Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər.
Bununla, SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinin tələbləri kobudcasına pozulmuş və Azərbaycan SSR-in suveren hüquqlarına açıq-aşkar qəsd edilmişdir.
Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən, uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır.
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov, həmin müddətdə Bakıda olan Sov. İKP MK katibi A.Girenko, SSRİ Ali Soveti İttifaq Sovetinin keçmiş sədri Y.Primakov, SSRİ-nin müdafiə naziri D.Yazov, SSRİ-nin daxili işlər naziri V.Bakatin, Sov. İKP MK-nın məsul işçisi A.Mixaylov, eləcə də, respublika rəhbərliyi - Azərbaycan KP MK-nın keçmiş birinci katibi Ə.Vəzirov, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarova, Azərbaycan SSR Nazirlər Sovetinin o zamankı sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın büro üzvlərindən V.Polyanicko, M.Məmmədov, V.Hüseynov xalqa qarşı həyata keçirilən bu siyasi və hərbi qəsd üçün cavabdehdirlər və birbaşa məsuliyyət daşıyırlar.
Respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətin iştirakçısı ola-ola, zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır.
Qanlı Yanvar hadisələrinin günahkarlarını üzə çıxarmaq, onu təhlil etmək və siyasi qiymət vermək üçün respublika əhalisinin təkidli tələbinə baxmayaraq, faktiki olaraq heç bir tədbir görülməmişdir. Yanvar ayının 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş, Yanvar hadisələrinə siyasi qiymət verməli olan həmin sessiya bu günədək öz işinə başlamamış, sonrakı sessiyalarda da bu məsələyə baxılmamışdır. Qəribədir ki, respublika Ali Sovetinin Yanvar hadisələrini təhqiq etməli olan komissiyanın işi də başa çatdırılmamışdır (komissiyanın sədri M.Abbasov).
Yanvar faciələrinin səbəbkarlarının istər ittifaq, istərsə də, respublika rəhbər partiya, sovet, hüquq mühafizə orqanı işçilərinin, hərbçilərin bugünədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək, insan hüquqları Bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərara alır:
1. 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.
2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.
3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR Ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun.
Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın.
4. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü kimi qeyd edilsin.
5. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də milli matəm günü kimi qeyd edilsin.
A.Cəlilov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Naxçıvan şəhəri, 21 noyabr 1990-cı il
Bu, xalqın əleyhinə olan əməliyyatdır...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 noyabr 1990-cı il tarixli sessiyasının stenoqramından çıxarış - Xalq deputatı Heydər Əlivev: “Mən istəyirəm ki, bu məsələ (1990-cı il 19-20 yanvar Bakı hadisələri - tərtibçi) barəsində öz fikrimi deyim. Bu məsələnin meydana gəlməsi tarixi böyükdür. Aydındır ki, 1988-ci ildən Bakıda milli hərəkat başlayıb. Və bu milli hərəkatın boğulmasına bir neçə dəfə - həm Azərbaycan KP rəhbərliyi, həm də ümumittifaq rəhbərliyi cəhd edibdir. Bir qrup adam həbs olunub, cəzalar çəkib, məhrumiyyətə uğrayıblar və burada qarşılıqlı mübarizə gedib. Ancaq bunlara baxmayaraq, ümumxalq hərəkatı inkişaf edib, o, daha da güclənib və Azərbaycanda bu xalq hərəkatının inkişaf edib güclənməsinin ən böyük təkanvericisi də Dağlıq Qarabağ Muxtar Vilayətində yaranmış vəziyyət, onun ətrafında olan məsələlər və ümumiyyətlə, bu məsələnin yaranması ilə əlaqədar bizim respublikaya Mərkəz tərəfindən göstərilən ədalətsiz münasibətdir. Bunlar xalq hərəkatına təkan verib və onu inkişaf etdiribdir. Təəssüf ki, mən belə fikirdəyəm, birinci növbədə respublikanın rəhbərliyi, Azərbaycan KP-nin rəhbərliyi bu məsələni düzgün araşdıra bilməyib, bunlara düzgün qiymət verməyib, öz şəxsi mövqelərini müdafiə etmək üçün cürbəcür qeyri-qanuni, qeyri-hüquqi üsullara əl atıb və beləliklə, xalq hərəkatına zərbə vurmağa çalışıbdır. Bu xalq hərəkatı ilə əgər əvvəldən dil tapılsaydı, söhbət aparılsaydı, rəhbərlik xalqla dialoqa girə bilsəydi, şübhəsiz ki, çox məsələlərin qarşısı alınardı və 1989-cu ilin dekabrında və 1990-cı ilin yanvarında Bakıda və ümumiyyətlə, Azərbaycanda olan faciəvi hallar baş verməzdi. Bunlar olmayıb. Və burada da, Azərbaycan KP-nin rəhbərləri ümumittifaq siyasi rəhbərləri ilə bir olublar, onlarla birgə hərəkət ediblər, onlarla birlikdə xalq hərəkatını boğmaq, Azərbaycanda diktatura üsuli-idarəsini möhkəmləndirmək niyyətində olublar.
