
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xalqımızın və dövlətimizin bir nömrəli milli problemi olmaqla, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətini təşkil edir. Bu səbəbdən də, dövlətimiz bütün resurslarını işə salmaqla, münaqişənin həlli istiqamətində milli maraqlar çərçivəsində mühüm addımlar atır. Əlbəttə, ötən müddət ərzində Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından konkret nəticələr əldə olunmasa da, işğalçı tərəfi danışıqlar masası arxasına əyləşməyə və torpaqlarımızdan çıxmağa razılıq verən sənədə imza atmağa məcbur edəcək hüquqi müstəvi formalaşdırılıb. BMT TŞ, AŞPA, ATƏT, İKT kimi beynəlxalq təşkilatların yığıncaqlarında Ermənistanın işğalçı tərəf olduğunu təsdiqləyən və Azərbaycanın torpaqlarını tərk etməyi nəzərdə tutan mühüm sənədlər qəbul edilib. Beynəlxalq hüquq və prinsipləri ehtiva edən bu sənədlərdə dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha bildiriblər. Sərhədlərimizin toxunulmazlığı və suverenliyimizin tanınması ayrı-ayrı ölkələrin rəhbərləri tərəfindən də dəfələrlə səsləndirilib. Amma hələ də dünya güclərinin maraqları ucbatından beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin icra mexanizmi işləmədiyi üçün Azərbaycanın torpaqları işğalçı qüvvələrdən təmizlənməyib...
Bununla belə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağına ümidlərimizi daha da artırır.
Yanlış məlumat hadisələrin gedişini dəyişə bilər...
Torpaqlarımızın işğal olunduğu bir vaxtda ölkəmizin “informasiya müharibəsindən” kənar qalması mümkün deyil. Dövlətimizin bu sahədə qarşısında duran vəzifələrdən biri məhz, dünya mətbuatında münaqişə ilə bağlı obyektiv, peşəkarlıqla təhlil edilmiş materialların dərcinə nail olmaqdır. çünki, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi bilavasitə bu amildən asılıdır. Bu baxımdan da, dövlətimiz müxtəlif kanallarla ermənilərin torpaqlarımıza olan iddialarını “isbatlayan”, münaqişə ilə bağlı faktları təhrif edən materialların dərcinin qarşısını alır. Amma hərdən işğalçı dövlətin lobbisi buna qismən nail olur...
Elmi araşdırmalarla məşğul olanlara bəllidir ki, hansısa problemlə bağlı araşdırmalar aparılarkən elmi ədəbiyyatlara, faktlara, arxivlərə müraciət olunur. Amma zaman ötdükcə, faktlar, sübutlar kağızdan kompüterlərə, qlobal şəbəkələrə daşınır. Bu baxımdan da, hansısa məsələlərlə bağlı araşdırmalar apararkən, təhriflərə, faktların yanlışlığına yol verilə bilər.
Araşdırmaçıların istinad etdikləri mühüm mənbələrdən biri də tədqiqat obyekti ilə bağlı mətbuatda dərc olunan materiallardır. Qeyd etdiyimiz kimi, həmin mətbuat materiallarında dərc olunan məlumatların saxtalığı sonda hansısa bir xalqın həyatında yaşanmış hadisələrin tarixdən silinməsinə gətirib çıxara bilər...
Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, orada baş vermiş hadisələr barədə geniş məlumatlar dünya mətbuatında yer almaqdadır. Əlbəttə, onların hamısı uzun illər Dağlıq Qarabağa göz dikmiş ermənilərin azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti barədə həqiqəti yazmır. Erməni donorlarının təsirinə düşən bir sıra xarici televiziya və mətbuat vasitələri yaradıcılıq fəaliyyətindən kənar, birtərəfli şəkildə materiallar hazırlamaqla, öz növbəsində yalnış ictimai fikir formalaşdırırlar. Məhz bu cür halların qarşısının alınmaması gələcəkdə xalqımızın böyük problemlərlə qarşılaşacağına mühüm zəmin yarada bilər.
Dünya mətbuatına mesaj...
çox zaman deyirik ki, tarix Ermənistanın Azərbaycan xalqına qarşı işlətdiyi cinayəti iri daşların altında qaranlıqda gizlətməyəcək, əvvəl-axır dünyaya bəlli olmayan erməni terrorunun əməlləri üzə çıxacaq. Əlbəttə, bu bir faktdır və bunu danmaq olmaz. Amma tarixin gedişini də məhz faktların ortaya çıxmasını istəyən həmin xalqın nümayəndələri etməlidirlər və o zaman tarix bütün məsələləri çılpaqlığı ilə üzə çıxara bilər...
