Son illər həyata keçirilən siyasi islahatlar və sosial-iqtisadi proqramlar ölkəmizin hərtərəfli inkişafını təmin edib. Düşünülmüş siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında yer almaqdadır. Təbii ki, atılan bütün addımlar, həyata keçirilən siyasi kurs ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına və dövlətimizin qüdrətinin daha da artmasına səbəb. Eyni zamanda, Azərbaycan Respublikasında demokratiyanın inkişaf etdirilməsi, vətəndaş cəmiyyəti quruculuğu, dini etiqad azadlığının təmin edilməsi və vətəndaş həmrəyliyinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Bütün bunlar isə sonucda dövlət maraqlarının daha qətiyyətli şəkildə müdafiə olunmasına əsaslı zəmin yaradır. Daha dəqiq desək, iqtisadiyyatını möhkəm təməllər üzərində quran Azərbaycanın potensialı artdıqca ölkəmiz bu və başqa məsələlərlə bağlı daha konkret və qətiyyətli mövqe ortaya qoyur. Bu mövqe xalqımızın və dövlətimizin maraqlarının müdafiəsinin zəruri olduğu bütün sahələrdə özünü açıq şəkildə büruzə verir.
Uğurlarımız kimlərisə narahat edir
O da heç kəsə sirr deyil ki, ölkəmizin artan qüdrəti bəzi xarici qüvvələri narahat etməkdədir. Böyüklük sindromu, ikili standartlar xəstəliyi və “təzyiq göstərmək istəyirsənsə buna əsas yarat” prinsipindən qurtula bilməyən bu qüvvələr-bəzi xarici dövlətlər və təşkilatlar bizə mane olmaq üçün hər bir vasitəyə əl atmağa çalışırlar. Məsələn, bəzi xarici təşkilatlar, həmçinin, ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirlikləri diplomatik etiket normalarına uyğun gəlməyən fəaliyyət nümayiş etdirir, ölkəmizin daxili işlərinə müdaxilələrə yol verir, bəzi hallarda isə Azərbaycanda ictimai asayişin pozulmasına, ayrı-ayrı şəxslərlə dövlət orqanları arasında ziddiyyət yaranmasına çalışırlar. Bir neçə gün öncə baş verənlər də deyilənləri təsdiqləyir. Həmin hadisələr barədə bir qədər sonra.
Hələlik isə, onu qeyd etmək yerinə düşər ki, bütün bu əsassız təzyiqlər, qondarma açıqlama və bəyanatlar Azərbaycanı öz yolundan döndərə bilməyəcək. çünki bu yol seçiləndə hansısa xarici güclərin deyil, məhz Azərbaycan xalqının istək, arzu və iradəsi əsas götürülüb. Stabilliyə və inkişafa söykənən daxili siyasətə, həmçinin, buna uyğun olan balanslı xarici siyasətə əsaslanan yol bizi yeni uğurlara, işğal altındakı torpaqlarımızın azad edilməsinə, daha qüdrətli və daha zəngin dövlətə doğru aparır. Xalqın iradəsinə əsaslanan yolla gedən ölkəni isə dayandırmağa hansısa qüvvələrin gücü yetməz. çünki Azərbaycan öz siyasətini özü müəyyənləşdirir və heç kəsin, hansısa xarici güclərin diktəsi ilə idarə olunmur.
Təzyiq üçün yeni bəhanə
Təbii ki, bu da ölkəmizi sevməyən, onun uğurlarına qısqanclıqla yanaşan bəzi ölkələrin, həmçinin, beynəlxalq təşkilatların bu və ya başqa formada mənfi reaksiyasına gətirib çıxarır. Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. Bu amil isə həmin qüvvələrin Azərbaycana iqtisadi təzyiq imkanlarını sıfıra endirir. Elə buna görə də, onlar başqa vasitələrə əl atırlar. Daha doğrusu, bugünkü Azərbaycanın varlığından, torpaqlarının bir hissəsi işğal altında olmasına baxmayaraq, iqtisadiyyatını inkişaf etdirən dövlətimizin günü-gündən daha da güclənməsindən narahat olan bəzi xarici güclər bizi dayandırmaq üçün fəaliyyətə keçiblər. öncə hansısa süni problemlər yaratmaq, sonra isə bunu həqiqi problemlər kimi qələmə verərək, səs-küy salmaq sözügedən qüvvələrin yeni “mübarizə” metodudur. Necə ki, bu hal özünü son “olayda” büruzə verib.
