
Prezident İlham Əliyev: Əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır
Ölkəmizin milli maraqlara əsaslan xarici siyasətinin əsas istiqaməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Azərbaycan dövləti xalqımızın xoş məramını əsas tutaraq münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün böyük fəallıq göstərir və daim konstruktiv mövqedən çıxış edir. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Vyanada baş tutan görüş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə yeni bir impuls verib
Məlumdur ki, ATƏT-in Minsk qrupunun sədrliyi ilə aparılan danışıqlarda ən maraqlı tərəf qismində məhz Azərbaycan çıxış edir. İlk növbədə ona görə ki, bu münaqişə nəticəsində respublikamız böyük itkilərə məruz qalıb - ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü pozulub, torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşüb, çoxlu sayda şəhər və kəndlərimiz, tarixi maddi mədəniyyət abidələrimiz dağıdılıb, işğal altındakı ərazilərdə təbii sərvətlərimiz bu gün də talan olunmaqdadır. Azərbaycan tarixi ədalətin öz yerini tutması - ölkənin ərazi bütövlüyünün təmin olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də digər beynəlxalq platformalarda prinsipial mövqe sərgiləyir və ardıcıl səylər göstərir. Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi müxtəlif səviyyəli görüşlərdə dəfələrlə bəyan edib ki, münaqişə ilə bağlı aparılan danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır, bu danışıqlar substantiv nəticələrə yönəlməlidir. Öz növbəsində Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda prinsipiallıq göstərməsi, o cümlədən də münaqişə ilə bağlı həqiqətlərin fəal şəkildə dünya ictimaiyyətinə çatdırılması artıq öz bəhrəsini verir. Bir vaxtlar erməni mənbələri, ələlxüsus da xaricdəki erməni lobbisi beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin işıqlandırılmasının qarşısını almaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırdılar. Lakin indi vəziyyət dəyişib. Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasət, regional və qlobal əməkdaşlığa getdikcə daha sanballı töhfələr verməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu gün respublikamız bütün dünyada ləyaqətli, özünün milli maraqlarını qətiyyətlə qorumağı bacaran dövlət kimi tanınır. Azərbaycanın qısa müstəqillik tarixində 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, eləcə də qlobal səviyyəli tədbirlərin keçirilməsinin ölkəmizə həvalə edilməsi deyilənləri əyani şəkildə təsdiqləyir.
O cümlədən cari il martın 19-da Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən görüş Azərbaycan Respublikasının növbəti diplomatik uğurudur. Bu görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası ilə Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır.
Beləliklə, xeyli müddət keçdikdən sonra Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəsi ilə ilk dəfə görüş keçirildi. Məlumdur ki, bundan əvvəl Ermənistan tərəfi danışıqların formatının dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar irəli sürürdü. Lakin 9 mart tarixində ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Azərbaycan tərəfi də öz növbəsində dəfələrlə formatın dəyişilməzliyini vurğulamışdı. Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev martın 29-da Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində də danışıqlar formatının dəyişməz qalmasının əsas məqam olduğuna xüsusi diqqət çəkib. Azərbaycanın dövlət başçısı müxbirin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları barədə sualına cavabında belə deyib: “...Əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi, təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq. Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar, çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər”.
Xatırlatmaq yerinə düşər ki, Vyanada dövlətimizin başçısı və Ermənistanın baş naziri arasında 2 saatdan artıq təkbətək görüş keçirilib. Daha sonra görüşə həmsədrlər, eləcə də 2 ölkənin xarici işlər nazirləri də qatılıblar və toplam 3 saatdan artıq müddətdə danışıqlar aparılıb.
Bu görüş danışıqlar prosesinə yeni bir impuls verib. Nəticə etibarilə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri, eləcə də həmsədrlər tərəfindən birgə “3+2” formatında Bəyanat verilib. Bəyanatda qeyd olunur ki, görüş əsnasında danışıqlar prosesinin əsas məsələləri və substantiv məqamları barədə fikir mübadiləsi aparılıb. Sülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün danışıqlar prosesində konkret və nəticəyönümlü addımlar atılmasının vacibliyi qeyd olunub. Bəyanatda atəşkəslə bağlı məqamlar da qeyd edilib. Həmçinin atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, substantiv əsaslarla bir-birini tamamlaması vacib şərtlərdəndir, bunlar paralel və davamlı aparılmalıdır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, dövlət başçılarının görüşündən əvvəl iki ölkənin xarici işlər nazirləri arasında 4 dəfə görüş keçirilib. Bu da formatın eyni şəkildə davam etdirilməsinin göstəricisidir.
Azərbaycanın mövqeyi birmənalıdır: Ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır
Danışıqlar prosesinin mahiyyətinə gəldikdə isə, Azərbaycan Respublikasının mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Respublikamızın sərgilədiyi prinsipial mövqenin əsasında Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri dayanır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Prezident İlham Əliyev bu kimi məqamları nəzərə çatdıraraq deyib: “Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”.
Ümumiyyətlə, əksər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı respublikamızın təkliflərini qəbul edərək çox önəmli qətnamələr qəbul ediblər. Ayrı-ayrı beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Məsələn, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, GUAM və digər təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ədalətli mövqeyinə dəstək ifadə olunub.
Avropa İttifaqının 2018-ci ildə Brüsseldə imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləməsi və ilk dəfə olaraq “Tərəfdaşlıq prioritetləri” sənədində sərhədlərin toxunulmazlığı məsələsinin qurum tərəfindən xüsusi qeyd edilməsi strateji əhəmiyyətə malikdir. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduqca mühüm məqamdır.
Xəbər verildiyi kimi, ötən ilin aprelində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib. Sənəddə beynəlxalq münasibətlər çərçivəsində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə təhdidindən çəkinməyə çağırış yer alıb.
İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini, həmçinin 2018-ci il mayın 5-6-da Banqladeşin Dəkkə şəhərində keçirilən təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında ifadə edib. Sessiyada qəbul edilmiş Dəkkə Bəyanatının 18-ci bəndində İƏT-ə üzv ölkələrdə mövcud olan münaqişə və böhranların BMT və İƏT-in nizamnamələrində təsbit olunmuş beynəlxalq hüquq normaları əsasında həlli, onların doğurduğu dağıdıcı təsirlərin aradan qaldırılması zərurəti qeyd edilib, bu xüsusda Azərbaycanla qəti həmrəylik bir daha ifadə olunub və münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll edilməli olduğu vurğulanıb.
Mübariz ABDULLAYEV
- Oxunub: 5760 |
- Tarix: 02-04-2019 |
-
Çap et |