
Parlamentin iclasında Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili seçilib
Noyabrın 29-da Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin Sədri Oqtay Əsədov gündəlik haqqında məlumat verib. Gündəlik təsdiq olunduqdan sonra ilk olaraq “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək qeyd edib ki, gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi Milli Məclisin plenar və komitə iclaslarında ətraflı müzakirə olunub və deputatlar tərəfindən müsbət qiymətləndirilib. Xüsusi olaraq qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar ölkənin davamlı və kefiyyətli inkişafına xidmət edir, vətəndaşların sosial məsələlərinin həlli üçün yeni imkanlar açır. 2020-ci ilin dövlət büdcəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə tamamilə cavab verir. Deputatlar tərəfindən irəli sürülən təkliflər Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi tərəfindən diqqətlə qarşılanıb və onlara münasibət bildirilib. “Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsi ölkənin milli maraqlarına cavab verir və beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edən irimiqyaslı transmilli layihələrin uğurla həyata keçirilməsinə, eyni zamanda, iqtisadiyyatın bütün sahələrində islahatların səmərəliliyinin artırılmasına, genişləndirilməsinə zəmin yaradır”, - deyə komitə sədri vurğulayıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş) məlumat verib. Komitə sədri layihədə edilən müəyyən dəyişiklikləri diqqətə çatdırdıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Daha sonra iclasda büdcə zərfinə daxil olan digər məsələlər - “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də üçüncü oxunuşda qəbul edilib.
Deputatlar “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında”, “Sosial müavinətlər haqqında” qanunlara və Vergi Məcəlləsinə dəyişiklik məsələsini də qəbul ediblər.
İclasda büdcə zərfinə daxil olan Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında məsələlər də üçüncü oxunuşda qəbul olunub.
Bununla da dövlət büdcəsi və büdcə zərfinə daxil olan məsələlərin üçüncü oxunuşda müzakirəsi başa çatıb. Spiker Oqtay Əsədov 2020-ci ildə büdcənin həyata keçirilməsində hökumətə uğurlar arzulayıb.
Gündəlikdəki növbəti məsələ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında idi. Məsələ ilə bağlı Milli Məclis Sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verərək bildirib ki, Azərbaycan Prezidenti tərəfindən 15 noyabr 2019-cu il tarixli məktubu ilə İnsan hüquqları üzrə müvəkkilin seçilməsi üçün namizədlər Milli Məclisə təqdim olunub. Milli Məclisin İnsan hüquqları komitəsi 22 noyabr tarixli iclasında bu məsələyə baxıb və rəy verib. Təqdim olunan namizədlər cəmiyyətdə kifayət qədər tanınan insanlardır və hər biri şəxsi keyfiyyətlərinə görə və tərcümeyi-hallarındakı məlumatlara əsasən bu vəzifəni tuta bilər. Bildirilib ki, namizədlərdən Səbinə Əliyeva Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini, Kəmalə Əliyeva Ali Məhkəmənin Aparatının İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Kəmalə Abıyeva isə Bakı Apelyasiya Məhkəməsinin hakimidir. “Bu təqdimat və onların yaşı, keçdikləri həyat yolu bu gün Azərbaycanda həyata keçirilən siyasətə, yeniləşmə ruhuna tam uyğundur”, - deyə vitse-spiker vurğulayıb.
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Elmira Axundova, Qüdrət Həsənquliyev, Azər Badamov fikirlərini bildiriblər.
Müzakirələrdən sonra səsvermə keçirilib və Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsinə seçilib.
Sonra Səbinə Əliyeva Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili vəzifəsində səlahiyyətlərini şərəflə, ləyaqətlə yerinə yetirəcəyinə, respublikamızın Konstitusiyasına və qanunlarına əməl edəcəyinə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyinə and içib. İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə seçilməyin onun üçün böyük şərəf olduğunu deyən Səbinə Əliyeva bununla əlaqədar ona yüksək etimad göstərib bu vəzifəyə namizədliyini Milli Məclisə təqdim etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Eyni zamanda, təklif olunan namizədlər sırasından Ombudsman vəzifəsinə onu seçdiklərinə görə deputatlara təşəkkürünü ifadə edən Səbinə Əliyeva əmin edib ki, ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf proseslərinin dəstəklənməsi üçün səylərini əsirgəməyəcək.
İclasda məhkəmə hüquq islahatlarından irəli gələn 11 qanun layihəsi də üçüncü oxunuşda müzakirə olunub. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələlər barədə məlumat verib. Qeyd edib ki, qanun layihələrinin qəbulu ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarına mühüm töhfələr verəcək. Beləliklə, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda, Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda təsdiq olunub.
İclasda son olaraq “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi məsələsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verərək bildirib ki, birinci oxunuşda müzakirələrdən sonra deputatların səsləndirdiyi fikirlər öyrənilib və onların bir qismi nəzərə alınıb. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasın sonunda Milli Məclisin Sədri Oqtay Əsədov bildirib ki, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri beşinci çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Prezidentinə müraciət edilməsi haqqında məsələni müzakirəyə çıxarmaq barədə ona müraciət ediblər. Bu təşəbbüsə dəstək verdiyini deyən Oqtay Əsədov bu məsələnin Milli Məclisin dekabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacağını bildirib.
Nardar BAYRAMLI
- Oxunub: 2790 |
- Tarix: 30-11-2019 |
-
Çap et |