Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT-nin Dövlət Xidmətləri Forumu işini sessiyalarla davam etdirib

BMT-nin Dövlət Xidmətləri Forumu işini sessiyalarla davam etdirib

26.06.2019 [11:37]

Dayanıqlı İnkişaf Məqsədləri 16: şəffaflıq, inklüzivlik və iştirakçılıq ilə institutların daha səmərəli olmasını təmin etmək
Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu iyunun 25-də işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, Forumun ikinci günü “Dayanıqlı İnkişaf Məqsədləri 16: şəffaflıq, inklüzivlik və iştirakçılıq ilə institutların daha səmərəli olmasını təmin etmək” mövzusunda interaktiv panel müzakirəli plenar sessiya ilə başlayıb.
BMT-nin İqtisadi və Sosial məsələlər üzrə departamentinin Dövlət institutları və rəqəmsal hökumət sektorunda DİM şöbəsinin müdiri David Le Blankın moderatorluğu ilə keçən sessiyada Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Alia El Yassir, Liberiya Respublikasının Paynesvil şəhərinin meri Pam Taylor-Belçer və Bəhreyn Dövlət İdarəçilik Akademiyasının direktoru Raed Ben Şams çıxış ediblər.
Natiqlər müasir dövrdə dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqinə böyük ehtiyacın olduğunu vurğulayıb, Azərbaycanın “ASAN xidmət” modelini bu istiqamətdə yaxşı təcrübə kimi qiymətləndiriblər. Qeyd ediblər ki, dövlət xidmətlərinin göstərilməsi prosesinin təkmilləşdirilməsi sahəsində müxtəlif tədbirlər görülür. Bu sahədə vahid mexanizmin yaradılması üçün fikir mübadiləsi aparmaq və qazanılan təcrübələri paylaşmaq baxımından bu forum əhəmiyyətli platformadır.
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün görülən işlərlə bağlı məlumatlılığın artırılması baxımından Bakı Forumunun əhəmiyyətini vurğulayan natiqlər tədbirin təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkür ediblər. Vurğulanıb ki, bu məqsədlərə çatmaq üçün hökumətlər, media, yerli cəmiyyətlər və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərməlidirlər. Bunun üçün yeni konsepsiyalar hazırlanmalıdır.
Sonda iştirakçıların sualları cavablandırılıb.
* * *
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
Forum çərçivəsində “Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi” mövzusunda seminarın sessiyaları keçirilib.
Əvvəlcə Keniyanın su sektoru transformasiyasının əməkdaşı ölkəsi və onun təbiəti barədə məlumat verib. Sonra o, Keniyada yoxsul əhali üçün uğurla sanitar xidmətin göstərilməsi ilə bağlı ərsəyə gətirdikləri layihə haqqında danışıb, bu istiqamətdə gördükləri işlərin nəticələrini diqqətə çatdırıb.
Braziliyada bələdiyyənin dəstəyi ilə həyata keçirdikləri layihə barədə məlumat verən braziliyalı nümayəndə tullantılarla bağlı proqram hazırladıqlarını deyib. O, bu proqram nəticəsində tullantı sektorunda çalışan şəxslərin iş şəraitinin daha da yaxşılaşdığını, tullantıların təkrar emalından daha çox gəlir əldə edildiyini söyləyib.
Avstraliyanın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı da ilkin olaraq ölkəsinin təbiəti barədə danışıb. O bildirib ki, kənd təsərrüfatına vəhşi dovşanların vurduğu ziyanı aradan qaldırmaq üçün xüsusi proqram hazırlanır. Bu ziyanın həcmi kənd təsərrüfatı sahəsində böyük məbləğlərlə müşahidə edilir.
Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Şıxəliyev Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. O bildirib ki, komissiyada 19 işçi qrup fəaliyyət göstərir və bu işçi qruplar da təkcə dövlət qurumları nümayəndələrindən deyil, həm də özəl sektorun, beynəlxalq təşkilatların və akademik dairələrin nümayəndələrindən təşkil olunub. Azərbaycanda iqtisadi siyasətin inklüzivliyi, açıqlığı və səmərəliliyi təmin edilir. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiya çərçivəsində dövlət-özəl sektor dialoqunun forması, çərçivəsi, əhatə dairəsi müəyyənləşir.
Sonda iştirakçıların sualları cavablandırılıb.
* * *
Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması
“Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması” mövzusunda seminarın növbəti iki sessiyası maraqlı müzakirələrlə yadda qalıb.