İkinci tərəfdən, mən hesab edirəm ki, bir tərəfdən demokratiyanın inkişafi barədə car çəkən ümumittifaq siyasi rəhbələrinin və onlarla birlikdə Azərbaycan Kommunist Partiyasının rəhbərlərinin ikiüzlülük edərək, xalqa xəyanət edərək, xalq hərəkatını boğmaqla, tutduqları vəzifədə qalmaları cinayətdir. Bundan danışmaq lazımdır. Bunun tarixini təhlil etməyə tarixçilərimiz də, böyük adamlarımız da var. Şübhəsiz ki, Azərbaycan xalqı öz tarixini çox dərindən təhlil etməlidir. Bütün keçən dövrlərə baxıb, hamısına düzgün qiymət verməlidir.
Ancaq indi söhbət ondan gedir ki, münasibət nədir? Münasibət də ondan ibarətdir ki, 19-20 yanvar 1990-cı il hadisələri, Bakıda baş vermiş hadisələr faciəvi hadisədir və mən belə hesab edirəm ki, Azərbaycanın 1920-ci ildən sonrakı tarixində belə faciəvi hadisə olmamışdır. Bu, xalqın böyük hiddətini doğurmuşdur. Xalq matəm vəziyyətinə gəlib çıxmışdır. İndi on bir aydır ki, xalq matəm içindədir. Bunu açıq-aydın demək lazımdır. Nə üçün bu məsələ meydana gəlib - mən bunu dedim. Bunun qarşısı alına bilərdimi? Şübhəsiz ki, alına bilərdi. Əgər respublikanın siyasi rəhbərləri xalqla əlaqəyə girsəydilər, xalqla bir olsaydılar, xalqla dil tapsaydılar və xalqın dediyi sözləri eşitsəydilər və onlarla hesablaşsaydılar. Ancaq bunlar olmayıb. Respublikanın rəhbərləri Moskvanın, Qorbaçovun müdafiəsinə arxayın olaraq xalqı boğmağa, əzməyə çalışıblar. Və buna da nail olublar. Mən hesab edirəm ki, bunların qarşısı alına bilərdi. Bu faciə baş verməyə bilərdi. Xalqımız bu günə düşməyə bilərdi. Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir.
Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olubdur ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edibdir.
Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir. Və mən şəxsən bu hadisələri eşidərkən, yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedib öz fikrimi söyləmişəm, bütün bu aksiyanı, bu əməliyyatı pisləmişəm. O vaxt demişəm, indi də təkrar edirəm: bu, xalqın əleyhinə olan əməliyyatdır, demokratiyanın əleyhinə olan əməliyyatdır, hüquq normalarının əleyhinə olan əməliyyatdır, mürtəce bir əməliyyatdır. Mən bu fikirdəyəm və buna belə də qiymət vermək lazımdır. Azərbaycan xalqı üçgünlük matəm elan etmişdi. Şəhidlər Azərbaycan paytaxtının görkəmli yerinda dəfn olunmuşlar. Bəs qatillər kimdir? Nə üçün indiyə qədər bu qatillər meydana çıxmayıbdır? Onların heç biri həbs olunmayıb, heç biri xalqa göstərilməyib. Bu necə olur? Əgər biz şəhidləri görürüksə, onların qəbirlərinin üstünə gündə minlərlə adam gedirsə, bəs bunların qatilləri kimlərdir? Bunlar nə üçün indiyə qədər kənarda qalıblar? Bu, çox təəccüblü məsələdir. Bu, xalqı incidir, narahat edir, hər bir adamda bu sualı vermək hüququ yaradır. Mən şəxsən bu sualı verirəm, ancaq cavab ala bilmirəm. Bir sözlə, bu hadisə olub. Azərbaycan xalqının başına bu bəla gəlib. Faciə baş verib. Bu, məsələnin bir tərəfidir. İkinci tərəfi, bəs bu məsələlərə nə üçün indiyədək siyasi qiymət verilməyib? Bu məsələ gündəliyə salınarkən mən belə başa düşdüm ki, deputatlar buna siyasi qiymət verəcəklər. Məlumdur ki, yanvarın 22-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyası olmuşdur. O sessiyada çox ciddi söhbətlər getmiş və bu hərbi əməliyyat, bu təcavüz pislənmişdir. Ancaq o sessiyanın işi kəsilmiş, indiyə qədər bərpa olmamışdır. Ondan sonra Ali Sovetin bir neçə dəfə sessiyaları keçib, ancaq bu məsələ tamamilə kənarda qalıb. Elə bil ki, Azərbaycan xalqının başına heç belə bəla gəlməyib. Sonra komissiya yaranıb. Mən mətbuatda oxumuşdum ki, yanvar hadisələrinin başvermə səbəblərini və günahkarlarını təyin etmək üçün böyük bir deputat komissiyası yaranıb və onun da başında SSRİ xalq deputatı, akademik Abbasov durur. Ancaq indiyə qədər bu komissiya öz fikrini bildirməyib, bu komissiyanın işi müzakirə olunmayıb. Xalq bu barədə bir şey bilmir. Eyni zamanda, Azərbaycan KP MK da, mən mətbuatdan bildim ki, bu barədə komissiya yaradıbdır. Eşitdiyimə görə, MK katibi Daşdəmirov o komissiyanın sədridir. Ancaq bu komissiyanın işindən də xəbər yoxdur. Bax, iş burasındadır, yoldaşlar. Olan olub, başımıza gələn bəla gəlib, millət əzilib, millətə qarşı təcavüz olub, ancaq indiyə qədər Azərbaycan xalqının həyatında baş vermiş bu böyük faciəvi hadisəyə siyasi qiymət verilməyib və bunun günahkarları meydana çıxarılmayıbdır. Doğurdan da, faciəvidir. Dünən buraya bir qrup artist gəlmişdi. Afaq Bəşirqızı orada çıxış edirdi. Bizim gənc aktrisalardandır. O özü deyirdi ki, bu hadisənin şahidi olubdur. O, Tbilisi prospektində yaşayır. Deyir, mən gecə saat 12-dən sonra çıxdım balkona, gördüm tanklar adamları necə əzir. Güllələri atırdılar evlərə. Bizim qonşunun balkonuna neçə güllə dəyib. Dinc şəraitdə yaşayan azərbaycanlılara nə üçün belə xəyanət olub? Bunların hamısının indi üstü örtülüb-basdırılıb. Heç kəs bu haqda danışmaq istəmir, mən demək istəyirəm ki, rəsmi dairələrdən. Elə bil ki, Azərbaycan xalqının başına belə bir iş gəlməyibdir.
Ona görə mən belə fikirdəyəm ki, indi oxunan bəyanatın üzərində ciddi surətdə işləmək lazımdır. Onu genişləndirmək lazımdır. çıxışlarla əlaqədar əlavələr etmək lazımdır. Burada əsas tələb ondan ibarətdir ki, biz özümüz bu hadisələrə qiymət verməli, Azərbaycan xalqına qarşı olan bu təcavüz əməliyyatını pisləməliyik. Və eyni zamanda, Azərbaycan Respublikasının Ali hakimiyyət orqanından tələb etməliyik ki, qısa müddətdə, yaxud heç olmasa növbəti sessiyada bu məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları - kim olursa-olsun, Qorbaçovdan tutmuş aşağı, respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu xalqdır, xalqa qarşı cinayətdir, - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verirlər. Ancaq burada gör nə qədər adam həlak olubdur - bir nəfər günahkar meydana çıxmayıbdır. Bu qədər qanunsuzluğa, demokratiyanın bu qədər pozulmasına dözmək olmaz. Ona görə, bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın Ali hakimiyyət orqanından tələb etməliyik ki, buna baxsın və günahkarlar cəzalandırılsın”.
