Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17.08.2019 [09:48]

Prezident İlham Əliyev: Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir
Azərbaycanın dövlət siyasətində sosial sferanın prioritetliyinin təmin edildiyi ölkəmizdə 2019-cu ilin əvvəlindən bəri Prezident İlham Əliyev tərəfindən irəli sürülən və uğurla icra edilən sosial təşəbbüslərin timsalında daha qabarıq şəkildə nəzərə çarpır. Respublikamız cari ilin birinci yarısında son illərin ən yaxşı iqtisadi göstəricilərinə nail olub. Eyni zamanda, ardıcıllıqla həyata keçirilən islahat tədbirlərinin, müxtəlif sahələrdə şəffaflığın artırılmasının, idarəetmənin təkmilləşdirilməsinin nəticəsi olaraq ölkəmizin maliyyə imkanları genişlənib. Son 6 ayda büdcəmizə təkcə Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin xətti ilə 440 milyon manatdan çox əlavə gəlir daxil olub. Ölkəmiz özünün geniş maliyyə imkanlarından son dərəcə qənaətlə və məqsədyönlü şəkildə istifadə edir. O cümlədən büdcəmizə daxil olan əlavə gəlirlər ölkəmiz üçün prioritet sahə olan sosial sferaya yönəldilir. Prezident İlham Əliyev bir qədər bundan əvvəl keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki çıxışında ölkəmizi fərqləndirən bu amilə diqqət çəkərək vurğulayıb: “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”.
Deyilənlərin təsdiqi olaraq vurğulayaq ki, cari ilin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Son 6 ayda aktiv şəkildə icra edilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir. İlkin hesablamalara görə, 4 milyondan çox insan respublikamızda böyük sosial paket çərçivəsində həyata keçirilən və öz mahiyyətinə görə inqilabi səciyyə daşıyan tədbirlərdən bəhrələnəcək.
Ölkəmizdə oktyabrın 1-dən etibarən 750 min vətəndaşın pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb
Ölkəmizdə ötən il anonsu verilən və cari ilin birinci yarısında aktiv şəkildə icra edilən böyük sosial paket çərçivəsində qarşıya qoyulan əsas hədəflərdən biri vətəndaşların, ələlxüsus da əhalinin həssas qruplarının, aztəminatlı insanların gəlirlərinin artmasına nail olmaqdır. Bu baxımdan respublikamızda 2019-cu ildə əmək pensiyalarının məbləğinin 2 dəfə artırılması və 116 manatdan 200 manata çatdırılması çox böyük sosial əhəmiyyət daşıyır.
Məlumat üçün bildirək ki, ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs əsasında qəbul olunan qanunla bu il martın 1-dən minimal pensiya məbləği 116 manatdan 160 manata çatdırılıb. Həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə edib.
Dövlət başçısının iyunun 18-də imzaladığı sərəncamlarla ölkəmizdə sosial məzmunlu islahatların növbəti mərhələsinə start verilib. Sosial islahatların ikinci mərhələsində digər çox önəmli tədbirlərlə yanaşı, əmək pensiyalarının minimum məbləğinin oktyabrın 1-dən etibarən növbəti dəfə artırılması nəzərdə tutulub. Belə ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq ki, bu da haqlı olaraq çox ciddi sosial təşəbbüs kimi dəyərləndirilir. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min pensiyaçını əhatə edəcək.
Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yuxarıda bəhs olunan müşavirədə bildirib ki, ikinci sosial paket çərçivəsində sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışan əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb. Nazirlik rəsmisinin sözlərinə görə, minimum əməkhaqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycandakı minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq. Minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaq. Prezident İlham Əliyev minimum əməkhaqqının və minimum pensiyanın əhəmiyyətli dərəcədə artırılmasının önəminə diqqət çəkərək deyib: “Bildiyiniz kimi, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır”.
Ölkəmizdə həmçinin Prezident İlham Əliyevin təşəbbüsü əsasında ötən ilin sonlarında qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ciddi sosial sığorta amnistiyası elan edilib. Sığorta amnistiyasına əsasən 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq olunub. Bunun nəticəsində yanvar ayının 1-dən etibarən avtomatik pensiya təyinatına başlanılıb. Avtomatik pensiya təyinatı bu gün artıq 13 min insanı əhatə edir.
Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək
Ölkəmizdə pensiya islahatları kompleks səciyyə daşıyır. Bu islahatlar hazırlanarkən və reallaşdırılarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi mütləq nəzərə alınır. Xəbər verildiyi kimi, dövlət başçısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1650-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” bu il avqustun 14-də Fərman imzalayıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapan müvafiq tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək və bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin bu il iyunun 18-də imzaladığı sərəncamlarla dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq-mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və digərlərinin əməkhaqları ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əməkhaqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.
Beləliklə, dövlət başçısı tərəfindən bu il təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 420 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31