Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18.01.2020 [10:17]

Prezident İlham Əliyev: Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir
Beynəlxalq miqyasda böyük nüfuza malik Azərbaycanı nümunəvi dövlət kimi fərqləndirən mühüm amillərdən biri ondan ibarətdir ki, ölkəmiz özünün praqmatik siyasətini, bir qayda olaraq, zamanın dəyişən tələblərinə, yeni trendlərə uyğun qurur. Bu baxımdan respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan islahatlar mühüm əhəmiyyət kəsb edir. Dərin konseptual əsaslarla hazırlanan islahatlar kompleks səciyyə daşıyır və konkret hədəflərə hesablanır. Eyni zamanda, dövlətin davamlı şəkildə siyasi və maddi dəstək tədbirləri görməsinin, hüquqi bazanı və icra mexanizmini təkmilləşdirməsinin nəticəsində islahatların aparılması uğurla təmin edilir. Beləliklə, Azərbaycanın reallaşdırdığı məqsədyönlü siyasətin səmərəliliyi daha da artır, ölkəmiz bütün istiqamətlərdə uğurlar qazanır. Respublikamızda genişmiqyaslı islahatların aparılması baxımından artıq tarixə dönən 2019-cu il də istisna təşkil etməyib.
Həyata keçirilən islahatlar nəticəsində ölkədə iqtisadi artım yüksək səviyyədə təmin edilir
Müstəqil Azərbaycanın hərtərəfli və davamlı inkişafının təməlində dayanan əsas amil qismində güclü iqtisadiyyat dayanır. Son 16 ildə Prezident İlham Əliyevin qətiyyətli mövqeyinə uyğun olaraq respublikamızda dayanıqlı və yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat quruculuğunun prioritetliyi təmin edilib. Bəhs olunan dövrdə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,3 dəfə artıb ki, bu da kifayət qədər yüksək göstəricidir.
Azərbaycanda 2019-cu ildə də inamla davam etdirilən islahatların mühüm bir qismi iqtisadi sektoru əhatə edib. Əvvəllər olduğu kimi, ötən ildə də dövlət tərəfindən ölkədə iqtisadi aktivliyin artırılmasına, şəffaflığın təmin olunmasına, əmək münasibətlərinin leqallaşdırılmasına, inhisarçılığın aradan qaldırılmasına, vergitutma bazasının genişləndirilməsinə, biznes mühitinin daha da optimallaşdırılmasına güclü siyasi iradə nümayiş etdirilib.
İl ərzində həyata keçirilən islahat tədbirləri öz müsbət nəticəsini verib. Belə ki, 2019-cu ildə milli iqtisadiyyatımızda artım davam edib. Təsadüfi deyil ki, bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqində dövlətimizin başçısı ölkəmizdə aparılan islahatlara xüsusi diqqət çəkərək Azərbaycanın ötən il iqtisadi sahədə böyük uğurlar qazandığını vurğulayıb: “Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilmişdir. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir”.
Ölkəmizin 2019-cu ildə iqtisadi inkişaf göstəricilərini əks etdirən statistik rəqəmlər kifayət qədər zəngindir. İl ərzində respublikamızda ümumi daxili məhsul 2,2 faiz artıb, iqtisadiyyatımızın qeyri-neft sektoru 3 faizdən çox genişlənib. Aparılan islahatların, həmçinin fermerlərə dəstək tədbirlərinin artırılmasının məntiqi nəticəsi olaraq il ərzində kənd təsərrüfatında 7 faiz, o cümlədən bitkiçilikdə 10 faizdən çox artıma nail olunub. Ən yaxşı inkişaf göstəricisi isə qeyri-neft sənayesində qeydə alınıb. 2019-cu ildə qeyri-neft sənayemiz 14 faiz artıb ki, bu da dünya rekordu sayıla bilər. Əlamətdar haldır ki, qeyri-neft sektorunda istehsalın genişlənməsi ilə paralel şəkildə, ölkəmizdən ixrac da artır. Artıq Azərbaycan şirkətləri xarici ölkələrdə keçirilən beynəlxalq sərgilərdə vahid ölkə stendində uğurla təmsil olunurlar. Bütövlükdə 2019-cu ildə respublikamızdan qeyri-neft məhsullarının ixracı təxminən 14 faiz artıb ki, bu da məhsullarımızın yüksək rəqabət qabiliyyətinə malik olduğunu, həmçinin “Made in Azerbaijan” brendinə dünya miqyasında inamın artdığını təsdiqləyir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2019-cu ildə “Yaşıl dəhliz”in tətbiqi ilə bağlı imzaladığı müvafiq Fərman ölkəmizdən ixracın genişləndirilməsinə yeni təkan verib. Bəhs olunan Fərmanın icrasına ötən il fevralın 1-dən başlanıb və 530-a yaxın xarici iqtisadi fəaliyyət iştirakçısına həm idxalda, həm ixracda “Yaşıl dəhliz”dən istifadə hüququ tanınıb. Nəticədə qısa müddətdə illik 8 milyard dollara yaxın ticarət dövriyyəsi həyata keçirilib. “Yaşıl dəhliz”in tətbiqi sahibkarlarda böyük məmnunluq yaradıb. Qeyd edək ki, bu islahat tədbirinin sayəsində sahibkarlar logistika və anbar xərclərindən azad olunublar. Digər mühüm məsələ şəffaflığın tam təmin olunmasıdır. Qanuni ticarətlə məşğul olan sahibkarlar gömrük orqanlarına gəlmədən və heç bir gömrük məmuru ilə təmasa girmədən bütün əməliyyatlarını elektron şəkildə idarə edir və rəsmiləşdirməni başa çatdırırlar.