Avstriya Federal Kanslerliyinin ətraf mühit və dayanıqlı inkişaf üçün 2030 Gündəliyi sektorunun rəhbəri Ana Jakil-Holzerin moderatorluğu ilə keçən ilk sessiya iqlim dəyişikliklərinə həsr olunub.
Sessiyada çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib ki, dünyadakı 11 iqlim qurşağından 9-u Azərbaycanda müşahidə edilir: “Bu unikallığın üstünlükləri ilə yanaşı, çətinlikləri də var. Dünyada baş verən iqlim dəyişiklikləri ölkəmizdən də yan keçməyib. Son 30 il ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə artıb. Bununla yanaşı, son 10 il ərzində Xəzər dənizinin səviyyəsi 1,2 metr azalıb.
Azərbaycanda 1847-ci ildə neft hasilatına başlanılıb. Bu proses dənizdə 1949-cu ildə həyata keçirilib. 170 illik tarixə malik neft hasilatı iqlim dəyişmələrində rol oynayıb. Xəzər dənizində 5 sahilyanı ölkə neft hasilatı ilə məşğuldur. Həmin ölkələr mənfi təsirlərin qarşısını almaq üçün birgə səy göstərməlidir.
Azərbaycan əhalisinin 40 faizi Bakıda və Abşeron yarımadasında məskunlaşıb. Neft hasilatının 70 faizi buradadır. Burada su ilə təminat məsələsi qarşımızda duran ən vacib məsələlərdən biridir. Bunun üçün yeni su mənbələrinin tapılması vacibdir. Həmçinin burada yaşıllıq az olduğu üçün yeni ağacların əkilməsinə ehtiyac var.
O vaxtlar neft hasilatı zamanı bütün proseslər primitiv üsullarla həyata keçirildiyindən Abşeron yarımadasında 100 min hektardan çox ərazi neftlə çirklənib”.
Nazir, həmçinin qeyd edib ki, atmosferə atılan tullantıların 70 faizdən çoxu avtonəqliyyat vasitələrinin payına düşür. Təkcə paytaxt Bakıda 700 min avtomobil var. Çirklənmənin qarşısını almaq üçün əhali maarifləndirilir, hibrid maşınlar, elektromobillərin istifadəsi təşviq edilir. Məqsəd atmosferə atılan zərərli qazların təsirini azaltmaqdır.
Avropa ölkələrində ətraf mühitin qorunması üçün ekoloji standartların mövcud olduğunu deyən nazir iqlim dəyişikliyinin qarşısının alınması üçün bütün ölkələrin ona riayət etməsinin vacibliyini vurğulayıb.
Liberiyanın Paynesvil Bələdiyyəsinin sədri Pam Belçer-Taylorun moderatorluğu ilə keçən ikinci sessiya dayanıqlı şəhərlər və icmalara həsr olunub.
Sessiyada çıxış edən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev ölkədə şəhərsalma və memarlıq sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş tədbirlər barədə məlumat verib. Sədr vurğulayıb ki, bu sahədə aparılan islahatların əsas məqsədi ölkədə davam edən urbanizasiya prosesinin və şəhərsalma fəaliyyətinin planlı və sistemli təşkil olunmasını təmin etməkdir.
Samir Nuriyev Azərbaycanın bu sahədə sistemli yanaşmasının beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirib.
Komitə sədri ölkə şəhərlərinin dayanıqlı və sistemli inkişafını təmin etmək məqsədilə baş planların hazırlanması istiqamətində işlər görüldüyünü də diqqətə çatdırıb.
Sessiyalar zamanı, həmçinin müxtəlif ölkələrin nümayəndələri öz təcrübələrini bölüşüb, görülən işlər barədə ətraflı məlumat veriblər.
* * *
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
Dövlət Xidmətləri Forumu çərçivəsində “Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı” mövzusunda seminar işini sessiyalarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, seminarda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişaf etdirilməsi məsələsi müzakirə olunub.
BMT-nin İstanbul Regional Mərkəzində korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyi üzrə regional məsləhətçi İrakli Kotetişvilinin moderatorluğu ilə keçən seminarda çıxış edən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. O bildirib ki, korrupsiyaya və onun mənfi təzahürlərinə qarşı mübarizə məsələləri müasir dövrümüzün ən aktual problemlərindən biridir. Korrupsiyaya və onun törətdiyi mənfi nəticələrə qarşı səmərəli mübarizə olmadan ictimai rifah, vətəndaş məmnuniyyəti və dayanıqlı inkişafdan danışmaq mümkün deyil. Ənənəvi antikorrupsiya tədbirləri həyata keçirmək üçün güclü siyasi iradə, ixtisaslaşmış təsisatlar olmalıdır və bu istiqamətdə fəaliyyətlər əlaqələndirilməlidir.