Ulu öndər Heydər Əliyev Kommunist Partiyasının sıralarını tərk etdi...
SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına müraciəti - Sizin nəzərinizə çatdırıram ki, mən Sov.İKP-dən çıxmaq qərarına gəldim. Dərhal xəbərdarlıq edirəm ki, bu, sadəcə, “dəbə” uymaq deyil, son illər ərzində keçdiyim ağır məyusluqlar yolunun məşəqqətləri və hadisələrini yenidən qiymətləndirməyimin yekunudur.
Məni bu addımı atmağa məcbur edən başlıca səbəblər aşağıdakılardır:
Birincisi, hələ 1990-cı ilin yanvarında Mərkəzin və Azərbaycan KP-nin siyasi rəhbərliyi altında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov.İKP-nin sıralarından çıxmaq fıkri yarandı. Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi. Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid bağlayırdım.
özümü ələ alıb səbrlə gözlədim. çıxışlarıma cavab əvəzinə çox çəkmədi ki, “Pravda”dan başlayaraq, partiyanın mətbu orqanlarında mənə qarşı hücumlar təşkil edildi. Mənə qarşı yönəldilmiş uydurma faktları əsaslandırılmış şəkildə həmin kütləvi informasiya vasitələrinin özündəcə təkzib etmək cəhdlərim boşa çıxdı. Yenidənqurmanın əsas nailiyyəti olan aşkarlıq özünü birtərəfli göstərirdi.
Yanvar faciəsinin günahkarlarını üzə çıxarmaq və cəzalandırmaq haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, ayrı-ayrı vətəndaşların, görkəmli ziyalıların müraciətlərini Azərbaycan kommunist rəhbərliyi qətiyyətlə rədd edirdi.
Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil.
İkincisi, üç ildən artıqdır ki, Mərkəzin ikiüzlü siyasəti nəticəsində, Sov.İKP-nin havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə DQMV-də yaranmış kəskin münaqişəli vəziyyət saxlanmaqdadır. Vilayət, əslində, tamamilə Azərbaycanın dövlət idarəçiliyindən çıxıbdır.
Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulub. Ermənistan və Azərbaycan arasında elan edilməmiş müharibə gedir. Hər gün iki tərəfdən də adamlar ölür. Bütün bunlar “humanist ideologiyalı” Sovet dövləti üçün adi haldır. Əminəm ki, partiya rəhbərliyi istəsəydi, hələ 1987-ci ildə üzdəniraq Qarabağ problemi ətrafında milli münaqişə təzə başlananda onun qarşısını ala bilərdi, get-gedə güclənən qarşıdurmaya və həm Azərbaycan, həm də erməni xalqına ağır fəlakət və müsibətlər gətirmiş bu qırğınlara imkan verməzdi. Deməli, siyasi Mərkəzə bu münaqişə lazımdır.
üçüncüsü, bütün cəmiyyətin demokratikləşməsi, siyasi azadlıqların və plüralizmin bəyan edildiyi bir dövrdə Azərbaycanda ərazi bütövlüyünün müdafiəsinə qalxmış geniş demokratik hərəkat və cəmiyyətin demokratikləşməsi Sov.İKP-nin rəhbərliyi altında Azərbaycan KP MK-nın səyi ilə boğulur. Bu illərdə nə qədər adam siyasi fəaliyyətinə görə repressiyalara məruz qalıb.