2019-cu ilin uğurlu nəticələri sırasında ölkəmizin maliyyə imkanlarının genişlənməsi xüsusi əhəmiyyət daşıyır. Ötən il respublikamızın strateji valyuta ehtiyatları daha 6,5 milyard dollar artıb. Bu gün Azərbaycan 51 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir. Qeyd edək ki, hazırda adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Azərbaycan, eyni zamanda, xarici dövlət borcunu azaltmağı hədəfləyib. Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək.
Müxtəlif istiqamətləri əhatə edən islahatlar bundan sonra da Azərbaycanın inamlı inkişafını təmin edəcək
Yuxarıda vurğuladığımız kimi, Azərbaycanda reallaşdırılan islahatlar ayrılıqda götürülmüş hansısa bir sahəni əhatə etmir, əksinə, kompleks səciyyə daşıyır. Beləliklə də, ölkəmizin hərtərəfli inkişafı təmin edilir. Prezident İlham Əliyev bu amilə diqqət çəkərək “Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”, - deyə bildirib.
2019-cu ildə respublikamızda reallaşdırılan islahatların mühüm bir qolunu sosial məzmunlu islahatlar təşkil edib. Ötən il iki mərhələdə aparılan sosial islahatlar 4,2 milyon insanı əhatə edib.
Respublikamızda 2019-cu ilin əvvəlindən daha aktiv fazaya daxil olan struktur və kadr islahatları da idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Qeyd etmək yerinə düşər ki, ötən ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən institusional islahatlarla bağlı mühüm qərarlar qəbul edilib. Zamanın dəyişən tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasında çox ciddi struktur islahatları aparılıb, Nazirlər Kabineti əslində yenidən formalaşdırılıb. 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən məhkəmə sistemində aparılan islahatların əhatə dairəsi də kifayət qədər genişdir.
Respublikamızda yeni mərhələdə institusional islahatların davamı olaraq kadr siyasəti də keyfiyyətcə yeni mərhələyə qaldırılıb. Eyni zamanda dövlət orqanlarında, icra strukturlarında islahatların daha da dərinləşdirilməsi nəzərdə tutulub. Kadrlar da məhz qarşıya qoyulan tələblərə uyğun işləməli, islahatların dərinləşməsinə öz töhfələrini verməlidirlər.
Ölkəmizdə 2019-cu ildə reallaşdırılan islahatlardan söhbət açarkən siyasi məzmunlu islahatların önəmini ayrıca qeyd etmək lazımdır. Dünya təcrübəsindən də bəlli olduğu kimi, siyasi sistemi təkmilləşdirmədən digər istiqamətlərdə mütərəqqi dəyişiklikləri reallaşdırmaq əsla mümkün deyil. Siyasi sistem dəyişən çağırışlarla daim ayaqlaşmalıdır, əks halda o, digər sahələrdə inkişafı əngəlləyə bilər. Bu baxımdan ötən il Azərbaycanın Milli Məclisinə seçkilərin keçirilməsinə dair qəbul edilən qərar vaxtında verilmiş bir qərardır. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri Milli Məclisin Sədrinə müraciət edərək yaranmış vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildiriblər. Eyni zamanda, parlamentin plenar iclaslarında digər partiyaları təmsil edən deputatlar da hakim partiyadan olan həmkarlarının mövqeyini dəstəkləyiblər. Bundan sonra Milli Məclis 2 dekabr 2019-cu il tarixində müvafiq qərar qəbul edib. Qərarda vurğulanır ki, Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır.
Eyni zamanda, bu islahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur.
Qeyd edək ki, Milli Məclisə seçkilər təyin olunarkən qanunvericiliyin bütün tələbləri gözlənilib. Belə ki, dekabrın 4-də Konstitusiya Məhkəməsinin iclasında Azərbaycan Prezidentinin Milli Məclisin yuxarıda bəhs olunan Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair sorğusuna baxılıb. Konstitusiya Məhkəməsi qəbul etdiyi Qərarda Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılmasını Konstitusiyaya uyğun hesab edib. Bundan sonra Prezident İlham Əliyev 5 dekabr 2019-cu il tarixində “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalayıb.
Şübhə yoxdur ki, fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər ölkəmizdə demokratiyanın dərinləşməsi yolunda növbəti uğurlu addım olacaq və formalaşacaq yeni parlament Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlara daha geniş miqyasda öz dəstəyini göstərəcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 354 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31