Ana səhifə »  Siyasət »  İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
A+   Yenilə  A-
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

Prezident İlham Əliyev: Biz bütün məcburi köçkünlərin problemlərini həll etməliyik və edəcəyik
Məqsədyönlü siyasət sayəsində özünün iqtisadi potensialını və maliyyə imkanlarını artıran Azərbaycan, eyni zamanda, dərinməzmunlu sosial siyasət həyata keçirir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qarşıya belə bir məqsəd qoyulub ki, ölkənin dinamik inkişafı əhalinin həyat səviyyəsinin adekvat şəkildə yaxşılaşmasında öz əksini tapmalı və milli gəlirlərdən cəmiyyətin bütün təbəqələri bəhrələnməlidirlər.
Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, 2019-cu ilin əvvəlindən başlayaraq respublikamızda böyük sosial paket uğurla reallaşdırılır. Belə ki, məqsədyönlü islahatların aparılmasının və şəffaflığın təmin edilməsinin nəticəsi olaraq qazanılan yüz milyonlarla əlavə gəlirlər bilavasitə insanların həyat səviyyəsinin yüksəldilməsinə, gəlir imkanlarının artırılmasına yönəldilir. Bütövlükdə yeni sosial paket təxminən 3 milyon insanı əhatə edir.
Ölkəmizdə qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri uğurla həll olunur
Qaçqın və məcburi köçkün soydaşlarımıza davamlı və hərtərəfli dövlət qayğısı göstərilməsi respublikamızda ədalətli resurs bölgüsü aparıldığını əyani şəkildə təsdiqləyir. Məlum olduğu kimi, Ermənistanın havadarlarının köməyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizdən çoxu zəbt olunub və təxminən bir milyon soydaşımız doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Respublikamızda bu qəbildən olan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev 2019-cu il 5 iyul tarixində Bakının Pirallahı rayonunda məcburi köçkün ailələri üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində bildirib ki, məcburi köçkünlərin məişət problemləri uğurla həll olunur. “Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramı da qəbul edilib. Proqram əsasında evlər tikilir, qəsəbələr salınır. Yüzdən çox qəsəbə salınıbdır və bu istiqamətdə bundan sonra da işlər aparılacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Bütövlükdə, respublikamızda qaçqın və məcburi köçkün soydaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi məqsədilə görülən tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, Prezident İlham Əliyev tərəfindən 2004-2018-ci illərdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. Prezident İlham Əliyevin 2004-cü ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Ölkə Prezidentinin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib.
Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasından söhbət açarkən çadır şəhərciklərinin bütünlüklə ləğv edilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində Biləsuvar rayonunun ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin gələcək sakinləri ilə görüşündə belə bir vədlə çıxış etmişdi: “Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq”.
Prezident İlham Əliyevin bu vədi vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirilib. Belə ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində 2007-ci ilin dekabrında Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı, Sabirabad, İmişli rayonlarındakı 12 çadır şəhərciyinin ləğv edilməsi və çadırlarda müvəqqəti sığınacaq tapan soydaşlarımızın hər cür kommunal rahatlıqlara malik mənzillərlə təmin edilməsi tam başa çatdırılıb. Sonuncu çadır şəhərciyinin ləğv edilməsi ilə 4179 məcburi köçkün ailəsinin mənzil-məişət problemi həllini tapıb. 2007-ci ildə sonuncu çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ilin sonunadək 58 min 223 ailə və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə ötən il 5923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7 milyard manatdan çox vəsait xərclənib.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər böyük önəm daşıyır
Respublikamızda qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlərin önəmini xüsusi vurğulamaq lazımdır. Məlum olduğu kimi, ölkəmizdə 2017-ci ildə qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb. Bəhs olunan layihə Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin yeni mənzillərə köçürülməsini əhatə edir. Layihənin icrası Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi nəzarətindədir.
Qeyd edək ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsi müzakirə edildi. Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra ilk mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlandı. Bəhs olunan müşavirədən cəmi bir neçə ay sonra isə - 2017-ci il may ayının 30-da Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Bundan başqa, çox qısa müddətdə Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Ötən ilin mayında istifadəyə verilən “Qobu Park” yaşayış kompleksində hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleksin ərazisində 624 şagird yerlik orta məktəb, 222 yerlik “Şirin Bala” uşaq bağçası tikilib. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb.
Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Bundan başqa, Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub.
