilinin, həkimlərin peşəkarlığının və mövcud imkanların vəhdəti Azərbaycanın yaranmış vəziyyətdən az itkilərlə çıxmasına şərait yaradır

İndiyədək görülən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan dövləti daim öz vətəndaşlarının yanındadır və həmişə onların qayğısına qalır. Qlobal pandemiya şəraitində yalnız ölkə daxilindəki vətəndaşlarımız deyil, eyni zamanda, xaricdə yaşayan soydaşlarımız da Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunublar. Qeyd etmək yerinə düşər ki, indiyədək xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində səmərəli nəticələr əldə edilib. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, karantində olan insanların mütləq əksəriyyəti yaradılmış şəraitdən çox razıdırlar. Onlar dövlətə və həkimlərə minnətdarlıqlarını ifadə edirlər. Məlumat üçün bildirək ki, 4500-ə yaxın insan Atletlər kəndi, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdiriliblər. Karantində olan şəxslərə gündəlik yemək verilir, onlar tibbi müayinədən keçirlər.
Hazırda Azərbaycanda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verilib və orada koronavirus xəstələri müalicəyə cəlb olunublar. Bu xəstəxanaların arasında ölkəmizin ən müasir xəstəxanası – cari il mart ayının sonlarında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Yeni klinika” da var. Qeyd edək ki, bu klinika vaxtından əvvəl istifadəyə verilib, orada xəstələri qəbuletmə imkanları tədricən artırılacaq. Prezident İlham Əliyev ölkəmizdə koronavirus epidemiyasının daha geniş miqyasda yayılmasına qarşı tədbirlərin kompleks şəkildə aparılmasının önəminə diqqət çəkərək bildirib: “Mübarizədə əsas məsələlərdən biri vaxt məsələsidir. Biz vaxtı nə qədər daraltsaq, nə qədər az vaxt çərçivəsində işləri görsək, xəstəliyə qarşı mübarizədə o qədər uğur qazana bilərik. Ona görə vaxt amili və əlbəttə, həkimlərin peşəkarlığı, bizim imkanlarımız, bütün bu amillərin vəhdəti bu gün imkan verir ki, Azərbaycan hələ də az itkilərlə bu vəziyyətdən çıxır”.
Gələcəkdə ölkəmizdə yeni növ koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin miqyası daha da genişləndiriləcək. Yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Yeni texnologiyalar əsasında inşa ediləcək xəstəxanalar bütün lazımi avadanlıqla təchiz ediləcək. Hər bir xəstəxananın çarpayı sayı 200 olacaq. Belə xəstəxanaların qısa müddətdə qurulması, əlbəttə ki, koronavirus pandemiyasına qarşı mübarizədə ölkəmizə əlavə imkan qazandıracaq.


Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 272 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30