İl yarımdır ki, Azərbaycanın 2 milyonluq paytaxtı heç bir əsas olmadan fövqəladə vəziyyət rejimində yaşayır. Məhz, belə bir şəraitdə respublika Ali Sovetinə üzdəniraq demokratik seçkilər və nəticələri İttifaqın xeyrinə irəlicədən həll olunmuş referendum keçirilmişdir. Fövqəladə vəziyyət şəraitində hər hansı demokratikləşməyə və xalqın iradəsini sərbəst ifadə etməsinə ümid bağlamaq avamlıq olardı. Demokratik təşkilatlar dəfələrlə seçiciləri əksəriyyətinin referendumda iştirak etməməsi və referendumun nəticələrinin saxtalaşdırılması barədə məsələ qaldırmışlar. Ancaq Azərbaycanın kommunist rəhbərliyi bu müraciətlərə, hətta, baxmağa belə lüzum bilməyib.
Mən Mərkəz tərəfindən sırınan yeni İttifaq müqaviləsinin əleyhinə çıxmışam və çıxıram, hər hansı bir suveren dövlətin tərkibində bir neçə suveren dövlət və eləcə də, bundan irəli gələn azadlıqlar, səlahiyyətlər və funksiyalar ola bilməz. Bütün müttəfıq respublikalara əsl siyasi, iqtisadi azadlıqlara, milli dövlət dirçəlişi üçün müstəqilliyə imkan vermək lazımdır. Bu heç də respublikaların iqtisadi birliyinə və ənənəvi mədəni əlaqələrinə mane olmaz, əksinə, onların təkmilləşməsinə, ikitərəfli və çoxtərəfli istiqamətdə inkişafına təsir göstərər.
Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın xalq deputatı kimi öz çıxışlarımda bu məsələləri dəfələrlə qaldırdım. Təklif etdim ki, xalq arasında tam nüfuzunu itirmiş Azərbaycan KP təkhakimiyyətlikdən imtina etsin, bütün siyasi qüvvələrin azad və bərabərhüquqlu fəaliyyətini təmin etsin, demokratik cəmiyyətin yaranmasına, aşkarlıq və plüralizmə şərait yaratsın.
Ancaq bu çıxış və təkliflərimə Azərbaycanın kommunist rəhbərliyi nəinki baxır, əksinə, mənim ünvanıma təşkil olunmuş və hazırlanmış hücumlar şəklində cavab verir. Azərbaycanda mənim çıxışlarımı dərc edən qəzet redaktorları, jurnalistlər işdən çıxarılır, təqiblərə məruz qalırlar.
Bütün yuxarıda ifadə etdiklərim məni bu axırıncı addımı atmağa və Sov.İKP sıralarından çıxmaq haqqında bəyanat verməyə məcbur etdi, baxmayaraq ki, bu qərara gəlmək mənim üçün olduqca çətin olub.
Mən kommunist ailəsində böyümüşəm və bütün şüurlu həyatım Kommunist Partiyası ilə bağlı olub. 1943-cü ildə 20 yaşında ikən öz taleyimi bolşeviklər partiyasına bağlamışam. Kommunist Partiyasının ideallarına varlığımla inanmışam və onun planlarının həyata keçirilməsində fəal iştirak etmişəm.
İndi bütün bu inamlarım məhv olub. Yeniləşən partiya və respublikaların yeniləşən ittifaqı haqqında saysız-hesabsız bəyanatlar yenə də xalqı aldatmaqdır.
Xalqa açıq və doğrusunu demək lazımdır ki, bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanan respublikaların ittifaqı süquta uğramaqdadır.
Bu bəyanatdan sonra qarşıma çıxa biləcək çətinlikləri təsəvvür edir, hər cür hücumları və mənəvi zərbələri qabaqcadan görürəm.
Partiyanın keçdiyi yolun ayıq təhlili məni yuxarıda bəyan etdiyim indiki mövqeyə gətirdi. Bununla belə, üzərimə düşən məsuliyyətin dərəcəsini də başa düşürəm. Sov.İKP-nin sıralarını tərk edərkən, mən bütün təmiz və namuslu kommunistlərə hörmət bəslədiyimi bildirirəm.
Heydər ƏLİYEV. 19 iyul 1991-ci il, Moskva şəhəri
- Oxunub: 15750 |
- Tarix: 20-01-2010 |
-
Çap et |