Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda 2019-cu ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib

Azərbaycanda 2019-cu ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib

08.01.2020 [09:16]

Prezident İlham Əliyev: Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır
Məlum olduğu kimi, artıq tarixə dönən 2019-cu il ölkəmizin həyatında uğurlar və islahatlarla yadda qaldı. Məhz həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində ötən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr uğurla icra edildi. Yeri gəlmişkən, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində ötən il respublikamızın daxili və xarici siyasətində, sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edərək vurğulayıb ki, Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır. “İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib”, - deyə dövlətimizin başçısı bildirib.
Artıq tarixə dönən 2019-cu ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib
Müstəqil Azərbaycan milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasətində daim öz imkanlarını təqdim edərək həm regional çərçivədə, həm də qlobal miqyasda əməkdaşlığın dərinləşməsinə, ölkələr və xalqlar arasında etimad mühitinin möhkəmlənməsinə töhfə verməyə çalışır. Ölkəmiz o mövqedən çıxış edir ki, siyasi və iqtisadi sahələrdə tərəfdaşlarla qurulan münasibətlər qarşılıqlı maraqların təmin olunmasına və inkişafa xidmət göstərməlidir. Respublikamız özünün ardıcıl səciyyə daşıyan xarici siyasətində bu kimi prinsipləri əsas tutaraq bir sıra ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı qismində çıxış edib və hazırda da onların funksionallığının artırılması istiqamətində böyük səylər göstərir. Belə rasional xarici siyasət ölkəmizə regional və qlobal miqyasda böyük nüfuz qazandırıb.
Azərbaycan milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasətini 2019-cu ildə də eyni ardıcıllıqla davam etdirib. Xarici siyasət sahəsində ötən ilin uğurlu nəticələrini dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənmişdir, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir”.
2019-cu ildə Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər sırasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünü xüsusi qeyd edə bilərik. Ötən ilin oktyabrında keçirilən Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. Məlum olduğu kimi, 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradılıb. Bakıda keçirilən VII Zirvə Görüşündə də vurğulandığı kimi, ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər türkdilli dövlətlərin qarşılıqlı səmərəli fəaliyyəti üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçib. Ölkəmiz bu imkandan bəhrələnərək türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsinə daha sanballı töhfələr vermək əzmindədir.
2019-cu ildə paytaxtımız Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi edib. “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Zirvə Görüşündəki çıxışlarda 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində göstərilən səylərin artırılmasının, iqlim dəyişikliyi, miqrasiya, qaçqın və köçkün problemlərinin qarşısının alınmasının, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının, transmilli cinayətkarlığa qarşı mübarizənin, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasının, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin önəmi vurğulanıb, Qoşulmama Hərəkatına üzv dövlətlərin bu sahədə birgə əməkdaşlığının vacibliyi diqqətə çatdırılıb. Zirvə Görüşündə təşkilata sədrlik növbəti üç il üçün Azərbaycana təhvil verilib. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, bizə göstərilən böyük etimaddır. Bu, onu göstərir ki, dünya birliyinin böyük əksəriyyəti Azərbaycanı dəstəkləyir və bizə böyük hörmətlə yanaşır.
2019-cu ildə Bakıda həmçinin Dünya dini liderlərinin Zirvə Görüşü keçirilib. İki gün davam edən Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında geniş müzakirələr aparılıb. Tədbirdə 70 ölkədən respublikamıza təşrif gətirən dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət veriblər. Tədbirdə Azərbaycan özünü tarixdən gələn multikultural ənənələrinə, milli, dini dəyərlərinə sadiq olan ölkə kimi təqdim edib.
2019-cu il ölkəmizin tarixində dərin islahatlar ili kimi qalacaq
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan öz siyasətini bir qayda olaraq zamanın dəyişən tələblərinə uyğun qurur. Bu baxımdan, respublikamızda reallaşdırılan islahatlar xüsusilə səciyyəvidir. Azərbaycanı fərqləndirən əsas məqamlardan biri ondan ibarətdir ki, anonsu verilən və ölkənin potensialı nəzərə alınmaqla reallaşdırılan islahatlar kompleks səciyyə daşıyır və dövlət siyasətinin bütün istiqamətlərini əhatə edir. Ölkəmizdə aparılan islahatların çoxşaxəli səciyyə daşıdığına diqqət çəkən Prezident İlham Əliyev “2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır”, - deyə vurğulayıb.
2019-cu ildə də inamla davam etdirilən islahatların mühüm bir qismi iqtisadi sektoru əhatə edir. Əvvəllər olduğu kimi, ötən ildə də dövlət tərəfindən ölkədə iqtisadi aktivliyin artırılmasına, şəffaflığın təmin olunmasına, əmək münasibətlərinin leqallaşdırılmasına, inhisarçılığın aradan qaldırılmasına, vergitutma bazasının genişləndirilməsinə, biznes mühitinin daha da optimallaşdırılmasına güclü siyasi iradə nümayiş etdirilib.
İl ərzində həyata keçirilən islahat tədbirləri öz müsbət nəticəsini verib. Belə ki, 2019-cu ildə milli iqtisadiyyatımızda artım davam edib. O cümlədən iqtisadiyyatımızın qeyri-neft sektoru 3 faizdən çox genişlənib. Aparılan islahatların, həmçinin fermerlərə dəstək tədbirlərinin artırılmasının məntiqi nəticəsi olaraq il ərzində kənd təsərrüfatında 7 faiz artıma nail olunub. Ən yaxşı inkişaf göstəricisi isə qeyri-neft sənayesində qeydə alınıb. 2019-cu ildə qeyri-neft sənayemiz 14 faiz artıb ki, bu da dünya rekordu sayıla bilər. Əlamətdar haldır ki, qeyri-neft sektorunda istehsalın genişlənməsi ilə paralel şəkildə ölkəmizdən ixrac da artır. Artıq Azərbaycan şirkətləri xarici ölkələrdə keçirilən beynəlxalq sərgilərdə vahid ölkə stendində uğurla təmsil olunurlar. Bütövlükdə 2019-cu ildə respublikamızdan qeyri-neft məhsullarının ixracı təxminən 15 faiz artıb ki, bu da məhsullarımızın yüksək rəqabət qabiliyyətinə malik olduğunu, həmçinin “Made in Azerbaijan” brendinə dünya miqyasında inamın artdığını təsdiqləyir.
2019-cu ilin uğurlu nəticələri sırasında ölkəmizin maliyyə imkanlarının genişlənməsi xüsusi əhəmiyyət daşıyır. Ötən il respublikamızın strateji valyuta ehtiyatları daha 4,5 milyard dollar artıb. Bu gün Azərbaycan 50 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir. Azərbaycan, eyni zamanda, xarici dövlət borcunu azaltmağı hədəfləyib. Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək.
2019-cu ildə ölkəmizdə reallaşdırılan islahatlar sırasında sosial məzmunlu islahatların əhatə dairəsi daha geniş olub. Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Bu strateji kursa uyğun olaraq respublikamızda 2019-cu ilin əvvəlindən bilavasitə insanların rifah halının daha da yaxşılaşmasına, gəlir imkanlarının artmasına hesablanan iki böyük sosial paket uğurla həyata keçirilib. Ötən il aparılan sosial islahatlar bütövlükdə 4,2 milyon insanı əhatə edir. Bu islahatların maliyyə yükü də kifayət qədər böyükdür. Hər iki sosial paketin dəyəri ötən il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manatdır. Bütövlükdə, 2019-cu ildən başlayan və perspektivdə də davam etdiriləcək sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 400 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30