Tədbirdə çıxış edən müxtəlif ölkələrin nümayəndələri öz ölkələrində DİM-in tətbiqi, ölçülməsi, monitorinqi, o cümlədən onun korrupsiyaya qarşı mübarizə ilə bağlı məqsədlərinə dair məsələlərdən danışıblar. Onlar dövlət idarəçiliyində korrupsiyanın qarşısının alınması istiqamətində uğurlu təcrübə mübadiləsi aparmaq məqsədilə vasitələr təklif ediblər.
Seminar çərçivəsində “Bütün formalarda korrupsiya və rüşvətxorluğu əhəmiyyətli dərəcədə azaltmaq”, “Hər səviyyədə effektiv, məsuliyyətli və şəffaf dövlət qurumların inkişaf etdirilməsi”, “Hər səviyyədə operativ, inklüziv, iştirakçı və təqdim oluna biləcək qərarların verilməsini təmin etmək”, “İctimai informasiyaya əlçatanlığı təmin etmək” mövzularda keçirilən sessiyalarda müzakirələr aparılıb, suallar cavablandırılıb.
* * *
Dayanıqlı İnkişaf Məqsədləri üçün rəqəmsal transformasiyaya keçid
“Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün rəqəmsal transformasiyaya keçid” mövzusunda paralel seminarın sessiyalarında Dayanıqlı İnkişaf Məqsədlərinin və hədəflərinin tətbiqinin dəstəklənməsi üçün rəqəmsal hökumətin və qabaqcıl texnologiyaların necə istifadə ediləcəyi məsələsi nəzərdən keçirilib.
Seminarın əsas məqsədləri rəqəmsal hökumət sahəsində mövcud qlobal və regional tendensiyaların, o cümlədən dövlət sektorunda yeni texnologiyaların tətbiqinin DİM-ə nail olunmasında yardımçı, artan və sürətləndirici rolu ilə bağlı problemləri və imkanları təhlil etmək olub.
Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov bildirib ki, cari ilin 1 iyun tarixindən “myGov” portalı fəaliyyətə başlayıb: “myGov” “mənim hökumətim” deməkdir. Yəni, hökumət bütün xidmətləri vətəndaşa bir pəncərədən təqdim edir, əlçatanlılıq təmin olunur. Vətəndaş heç yerə getmədən xidmətdən yararlana bilir. “myGov” portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir”.
EHİM-in direktoru qeyd edib ki, “qabaqlayıcı hökumət” konsepsiyası əsasında hazırlanmış portal şəxsi kabinet əsaslı olacaq və vətəndaşlara proaktiv xidmətlər göstərəcək: “Burada məqsəd vətəndaşların elektron xidmətlərin mövcudluğu barədə məlumatlandırılmasına nail olmaqdır. Bununla əlaqədar olaraq “ASAN xidmət”in rəqəmsal versiyasının formalaşması istiqamətində işlər gedir. Vətəndaşlar istəsələr “ASAN xidmət”ə gəlib xidmətlərdən yararlana bilərlər. Həmçinin alternativ rəqəmsal platforma üzərindən həftənin 7 günü 24 saat ərzində xidmətlərdən istifadə edə bilsinlər”.
Digər çıxış edənlər öz ölkələrində rəqəmsal transformasiyaya keçid sahəsində görülən işlərdən danışıblar.
* * *
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil edilən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi” mövzusunda seminar öz işini sessiyalarla davam etdirib.
Seminarın əsas məqsədi siyasətçilərin və təcrübəçilərin məlumat mübadiləsinin və potensialının gücləndirilməsinə kömək etmək, dövlət xidmətlərinin gender həssaslığını artırmaq üçün innovativ təcrübələr əsasında sahələrarası və ölkələrarası biliyi əhatə etmək, xidmətlərin bütün qadın və qızlara, xüsusən də müxtəlif ayrı-seçkilik formalarına məruz qalanlara çatmasının necə təmin oluna biləcəyini müzakirə etmək olub.
BMT-nin Qadınlar Təşkilatının Türkiyə ofisinin proqram meneceri Zeynəb Aydəmir Koyuncunun moderatorluğu ilə keçən sessiyada əvvəlcə gender bərabərliyinə həsr olunan videoçarx nümayiş olunub.