Məlumat üçün deyək ki, ABŞ-ın və Norveçin ölkəmizdəki səfirlikləri yanvarın 14-də birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, yanvarın 13-də Bənənyar kəndində vəziyyətlə yaxından tanış olmaq məqsədi ilə səfirliklərin diplomatları həmin kəndə yola düşüblər: “Lakin bir qrup insan kəndin girişində avtomobili saxlayıb, diplomatları hədələyərək onları, kənd sakinləri ilə hər hansı əlaqə yaratmadan ərazini tərk etməyə məcbur ediblər. Biz Azərbaycan hökumətini Bənənyar kəndində baş verən insidenti tam şəkildə araşdırmağa və Azərbaycanda çalışan xarici diplomatların təhlükəsizliyini təmin etməyə çağırırıq”.
Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, əslində, sözügedən “olay” ölkəmizə hansısa istiqamətlərdə təzyiqlər göstərmək, bizi öz haqq işimizdən döndərmək üçün xarici güclərin yararlanmağa çalışacaqları yeni bəhanə mahiyyətini daşıyır. Eyni zamanda, ABŞ və Norveç səfirlikləri nümayəndələrinin Naxçıvan MR-ə səfəri onların kiçik bir hadisəni böyütmək, ona siyasi rəng vermək, Azərbaycanda ictimai asayişin qorunmasına xələl gətirmək cəhdi kimi qiymətləndirilməlidir. Görünən odur ki, əvvəlcə jurnalistlərin, digər şəxslərin həbsi ilə bağlı bəyanatlar və açıqlamalarla məqsədlərinə nail olmaq istəyən bu ölkələrin səfirlikləri heç bir nəticə əldə etmədiklərinə görə, indi də digər məsələləri hədəfə götürür, dövlətlərarası münasibətlərə, diplomatik etiket qaydalarına yaraşmayan addımlar atır, anlaşılmaz açıqlamalar verirlər.
İnsan haqlarının müdafiəçiləri, yoxsa...
Beləliklə, son “olay” bir daha onu deməyə əsas verir ki, bəzi xarici təşkilatlar konkret cinayət əməllərinə görə məhkum olunmuş şəxslərin ətrafında əsassız kampaniyaların təşkilində fəal iştirak edir, beynəlxalq ictimaiyyətdə guya Azərbaycanda insan haqlarının pozulduğu, demokratiya prinsiplərinə riayət olunmadığı haqqında rəy formalaşdırmağa cəhd göstərirlər. Bu isə beynəlxalq güclərin ikili standartlar siyasətindən əl çəkmək istəməməsini, insan haqları məsələsindən, sadəcə, öz niyyətlərinə çatmaq üçün istifadə etdiklərini bir daha təsdiqləyir. Əgər belə olmasaydı, onlar erməni işğalı nəticəsində öz yurd-yuvalarından didərgin düşən 1 milyondan çox azərbaycanlının hüquqlarının pozulması, minlərlə qoca, gənc və uşaqların erməni faşizminin qurbanı olması faktını da xatırlayardılar.
Digər tərəfdən, hadisələrin mahiyyətinə dərindən nəzər saldıqda ABŞ və Norveç səfirliklərinin səyləri dini etiqad azadlığının təmin edilməsinə, insan hüquqlarının qorunmasına yönəlmiş addım kimi deyil, dini radikallığın artmasına töhfə, dini ekstremizmə dəstək kimi də xarakterizə oluna bilər.
Ən nəhayət, dünya ictimaiyyəti dəfələrlə ABŞ hüquq-mühafizə orqanlarının vətəndaşlarla qəddar davranışının şahidi olub. Ancaq nə ölkələrin səfirlikləri, nə də Azərbaycanın ABŞ-dakı diplomatik korpusu bu məsələyə müdaxilə etmək, onu şişirtmək istiqamətində addım atmayıb və belə halları yolverilməz hesab ediblər. çox yaxşı olardı ki, bu ölkələrin Azərbaycandakı səfirlikləri də öz səlahiyyətləri çərçivəsində, dövlətlərarası münasibətlərin ruhuna uyğun fəaliyyət göstərsinlər, Azərbaycanda ictimai asayişin pozulmasına yönəlmiş addımlar atmasınlar.