Pirallahı rayonunda istifadəyə verilən yeni yaşayış kompleksində 306 məcburi köçkün ailəsi üçün gözəl şərait yaradılıb
Respublikamızda qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin miqyası ildən-ilə daha da genişlənir. Ölkənin yeni imkanları yarandıqca bu məqsədlər üçün ayrılan vəsaitin həcmi də artırılır. Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində salınan yeni yaşayış kompleksinin açılışındakı çıxışında müvafiq kateqoriyadan olan soydaşlarımız üçün yeni mənzillərin tikilməsinə Dövlət Neft Fondundan böyük həcmlərdə vəsait ayrıldığına diqqət çəkərək vurğulayıb: “Bu məqsədlər üçün böyük vəsait ayrılır. Bildiyiniz kimi, Dövlət Neft Fondundan uzun illərdir ki, bu məqsədlər üçün vəsait ayrılır. Dövlət Neft Fondunun yaradılması da tarixi hadisə idi. Çünki bu Fond vasitəsilə həm büdcəmizə dəstək göstərilir, həm sosial məsələlərin həlli təşkil edilir, ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir və ilk növbədə, məcburi köçkünlərin problemləri həll olunur. Əgər bizim bu imkanımız olmasaydı, əlbəttə ki, köçkünlərə bu həcmdə kömək etmək mümkün olmazdı. Məhz uğurlu neft strategiyamızın hesabına formalaşmış Dövlət Neft Fondu bu məqsədlər üçün böyük vəsait ayırıb və bundan sonda da ayıracaqdır. Bu, bizim siyasətimizdir. Biz bütün məcburi köçkünlərin problemlərini həll etməliyik və edəcəyik”.
2019-cu ilin birinci rübündə 2.227 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Cari il aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən yeni yaşayış kompleksi 810 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi təşkilat funksiyaları Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilib. 2018-ci ilin mart ayında başlanan tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Buradakı mənzillərdən 72-si birotaqlı, 360-ı ikiotaqlı, 306-sı üçotaqlı, 72-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 91 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda paytaxtdakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunurlar. Bakının Kürdəxanı qəsəbəsində salınan yeni yaşayış kompleksinin açılışındakı çıxışında “Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir”, - deyən Prezident İlham Əliyev bildirib ki, 2019-cu ilin sonunadək minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçısı vurğulayıb: “Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilmişdir. Onlar bu mənzillərə köçürülürlər. Bu il isə bizim planlarımızda minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bu prosesə start verilib və əminəm ki, ilin sonuna qədər biz buna nail olacağıq. Təkcə iki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək. Doğrudan da böyük işlərdir və orta hesabla bu mənzillərdə təqribən 50 minə yaxın insan yaşayacaq və öz məişət problemini həll edəcək”.
Pirallahı rayonunda cari il iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən yeni yaşayış kompleksində də məcburi köçkün ailələri üçün gözəl şərait yaradılıb. Tədbirdə bildirilib ki, Pirallahı rayonunda yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi dövlətimizin başçısının 2011-ci ildə imzaladığı Sərəncama əsasən yaradılıb. Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni yaşayış məhəlləsinin ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir. Yaşayış kompleksinə məktəb də daxildir və burada digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.
Yeni yaşayış məhəlləsində mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir. Qeyd edildiyi kimi, burada hazırda Pirallahı rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar. Prezident İlham Əliyev yaşayış kompleksində işlərin yüksək keyfiyyətlə aparılmasından məmnunluğunu bildirib. Açılış mərasimində sakinlərlə söhbət edən dövlət başçısı onları təbrik edib, eyni zamanda, vurğulayıb ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir.
Yeri gəlmişkən, Azərbaycan indiyədək özünün ərazi bütövlüyünün təmin olunması istiqamətində məqsədyönlü siyasət həyata keçirib. İlk mərhələdə Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması üçün mühüm addımlar atılıb, uğurlu Horadiz əməliyyatı aparılıb. Beləliklə, ərazilərimizin bir hissəsi işğaldan azad edilib. Sonrakı dövrlərdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə ordu quruculuğu istiqamətində böyük işlər görülüb. Azərbaycan Ordusu şanlı aprel döyüşlərində öz gücünü düşmənə göstərərək strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmləndi.
Əlamətdar haldır ki, məcburi köçkün soydaşlarımız üçün inşa edilən ayrı-ayrı yaşayış kompleksləri bilavasitə işğaldan azad edilən ərazilərdə salınıb ki, bu da böyük rəmzi məna daşıyır. Yəni, biz Cocuq Mərcanlının və Şıxarxın timsalında dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar. “Onu da bildirməliyəm ki, salınan qəsəbələr arasında elələri var ki, vaxtilə işğal olunmuş və işğaldan azad edilmiş torpaqlarda salınıb. O cümlədən Horadiz şəhəri, demək olar ki, yenidən qurulub və bu gün ən gözəl yaşayış yerlərindən biridir. Şıxarx qəsəbəsində mindən çox köçkün ailəsi məskunlaşıb, hansı ki, o ərazilər işğal altında idi. Cocuq Mərcanlıda 150 evdən ibarət gözəl qəsəbə salınıb, müasir infrastruktur, iş yerləri, kommunikasiyalar yaradılıb. Yəni, bu yerlərə həyat qayıdıb”, - deyə Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində salınan yeni yaşayış kompleksinin açılışındakı çıxışında vurğulayıb.