Daha sonra mövzu ilə bağlı müxtəlif suallardan ibarət interaktiv oyun təşkil edilib və sessiya iştirakçıları suallarla bağlı öz fikirlərini bölüşüblər.
BMT-nin Qadınlar Təşkilatının regional müşaviri Ermira Lubani, Serbiya üzrə rəhbəri Milana Rikanoviç çıxış edərək gender balansının qorunması, qadınların ictimai həyatda fəallığının artırılması istiqamətində görülən işlər, dövlət qurumlarının gender əsaslı dövlət xidmətləri, rolları və məsuliyyətləri üçün əsas çərçivələr barədə danışıblar.
* * *
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
“Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər” mövzusundakı seminar çərçivəsində keçirilən sessiyalarda qərarvermədə, dövlət xidmətinin və ictimai xidmətin çatdırılmasında həssas qrupların roluna dair fikir mübadiləsi aparılıb.
BMT-nin ətraf mühitin inkişafı şöbəsinin müdiri Katinka Vaynbertgerin moderatorluğu ilə keçən seminarda çıxış edənlər Cənub-Şərqi Asiya və Sakit okean regionu ölkələrində rəqəmsal bərabərsizlik hallarının çoxluğu, Nepalda hökumət orqanları, bələdiyyələr və özəl sektorla birgə həssas qruplarla aparılan iş, Malayziyada sahibkarlıq subyektləri ilə əməkdaşlıq fonunda həyata keçirilən tədbirlər barədə danışıblar. Afrika Gənclər Komissiyasının sədri Natalya Mükundane ən həssas qruplara aid olan uşaq və gənclərə göstərilən diqqət və qayğı, həmin təbəqələrə məxsus olanlar arasında regionda mövcud olan stiqma, fiziki məhdudiyyətli gənclərin problemləri barədə məlumat verib.
Müzakirələr zamanı Koreyada həssas qruplardan sayılan ahıllar, xüsusilə qadınlara qarşı zorakılıq halları, sosial ayrı-seçkilik, həmin qrupa məxsus olanların bir qrupunun səhiyyə xidmətindən kənarda qalması, İndoneziyada zəka məhdudiyyətli insanlara göstərilən xidmətlər, onların üzləşdikləri problemlər, Sinqapurda ahıllar arasında həyata keçirilən fitnes, eləcə də rifah və qidalanma proqramları, sunami hadisələri zamanı vəziyyətdən çıxış yolları barədə bəhs olunub. Filippin Universitetinin professoru Benjamin Abalos fiziki məhdudiyyəti olanlara göstərilən səhiyyə xidməti, autizmli uşaqların cəmiyyətə inteqrasiyası, onların peşə hazırlığına cəlb edilməsindən danışıb.
Müzakirə olunan məsələlərlə əlaqədar sual-cavablar aparılıb.
* * *
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində 2030-cu il Gündəliyinin həyata keçirilməsi üçün dövlət qulluqçularının tam hazırlanması mövzusundakı seminarın sessiyalarından biri “Strateji inkişaf hədəflərinin həyata keçirilməsi üçün dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə və potensialın artırılmasına kömək edən strategiya, bilik və amillər” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru Birləşmiş Biznes İnstitutlarının dekanı professor Munira Aminova mövzunun aktuallığı barədə danışıb.
BMT-nin İctimai əlaqələr komitəsinin eksperti Lamiya Mobayed təmsil etdiyi beynəlxalq təşkilatın mövzu ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, dövlət qurumlarının qüsursuz fəaliyyət göstərməsi üçün əməkdaşlıq və inklüziv fəaliyyət önəmlidir.
BMT-nin proqram rəhbəri Adriana Alberti vurğulayıb ki, dövlət qurumları ilə cəmiyyət əməkdaşlıq şəraitində çalışmalıdır.
Beynəlxalq ekspert Stefan Mergenhaler bildirib ki, son dövrlərdə yeni texnologiya sayəsində dövlət qurumları müsbət dəyişikliklər edə bilər. Müasir dünyada dəyişikliklər sürətlə gedir. Dünyada fəaliyyət göstərən beyin institutlarının hazırladığı layihələrdə prosesin dayanmadan inkişaf etdiyini deyən Stefan Mergenhaler əlavə edib ki, bu, sosial və iqtisadi sahələri daha çox əhatə edir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iqtisadi idarəetmə ofisinin rəhbəri Faysal Naru bildirib ki, idarəetmə sistemində bir prinsip var ki, iqtisadçılar əldə olan vəsaiti hesablamalıdırlar. Siyasətçilər isə iqtisadçıların təqdim etdikləri rəqəmlərin düzgün idarəsini həyata keçirməlidirlər. Bu vəsait düzgün sərf edildikdə dövlət və cəmiyyət ortaq qazanc əldə etməlidir.
Avstraliyanın Kvinslend Universitetinin professoru Adil Xan qeyd edib ki, dövlət qulluğunda çalışarkən əsas məqsəd cəmiyyətə düzgün xidmət olmalıdır. Əməkdaşlıq şəraitində çalışdıqda problemlərin qarşısını almaq asan olur.
Finlandiyanın Sosial Təlim və İnkişaf Mərkəzinin direktoru Palvi Hirvola rəhbərlik etdiyi qurumun mövzu ilə bağlı reallaşdırdığı layihələr barədə məlumat verib. O bildirib ki, ölkəsində dayanıqlı inkişafla bağlı məsələlərin təbliği işi məktəblərdə aparılır. Bu məsələnin cəmiyyətdə tam yerini tutması üçün gələcək nəsillə iş aparılmalıdır.
Daha sonra seminar müzakirələrlə davam edib.
* * *
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “Dövlət xidmətlərinin gələcəyi: 2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi” mövzusunda seminarın iyunun 25-də davamı olub.
Seminar çərçivəsində keçirilən sessiyada çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə dövlət idarəetməsi sahəsində həyata keçirilən islahatlar, bu islahatların tərkib hissəsi olaraq “ASAN xidmət”in fəaliyyətə başlaması, habelə e-hökumət, İKT-nin və innovativ həllərin dövlət xidmətlərinin göstərilməsi prosesində tətbiqi barədə danışıb. O, “ASAN xidmət”in uğurlu fəaliyyəti nəticəsində BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyünü, Azərbaycanın bu brendinin Əfqanıstanda və Monteneqroda tətbiq olunduğunu qeyd edib, Özbəkistanla əməkdaşlığa başlanıldığını diqqətə çatdırıb.
Azad Cəfərli hazırda “ASAN xidmət”in 400-dən çox elektron xidmət göstərdiyini bildirib.
Əfqanıstanın “ASAN xidmət” idarəsinin baş direktoru Məhəmməd Çəmkənay Azərbaycanda “ASAN xidmət”in uğurlu fəaliyyətini qeyd edib, vətəndaşlara yüksək səviyyədə xidmət göstərildiyinin şahidi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda olduğu kimi, Əfqanıstanda da “ASAN xidmət”in uğur qazanmasına çalışdıqlarını vurğulayıb. Məhəmməd Çəmkənay Əfqanıstanda “ASAN xidmət”in yaradılmasına dəstək verdiyi üçün Azərbaycana təşəkkür edib.
Yeni Zelandiyanın Vellinqton Viktoriya Universitetinin tədqiqatçısı Gisa Futai belə seminarların təşkilinin önəmli olduğunu deyib. Bildirib ki, bu cür müzakirələr hər bir ölkədə təhlükəsizlik və texnologiya sahəsinin inkişafına təkan verir. Qarşılıqlı əməkdaşlıq və səmərəli müzakirələr baxımından belə seminarların verdiyi töhfə böyükdür.
Seminar çərçivəsində keçirilən sessiyalarda “Hökumət üçün innovasiyalar”, “Dövlət xidmətlərini təkmilləşdirə bilən texnologiyalar və innovasiyalar”, “Ölkələrin dövlət idarəçiliyi, dövlət xidmətlərinin çatdırılması və qabaqcıl texnologiyaları üzrə təcrübələri” mövzularında çıxışlar olub.
* * *
İnnovasiyalarin gələcəyi: insan ölçüsünə alternativ olacaqmı?
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “İnnovasiyalarin gələcəyi: insan ölçüsünə alternativ olacaqmı” mövzusunda sessiya təşkil olunub.
Sessiyada Elektron Hökumətin İnkişafı Mərkəzinin Strateji inkişaf və kommunikasiya departamentinin rəhbəri Soltan Bayramov, “Ledgerstate” kompaniyasının yaradıcısı Jandricek Damir, Keyfiyyətə Nəzarət üzrə Amerika Cəmiyyətinin üzvü Sunil Thavani, “Third Millennium Governance” təşkilatının rəhbəri Jeremi Millard, Tailandın Dövlət Sektorunun İnkişafı Komissiyasının baş katibinin müavini Areepan Çaroensuk və başqaları çıxış edərək innovativ texnologiyaların imkanlarından, innovativ sistemlərin tətbiq olunmasının üstünlüklərindən danışıblar.
Sessiya müzakirələrlə və sual-cavabla davam edib.
* * *
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
Forum çərçivəsində “Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar” mövzusunda sessiya təşkil olunub.
Tədbir Afrikanın Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının Afrika Yerli Hökumətlər Akademiyasının direktoru Nəcəf Zərrukun moderatorluğu ilə keçirilib.
İSESKO-nun Rabat ofisinin xarici əlaqələr və əməkdaşlıq üzrə idarəsinin direktoru Aycan Smaylova çıxış edərək Qazaxıstanda yaradılmış uğurlu elektron hökumət sisteminin təcrübəsi barədə məlumat verib. O, elektron hökumət çərçivəsində yaradılan portal vasitəsilə Qazaxıstan vətəndaşlarına bir çox dövlət xidmətlərinin rahat şəkildə göstərildiyini bildirib. Qeyd edib ki, Qazaxıstanın tətbiq etdiyi elektron hökumət sistemi Dünya İqtisadi Forumu və BMT-nin keçirdiyi bir çox sorğularda müsbət dəyərləndirilib və hətta ən uğurlu elektron hökumət sistemlərindən biri kimi mükafatlandırılıb.
Sessiyada Burkina Fasonun, Seneqalın, Uqandanın nümayəndələri də çıxış edərək ölkələrinin təcrübələri barədə danışıblar.
Çıxışlarda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında insan kapitalına sərmayə qoyulmasının önəmi qeyd edilib.
Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində mövcud olan əsas problemlər araşdırılıb və innovativ transformasiya təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparılıb.
* * *
Forum çərçivəsində Qərbi Balkan ölkələri, Gürcüstan və Azərbaycandan öyrənilmiş təcrübələr müzakirə olunub
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “Xidmətlərin göstərilməsi, keyfiyyətin idarə olunmasi və liderlik rolunun əlaqələndirilməsi: Qərbi Balkan ölkələri, Gürcüstan və Azərbaycandan öyrənilmiş təcrübələr” mövzusunda tədbir təşkil olunub.
ReSPA tərəfindən təşkil olunan bu tərəfdaş tədbirdə Qərbi Balkanlarda dövlət xidmətlərinin göstərilməsinin inkişafı məsələsi araşdırılıb.
Tədbirin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasındakı mövcud problemlərin diqqətə çatdırılması, 2030-cu il Gündəliyinin həyata keçirilməsi üçün səmərəli qeyri-mərkəzləşdirilmiş idarəçiliyin necə qurulmalı olduğunun müzakirəsi olub.
Bu tədbir üç sessiyadan ibarət olub. Sessiyalar “Qərbi Balkanlarda dövlət xidmətlərinin göstərilməsi sahəsində vəziyyət”, “Dövlət xidmətlərinin göstərilməsində ilhamverici hallar”, “Dövlət idarəçiliyində liderlik və peşəkarlıq dövlət xidmətlərinə necə təsir edir?” mövzularında keçirilib.
Sessiyada çıxış edən Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov Mərkəzin müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin etdiyini bildirib. O qeyd edib ki, Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılıb və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunub.
Direktor Elektron Hökumət portalı, “myGov” portalı, “ASAN Viza”, “ASAN Ödəniş”, “ASAN Finans”, “e-Agro” və digər layihələr haqqında da məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov istənilən uğurun əsasında liderlik və peşəkarlığın dayandığını, bunun üçün isə insan resurslarının gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi bu istiqamətdə atılan faydalı addımlardandır. Rektor deyib: “2018-ci il Davos Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında 3-cü yerdə qərarlaşaraq, iqtisadi imkanları daha yüksək olan Avropa İttifaqı ölkələrinin çoxunu geridə qoyub. Həmçinin Dünya İqtisadi Forumunun təsisçisi və fəxri prezidenti Klaus Şvabın hazırladığı qlobal hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi kimi xarakterizə edilib”.
Tədbirdə çıxış edən xarici qonaqlar da öz ölkələrinin bu sahədəki təcrübələrindən danışıblar.

Paylaş:
Baxılıb: 389 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Turizm

Siyasət

Siyasət

Xəbər lenti

MEDİA

Xəbər lenti

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31