Bizimlə təzyiq dili ilə danışmaq mümkün deyil
Bir sözlə, bu gün ölkəmizə qarşı hansısa çirkin oyunlara baş vuranların fəaliyyətləri nəticəsiz qalacaq. çünki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, indi Azərbaycanla təzyiqlər vasitəsilə danışmaq, Azərbaycana təzyiq etmək mümkün deyil: “Biz öz siyasətimizdən, milli maraqlarımızın müdafiəsi prinsiplərindən bir addım geri çəkilməyəcəyik. Qoy, bizi nə qədər istəyirlər tənqid etsinlər, qoy, nə qədər istəyirlər Azərbaycanı ləkələməyə çalışsınlar. Onsuz da, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti ölkədə gedən bütün müsbət dəyişiklikləri görür və bunu dünya birliyi də görür. Sadəcə, istərdik ki, bəzi təşkilatlarda bu riyakar siyasət artıq keçmişdə qalsın. Bunun əhəmiyyəti yoxdur. Bizə qarşı bir təzyiq mexanizmi kimi bu, işləmir. Bunu hamı da görür. Bizə təzyiq etmək mümkün deyil. O təzyiq cəhdləri, sadəcə olaraq, münasibətlərin gərginləşməsinə gətirib çıxarır və əgər bir neçə il bundan əvvəl biz, sadəcə olaraq, buna reaksiya vermirdik, yaxud da ki, susurduq, bu gün biz susmuruq. Bu gün biz sözümüzü deyirik və əgər kimsə Azərbaycanın gözəl imicini ləkələmək istəyirsə, biz o tərəfə qarşı mübarizə aparacağıq. Bizim gücümüz də var, imkanlarımız da. Sözün qısası, onu demək istəyirəm ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanla əməkdaşlıq etmək lazımdır, Azərbaycanla yaxşı münasibətləri qurmaq lazımdır. Necə ki, biz bütün ölkələrlə və beynəlxalq təşkilatlarla yaxşı münasibətlərin qurulmasının tərəfdarıyıq. Hesab edirik ki, bizə də adekvat münasibət olacaq. O halda ki, münasibət adekvat olmayacaq, onda bizdən də heç kim inciməsin. Bizim münasibətimiz də eyni olacaq”.
Son olaraq isə bu tip təşkilat və səfirliklərə elə onların özlərinin dilindən səslənmiş ifadələrlə cavab vermək yerinə düşər. Belə ki, ABŞ-ın nüfuzlu internet qəzeti “Haffinqton Post” bu günlərdə tanınmış amerikalı politoloq, Kaliforniyanın “Tool Shed Group LLC” analitik mərkəzinin eksperti Ceyson Katzın “İncəliklə oynanılan oyun” məqaləsini dərc edib. Məqalədə bildirilir ki, Şərq-Qərb enerji dəhlizinin fəaliyyətinin təmin edilməsində mühüm rol oynayan Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələri, xüsusilə də, Bakı-Tbilisi-Ceyhan neft kəməri Qərb ölkələri üçün çox böyük önəm daşıyır. Müəllif qeyd edir ki, müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan dünyəvilik və dözümlülük baxımından nümunədir. öz siyasətində Qərbə inteqrasiya yolunu tutmuş Azərbaycan istər iqtisadi, istərsə də diplomatik məsələlərdə ABŞ-la müttəfiqlikdən irəli gələn bütün vəzifələri yerinə yetirir. Lakin təəssüf ki, rəsmi Vaşinqton bunu kifayət qədər qiymətləndirmir və Azərbaycana qarşı çox zaman laqeydlik göstərir. Bu isə Azərbaycanda ABŞ-a qarşı münasibətin soyuqlaşmasına gətirib çıxara bilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın apardığı haqlı mübarizənin dəstəklənməsinin vacib olduğunu deyən müəllif vurğulayır ki, Azərbaycan dəfələrlə dünya ictimaiyyətinin diqqətini regiondakı problemlərə biganə münasibət bəslənilməsinin təhlükəli nəticələr doğura biləcəyinə cəlb etməyə çalışsa da, onun bu çağırışları gözlənilən nəticəni vermir. Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan rəhbərliyi üçün nə dərəcədə əhəmiyyət daşıması da, təəssüflər olsun ki, kifayət dərəcədə qiymətləndirilmir. Müəllif bildirir ki, Azərbaycan haqqında məlumat əldə etmək istəyən hər bir kəs bu ölkənin öz milli maraqlarından çıxış edən olduqca praqmatik bir ölkə olduğunu öyrənər. Qeyd edilir ki, ABŞ siyasətçiləri Qafqaz və Avrasiya ilə bağlı xarici siyasətdə strateji yanaşma tətbiq etməli və yaxın deyil, ən azı 20 il sonrakı tarixi nəzərə almalıdırlar. ABŞ-ın regiondakı problemlərin həllinə töhfəsi, şübhəsiz ki, müsbət nəticələr verə bilər. Müəllif xüsusi olaraq vurğulayır ki, Azərbaycan kimi bir dostun itirilməsi ABŞ-ın xarici siyasəti və maraqları üçün böyük zərbə ola bilər.
Nadir AZƏRİ
- Oxunub: 15120 |
- Tarix: 16-01-2010 |
-
Çap et |