Hər zaman cəmiyyəti düşündürən, dövlətin inkişafını təmin edən məsələlər barədə dəyərli fikirlərini, tövsiyələrini bir ziyalı olaraq bölüşən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qeyd olunan tarixi missiya ilə də bağlı fikirlərini bu dəfə daha geniş auditoriyanın diqqətinə çatdırıb. Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun açılış mərasimində çıxış edən akademik Ramiz Mehdiyev Rusiya mətbuatında qeyd edilən problemlərin olduğunu nəzərə çatdırıb və jurnalistləri münaqişə ilə bağlı hadisələri obyektiv araşdırmağa, peşəkarcasına işıqlandırmağa çağırıb: “Mən Rusiyanın ziyalı elitasının burada iştirak etməsindən istifadə edərək, Dağlıq Qarabağ münaqişəsinin tarixindən daha ətraflı danışmaq istərdim. Əlbəttə, bu gün Rusiyada bu münaqişə barədə çox yazılır. Şübhəsiz ki, yazılar müxtəlifdir. Onların bir hissəsi həqiqətən, məsələnin mahiyyətini anlamağa və münaqişədən çıxış yollarını axtarmağa kömək edir. Digər hissəsi isə yalnız bir tərəfin mövqeyini bilərəkdən qərəzli şəkildə ifadə edir. Bütün bu hadisələrin bilavasitə şahidi kimi mən jurnalistləri hadisələri daha peşəkarcasına işıqlandırmağa çağırmaq istərdim. Bəzən elə təəssürat yaranır ki, bu mövzuda yazanlar Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedovun XIX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə məşhur məktubunu oxumamış, XIX əsrin əvvəllərində Qafqazın real etnik xəritəsi barədə heç bir məlumata malik deyillər. “Gülüstan” və “Türkmənçay” sülh müqavilələrindən sonra təkcə İrandan Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarına 40 mindən çox erməni köçürülmüş, İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülən ermənilərin ümumi sayı isə təxminən 200 min nəfər təşkil etmişdir. Təsadüfi deyildir ki, Aleksandr Qriboyedov yazırdı ki, azərbaycanlılar köçkün ermənilərin həmişəlik Qarabağda qalacağından qorxurlar. 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin buraya köçməsinin 150-ci ildönümünə həsr olunmuş abidənin təntənəli açılışı olmuşdur. Bütün bunlara baxmayaraq, mətbuatda bəzən indi də Dağlıq Qarabağın Azərbaycana İosif Stalin tərəfindən hədiyyə edilməsi barədə cəfəng bəyanatlar səslənir. Stalinin “hədiyyələri” barədə yalnız belə arayış verə bilərəm. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun ərazisi 114 min kvadratkilometrə bərabər idi. İndi bu rəqəm 86,6 min kvadratkilometrdir. 1937-ci il şəraitində sərhədlər elə cızılmışdı ki, 300 min azərbaycanlının yaşadığı böyük bir ərazi Ermənistan SSR-in, 500 min azərbaycanlının yaşadığı digər bir ərazi Gürcüstan SSR-in tərkibinə verilmişdi. 1948-ci ildə Stalinin bədnam fərmanları guya vətənlərinə qayıdan ermənilər üçün torpaqların boşaldılması məqsədi ilə Azərbaycan əhalisinin böyük hissəsinin Ermənistandan Azərbaycana köçməsini nəzərdə tuturdu. Bu, yəqin ki, Stalinin Azərbaycan xalqına “hədiyyələrinin” tam siyahısı deyildir. 1918-ci ilin mayında Cənubi Qafqazda üç müstəqil dövlət - Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları yarananda Ermənistanın ərazisi təxminən 10 min kvadratkilometr idi. 1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti bəzi dövlətlər arasında razılığa əsasən İrəvan şəhərini paytaxt kimi Ermənistana verməyə məcbur oldu. Bununla bağlı müvafiq sənədlər vardır. Ermənistan əvvəlcədən bəyan edirdi ki, İrəvan ona verilərsə, bir də heç zaman Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyəcəkdir. Sovet hakimiyyəti illərində Ermənistan ərazisi Azərbaycan ərazisi hesabına daha 19 min kvadratkilometr genişləndi və bu gün artıq 29 min kvadratkilometr təşkil edir. Mən hələ onu demirəm ki, 1918-ci ilin martında Stepan Şaumyan silahlı daşnak dəstələri ilə birlikdə Bakıda talanlar törədərək, yüzlərlə dinc sakini qətlə yetirib Bakı şəhərini yatıb yuxusunda gördüyü Ermənistan dövlətinin paytaxtına çevirmək istəyirdi. Lakin Azərbaycan xalqı bütün bu ağır sınaqlara davam gətirdi. Bu gün Azərbaycan sabit və çiçəklənən dövlətdir. Burada onlarca xalqın nümayəndələri tam milli sülh və həmrəylik şəraitində yaşayır. Yeri gəlmişkən, bu gün Azərbaycanda 20 min erməni yaşayır, halbuki, 1979-cu ildə ümumittifaq siyahıyaalmaya görə Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlıdan orada biri də qalmamışdır.
Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən ölkə kimi həmişə mədəniyyətlərin daimi dialoqunu təmin etməyə qabil olan ən yüksək tolerantlıq diyarı kimi məşhur olmuşdur. ölkəmizin tarixində heç vaxt ksenofobiyaya və düşmənçiliyə yer olmamışdır. 1988-ci ilin əvvəlində - süni şəkildə yaradılmış bu münaqişənin başlanğıc mərhələsində erməni ekstremistləri Əsgəranda 2 nəfər gənc azərbaycanlını qətlə yetirmiş, bununla da kədərli statistikanın başlanğıcı qoyulmuşdur: bu qarşıdurmada 20 min Azərbaycan vətəndaşı həlak olmuş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. XX əsrin sonunda Azərbaycanın üzləşdiyi bu humanitar fəlakət nədənsə jurnalistlərin diqqətindən kənarda qalır, hərçənd bu rəqəmlərin hər birinin arxasında böyük bir insan faciəsi gizlənir. Bu gün ölkə ərazisində bir dənə də olsun çadır düşərgəsi qalmamışdır. Lakin buna nail olmaq o qədər də asan deyildi. Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin ağır sosial vəziyyətini heç olmasa bir qədər yaxşılaşdırmaq üçün nə mümkündürsə edir. Lakin beynəlxalq hüququn bütün tələbləri və Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla bu münaqişə əsaslı şəkildə həll edilmədən məcburi köçkünlərin və qaçqınların doğma yerlərinə qayıtması qeyri-mümkündür. Hərçənd, etiraf etmək lazımdır ki, bütün bu dəhşətlərin, erməni silahlı dəstələri tərəfindən törədilmiş təcavüzün və torpaqlarımızın işğal edilməsinin şahidi olmuş insanların qəlbində onilliklər boyu rahatlıq olmayacaqdır. Axı bu gün ermənilər təkcə Dağlıq Qarabağı deyil, onun ətrafındakı əhalisi sırf azərbaycanlılar olan yeddi rayonu da guya təhlükəsizlik zolağı yaratmaq məqsədi ilə işğal etmişlər. Mən bu məsələlərə toxunaraq xüsusi vurğulamaq istərdim ki, münaqişə mövzusuna müraciət edilməsi bu hadisələri işıqlandırmaq məsuliyyətini öz üzərinə götürən insandan ən yüksək peşəkarlıq və hazırlıq səviyyəsi tələb edir. Əminəm ki, münaqişənin işıqlandırılması ilə əlaqədar vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər və yaxşılaşdırılmalıdır”.
Digər tərəfdən, akademik Ramiz Mehdiyev Rusiyanın KİV-ləri timsalında dünya mətbuatını Dağlıq Qarabağ problemi ilə bağlı obyektiv materiallar hazırlamağa, tarixi təhrif etməməyə çağırmış oldu...
Burada əsas mahiyyət ondan ibarətdir ki, Azərbaycan tərəfi Rusiya mətbuatını tarixi olduğu kimi yazmağa, təhrif etməməyə çağırır. Azərbaycan özü demokratik, qanunun aliliyi prinsipinin yüksək tutulduğu bir tolerantlıq məkanıdır. Təbii olaraq, Bakı hansısa ölkənin mətbuat orqanı ilə problemlər yaşamır və yaşamaq da istəmir. Hər kəsə bəllidir ki, Azərbaycandan rəsmi olaraq, icazə almadan Dağlıq Qarabağdan reportaj hazırlayan “Euronews” telekanalı Azərbaycanın milli maraqlarına toxunan iş apardığı üçün xalqımızın sərt təpkisi ilə üzləşmişdi. Azərbaycan ictimaiyyətinin narazılığından sonra həmin telekanal Ermənistanın təcavüzü nəticəsində dağıdılmış şəhərlər, öz torpaqlarından qovulmuş insanların Vətən həsrəti barədə daha obyektiv reportaj hazırladı...
Bu kimi hadisələr bir daha göstərdi ki, Azərbaycan dövləti milli maraqlarını hər zaman qorumaq iqtidarındadır.
Ramil VƏLİBƏYOV
- Oxunub: 16560 |
- Tarix: 30-01-2010 |
-
Çap et |