Məcburi köçkünlərin gəlir imkanlarının artırılması diqqət mərkəzində saxlanılır
Ölkəmizdə məcburi köçkünlərə qayğı siyasəti yalnız onların mənzil-məişət problemlərinin həlli ilə məhdudlaşmır. Bu qəbildən olan soydaşlarımıza digər istiqamətlərdə də dəstək göstərilir. Bunun təsdiqi olaraq qeyd edək ki, indiyədək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə təxminən 15 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 16 ildə 75 faizdən 12 faizədək azalıb.
Ölkəmizdə məcburi köçkünlərin gəlir imkanlarının artırılması da davamlı olaraq diqqət mərkəzində saxlanılır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 26 fevral 2019-cu il tarixində “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Prezident İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində salınan yeni yaşayış kompleksinin açılışındakı çıxışında bildirib ki, məcburi köçkünlərə verilən müavinətlərin 50 faiz artırılması respublikamızda həyata keçirilən siyasəti əks etdirir: “O ki qaldı, məcburi köçkünlərin problemlərinin həllinə, bu problemlər kompleks şəkildə öz həllini tapır. Binalar tikilir, yeni şəhərciklər salınır, eyni zamanda, məcburi köçkünlərin sosial şəraiti yaxşılaşdırılır, onlara dövlət tərəfindən verilən sosial dəstək artır. Bu yaxınlarda çox böyük sosial paket təsdiqləndi. O cümlədən məcburi köçkünlərin müavinətləri 50 faiz artmışdır. Özü də biz bu məbləği bir neçə dəfə artırmışıq. Bu gün hər bir köçkünə verilən müavinət 50 faiz artıb. Bu, bizim köçkünlərə olan diqqətimizi əks etdirir. Digər sosial layihələr icra edilib”.
Prezident İlham Əliyev 2019-cu il 10 iyun tarixində isə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Bəhs olunan sənədə əsasən Azərbaycan Respublikası Prezidentinin yuxarıda xatırlatdığımız 2019-cu il 26 fevral tarixli 993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında müəyyən dəyişikliklər edilməsi nəzərdə tutulub.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  9780  |  
  • Tarix:  17-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır

20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
20 Fevral 13:10
ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub
20 Fevral 13:04
Zaur Əliyev: Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir
20 Fevral 12:47
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
20 Fevral 12:43
İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır
20 Fevral 12:22
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub
20 Fevral 12:19
İsveçrə saytında Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc olunub
20 Fevral 12:10
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
20 Fevral 11:53
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 rayondakı tibb müəssisələrinə 381 mindən artıq insan müraciət edib
20 Fevral 11:50
DOST Agentliyi könüllülüklə əlaqədar keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
20 Fevral 11:47
Məqsədimiz məzunlarımıza karyeralarını qurmaqda yardımçı olmaqdır
20 Fevral 11:33
İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markaları buraxılıb
20 Fevral 11:29
Azərbaycan Respublikası Antiqua və Barbudaya yardım edib
20 Fevral 11:23
Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb
20 Fevral 11:20
ABŞ-ın San-Dieqo Ştat Universitetində Azərbaycana dair mühazirə keçirilib
20 Fevral 11:16
Sumqayıtda ötən əsrdə tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək
20 Fevral 10:40
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri aparılır
20 Fevral 10:28
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilir
20 Fevral 10:16
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20 Fevral 10:05
Tokioda “Imegine One World-Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib
20 Fevral 09:57
BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb
20 Fevral 09:52
Münxendə Azərbaycanın alternativ enerji sektorunun inkişafı istiqamətində atdığı addımlar yüksək dəyərləndirilib
20 Fevral 09:50
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
20 Fevral 09:48
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
20 Fevral 09:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20 Fevral 09:34
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir
20 Fevral 09:33
Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında
20 Fevral 09:30
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
20 Fevral 09:24
Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir
20 Fevral 09:12
Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
20 Fevral 09:09
Xocalı soyqırımı qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
20 Fevral 08:59
Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır
19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA