Ana səhifə »  Siyasət »  Milli Məclis komitələrinin birgə iclasında 2019-cu ilin büdcə zərfi müzakirə olunub
A+   Yenilə  A-
Milli Məclis komitələrinin birgə iclasında 2019-cu ilin büdcə zərfi müzakirə olunub

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “2019-cu il dövlət büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda uğurlu islahatların davam etdirildiyini söyləyib. Bildirilib ki, Azərbaycanda iqtisadi fəaliyyətin son 15 ildəki nəticələri kifayət qədər möhtəşəm rəqəmlərlə xarakterizə olunur. Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə keçir.
Ziyad Səmədzadə qeyd edib ki, qloballaşan dünyada, risklərin artdığı bir şəraitdə Azərbaycan iqtisadiyyatı davamlılığını nümayiş etdirir. Heç şübhəsiz, bu nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş iqtisadi siyasət, ölkənin milli maraqlarına cavab verən iqtisadi inkişaf strategiyası dayanır. Dövlət Büdcəsi bütün bu nailiyyətlərin əldə olunmasında mühüm bir vasitədir. Büdcənin hazırlanmasında iştirak edən strukturlar bu məsələyə kifayət qədər məsuliyyətlə yanaşırlar. Məhz belə yanaşmanın nəticəsidir ki, Azərbaycanın dövlət büdcəsinin parametrləri, göstəriciləri ildən-ilə təkmilləşir, yaxşılaşır.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Respublikasının 2019-cu il icmal və dövlət büdcələrinin layihələri büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələbləri, Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf prioritetləri və sosial iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla tərtib olunub. Bu amillərlə yanaşı, proqnozlaşdırma zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin hazırladığı 2019-2022-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyillər, o cümlədən 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faizlik, qeyri-neft sektorunda isə 3,9 faizlik real artım sürəti, dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında isə bir barrel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib.
Nazir deyib ki, dünya əmtəə bazarlarında neftin qiyməti ilə bağlı müşahidə olunan müəyyən sabitləşmə və artım proseslərinin ölkə iqtisadiyyatına müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. Belə ki, qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması Azərbaycan manatının məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu, bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliliyinin azalması digər tərəfdən isə idxalın artımı risklərini aktuallaşdırır.
“Yuxarıda sadalanan xarici mənşəli makro iqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır. Bununla əlaqədar, büdcənin sabitliyi və orta müddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə maliyyə naziri qeyd edib. Diqqətə çatdırılıb ki, 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq. Qaydanın tətbiqi neft qiymətlərinin artması və enməsi zamanı dövlət xərclərinin prosiklikliyinin qaldırılmasını və dayanıqlı olmasını tələb edir. Bu əsasda icmal büdcənin xərclərinin yuxarı həddi üzrə məhdudiyyət tətbiq olunur.
Nazir bildirib ki, təqdim olunmuş sənədlərdə icmal büdcənin xərcləri 27 milyard 372 milyon manat, dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manatdır. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilib. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumdaxili məhsula nisbəti 30 faizədək, yəni cari ilin göstəricisi ilə müqayisədə 1,7 faiz bənd azaldılır. Bu da artıq büdcə qaydasının işə salınmasının əyani göstəricisidir.
2019-cu ildən etibarən büdcə vergi siyasətində bir sıra vacib dəyişikliklərin ediləcəyini bildirən nazir deyib: “Bunlar əsasən, büdcənin sabitliyi və uzunmüddətli dayanıqlılığının təmin edilməsi, şəffaflığın, ortamüddətli maliyyə proqnozlaşdırılmasının effektivliyinin və səmərəliyinin və eyni zamanda, maliyyə nəzarətinin və monitorinqinin tətbiq edilməsinə yönəlib. Hesab edirik ki, 2019-cu ildən büdcənin sabitliyinin və uzunmüddətli dayanıqlığının təmin edilməsi məqsədilə yeni büdcə qaydasının tətbiqi və büdcə xərclərinə müəyyən məhdudiyyətin qoyulması büdcənin dayanıqlılığına xidmət göstərəcək”.
Samir Şərifov diqqətə çatdırıb ki, 2019-cu ildə ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft və baza kəsirinin qeyri-neft ümumdaxili məhsula nisbətinin azaldılması hədəflənir. Bu hədəf dövlət büdcəsinin layihəsində öz əksini tapıb. Ortamüddətli maliyyə proqnozlaşdırılmasına keçidi təmin etmək məqsədilə 2019-cu ildən etibarən ölkənin müəyyən etdiyi iqtisadi və sosial-inkişaf tələblərini özündə əks etdirən ortamüddətli xərclərin çərçivəsinin hazırlanmasına başlanılacaq. Bu, hesab edirəm ki, keyfiyyət baxımından irəliyə doğru atılan çox mühüm addımdır.
Nazir qeyd edib ki, dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları, həmçinin təhsil, səhiyyə, sosial, mədəniyyət və idman sahələri ilə bağlı infrastruktur layihələri üçün maliyyə təminatı yaradılacaq. Hesab edirik ki, bu qərar dövlət büdcəsinin əsas parametrlərinin həyata keçirilməsi üçün dövlət büdcəsinin daxilolmalar hissəsində əhəmiyyətli dəyişikliklərin baş verməsini təmin edəcək. İlk növbədə, qeyd etməliyəm ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərinə muzdlu işdən aylıq gəlir vergisi üzrə 7 il müddətində güzəşt tətbiq olunacaq. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi ilə əlaqədar layihə təqdim olunub. Vergi islahatlarının digər mühüm istiqaməti göstərilən güzəştin alıcıları üçün məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün bir hissəsinin işçinin üzərinə ötürülməsidir. Əvvəlki pensiya islahatı ilə bağlı konsepsiyada da bu meyar öz əksini tapıb.
Maliyyə naziri 2019-cu ilin icmal və dövlət büdcələrinin əsas parametrləri barədə məlumat verərək bildirib ki, 2019-cu ilin icmal büdcəsi 2 milyard 352 milyon manat məbləğində profisitdə proqnozlaşdırılır. İcmal büdcənin gəlirləri xərclərini üstələyəcək. İcmal büdcənin gəlirləri 29 milyard 725 milyon manat məbləğində proqnozlaşdırılır, xərcləri isə 27 milyard 372 milyon manat məbləğində nəzərdə tutulub. İcmal büdcəyə daxil olan Dövlət Neft Fondunun büdcəsinin xərcləri transfert nəzərə alınmaqla 11 milyard 364 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 3 milyard 928 milyon manat və ya cari ilə nisbətən 349 milyon manat, yəni 9,8 faiz çox olacaq. Həmin vəsaitin 38,3 faizi və ya 1 milyard 503 milyon manatı Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərini təmin edəcək transfertdən ibarət olacaq. Bu da cari ilin proqnozu ilə müqayisədə 203 milyon manat və ya 15,6 faiz çoxdur.
Qeyd edilib ki, icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 384 milyon manat məbləğində proqnozlaşdırılır. Xərclərin 84 milyon manatını muxtar respublikanın öz gəlirləri, 300 milyon manatını isə dövlət büdcəsindən ayrılan dotasiya hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, mütləq ifadədə 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı və ya 40,2 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı və ya 59,8 faizi neft gəlirlərinin payına düşəcək. 2019-cu ildə Vergilər Nazirliyinin xətti ilə proqnozlaşdırılan daxilolmalar 7 milyard 316 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə proqnozlaşdırılan daxilolmalar isə 3 milyard 452 milyon manat səviyyəsində qiymətləndirilir. Büdcə təşkilatlarının ödənişli xidmətləri hesabına 627 milyon manat, digər daxilolmalar üzrə 159 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.
Samir Şərifov bildirib ki, 2019-cu il dövlət büdcəsinin xərclərinin tərtibi zamanı ölkəmizin uzunmüddətli sosial iqtisadi inkişafının prioritet istiqamətlərindən olan əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, kənd təsərrüfatının, qeyri-neft sektorunun stimullaşdırılması, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi ilə bağlı məsələlərin maliyyə təminatı nəzərə alınıb. 2019-cu il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 30 faizi həcmində olmaqla mütləq ifadədə 24 milyard 780 milyon manat təşkil edəcək. Dövlət büdcəsi xərclərinin 12 milyard 554 milyon manatı və ya 50,7 faizi cari xərclərə, 9 milyard 891 milyon manatı və ya 39, 9 faizi əsaslı xərclərə, 2 milyard 335 milyon manatı və ya 9,4 faizi dövlət büdcəsinə xidmətlə bağlı xərclərə yönəldiləcək. 2019-cu ilin dövlət büdcəsinin xərclərində konkret proqram və tədbirlərin maliyyələşməsi üçün 10 milyard 314 milyon manat və ya 41,6 faiz həcmində dövlət büdcəsindən vəsait yönəldiləcək. Bu da cari illə müqayisədə 2 milyard 77 milyon manat və ya 25,2 faiz çoxdur.
Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də xərclərin sosialyönümlü olması diqqətdə saxlanılıb. Belə ki, növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Bu sahələr üzrə Dövlət proqramlarının və məqsədli tədbirlərinin maliyyə təminatı üçün 888 milyon manat vəsait sərf ediləcək. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2019-cu il üçün müəyyən etdiyi Dövlət İnvestisiya Proqramının layihəsində ilkin olaraq sosialyönümlü layihələrə investisiya qoyuluşu xərclərinin 14,1 faiz həcmində və yaxud 1 milyard manata yaxın vəsaitin yönəldilməsi nəzərdə tutulub.
Növbəti ildə dövlət büdcəsindən qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər dövlət investisiya xərcləri nəzərə alınmadan 262 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 7 faiz çoxdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarda itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə cari ildə başlanılmış birdəfəlik ödənişlərin verilməsinin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulur və bu məqsədlərə 50 milyon manat vəsait ayrılır.
Nazir deyib: “Müzakirəyə çıxarılmış 2019-cu il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim prioritet hədəf kimi qəbul etdiyi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsini yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin edilməsi və iqtisadi inkişafının stimullaşdırılması üçün maliyyə təminatının yaradılmasına xidmət edir”.
Sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının 2019-cu il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası, proqnoz göstəriciləri büdcə sistemi haqqında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq dünya iqtisadiyyatının inkişaf meyilləri, ölkənin sosial-iqtisadi inkişafı üzrə mövcud çağırışlar, strateji yol xəritələri, inkişaf konsepsiyaları və dövlət proqramları ilə müəyyən edilmiş tədbirlər nəzərə alınmaqla hazırlanıb. Bildirilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf, uzunmüddətli ictimai-siyasi sabitlik Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə də təmin olunub. Dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, kiçik və orta sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazasının yaxşılaşdırılması, biznesin yeni dəstək mexanizminin yaradılması, xarici bazarlara çıxış imkanlarının artırılması və ixracın stimullaşdırılması insan kapitalının inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər görülüb.
Ş.Abdullayev qeyd edib ki, 2019-cu ildə ÜDM-in 3,6 faiz, növbəti illərdə isə orta hesabla 3,4 faiz artacağı, tədiyə balansının cari hesabının müsbət olacağı, 3,9 milyard manat təşkil edəcəyi nəzərdə tutulur.
İqtisadiyyat nazirinin müavini bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatların tərkib hissəsi olan investisiya təşviqi mexanizminin artıq bir neçə ildir təşviqi investisiyaların artımına ciddi töhfə verməkdədir. Səkkiz iqtisadi rayon üzrə layihələrə 2,7 milyard manat investisiya yatırılmaqla 21 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur. İnvestisiya təşviqi sənədi almış 200-ə yaxın müəssisə artıq fəaliyyət göstərir, digərləri isə gələn ilin sonuna qədər fəaliyyətə başlayacaqlar. Bununla yanaşı, layihələrin ümumi dəyəri 2,5 milyard manat olan tikintisi davam etdirilən 181 istehsal və emal müəssisəsinin dövlət vəsaiti hesabına 132 milyon manat dəyərində infrastruktur təminatı yaradılıb.
Bildirilib ki, kompleks tədbirlər nəticəsində ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektorunun artımının 2019-cu ildə 3,9 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz olması proqnozlaşdırılır. Cari ilin 9 ayında qeyri-neft sahəsinin əlavə dəyəri ikirəqəmli olmaqla 11 faiz təşkil edib, sahələşmə templəri yüksəlib, aparıcı və ənənəvi sahələrdən olan kimya, metallurgiya, maşınqayırma, inşaat materialları istehsalı, qida və digər istehsal sahələri genişlənib, yeni sahələr yaradılıb, bir sıra məhsullar üzrə idxaldan asılılıq kifayət qədər azalıb. Qeyri-neft sənayesinin inkişafında dövlətimizin başçısının rəhbərliyi ilə yaradılmış sənaye parkları və məhəllələri mühüm rol oynayıb.
İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin həll edəcəyi əsas problemlər və 2019-cu il üçün vergi siyasətinin başlıca istiqamətləri barədə məlumat verib.
Nazir deyib ki, 2019-cu ildə vergi siyasətinin 5 başlıca istiqaməti müəyyənləşib. Bunlar kölgə iqtisadiyyatının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, ikinci istiqamət olaraq vergi tutma bazasının genişləndirilməsi, sahibkarlığın və iqtisadi inkişafın dəstəklənməsi, vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsidir. Vergi Məcəlləsinə edilən və təklif olunan bütün dəyişikliklər məhz bu istiqamətlərdən qaynaqlanır.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, son dövrlər dövlətimizin başçısının rəhbərliyi ilə ölkənin bütün sahələrində həyata keçirilmiş struktur islahatları, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü siyasət sayəsində ölkəmiz dayanıqlı inkişaf yolunda uğurla irəliləyir. Ölkəmizdə formalaşmış inkişaf və maliyyə potensialı, o cümlədən cari ilin 10 ayının nəticələrinə əsasən, ölkənin 45 milyard dollara çatmış strateji valyuta ehtiyatları imkan verir ki, dünyada baş verən qlobal böhrana qarşı aparılan tədbirlər uğurla həyata keçirilsin, qarşıya çıxan iqtisadi, sosial, ekoloji və digər bu kimi məsələlərin sürətli həllinə nail olunsun.
Ş.Mövsümov qeyd edib ki, gələn il Fondun büdcəsinin baza göstəriciləri dövlət büdcəsində olduğu kimi, yəni neftin qiyməti 60 ABŞ dollarına bərabər götürülüb. Bu göstəriciyə uyğun olaraq Fondun gələn il üçün gəlirləri 15 milyard 579 milyon manat həcmində proqnozlaşdırılıb. Bu, 2017-ci ilin müvafiq icra göstəricisindən 28,4 faiz, 2018-ci ilin proqnozundan isə 1,8 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, gəlirlərin strukturunda ən böyük xüsusi çəkiyə Azərbaycanın payına düşən mənfəət neftin və qazın satışından əldə edilən xalis gəlirlər malikdir. Fondun gələn il üçün büdcəsində bu mənbə üzrə daxilolmalar 13 milyard 218 milyon manat təşkil edəcək. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 571 milyon manat proqnozlaşdırılır. Bu da 2017-ci ilin müvafiq icra göstəricisindən 45 faiz, 2018-ci ilin proqnozundan 29,2 faiz çoxdur.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2019-cu ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə uyğun tərtib edilib, sənəddə həmin maddə ilə müəyyən olunan bütün göstəricilər əksini tapıb. Qanun layihəsi ilə birgə təqdim edilən sənəd və məlumatlar isə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun şəkildə hazırlanıb, müəyyən olunmuş müddətlərdə Hesablama Palatasına da təqdim edilib. Cari ildə “Büdcə sistemi haqqında” Qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunub. Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlılığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir və büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərini ifadə edir.
“Beləliklə də, təqdim edilmiş qanun layihəsi, layihəni müşayiət edən sənəd və məlumatların qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edildiyini vurğulamaq istərdim”, - deyən V.Gülməmmədov diqqətə çatdırıb ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsi müstəqillik dövrünün manat ifadəsində ən böyük büdcəsi olaraq tərtib olunub və ilk dəfə olaraq, büdcə qaydaları nəzərə alınıb.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə dayanıqlı sosial müdafiə və təminat sistemi yaradılıb. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, görülən tədbirlərin, atılan bütün addımların, islahatların kökündə məhz Azərbaycan vətəndaşının sosial rifah halının, onların həyat şəraitinin daha da yaxşılaşdırılması durur. Dövlət Sosial Müdafiə Fondunun işi, Sığorta Fondunun gəlirləri və xərcləri haqqında məlumat verən nazir deyib ki, Fondun 2019-cu il üzrə büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin təsdiq olunmuş proqnozundan 9,7 faiz, 2018-ci ilin gözlənilən nəticəsindən isə 6,8 faiz daha çoxdur. “Cari büdcənin icrası nəticəsində 10 aylıq rəqəmlərimiz göstərir ki, xüsusilə qeyri-büdcə təşkilatları üzrə icra 105 faizə yaxınlaşır və əlavə vəsait icranın daha yaxşı aparılması nəticəsində gələn ilə proqnozumuzun cari il proqnozu ilə fərqini daha da azaldır. Qeyd etməliyəm ki, bu vəsaitin böyük bir hissəsi - 97 faizi əhaliyə ödənişlərə yönəldiləcək”, - deyə S.Babayev söyləyib.
Nazir qeyd edib ki, proqnozlara əsasən gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 272 manata çatacaq. Bu isə qeyd etdiyimiz kimi həyata keçirilən siyasətin ana məqsədidir. Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində qiymətləndirilir. Bu qiymətləndirmə cari ilin gözlənilən nəticələrindən 4,7 faiz artıq olacaq. Xərclərin strukturunda önəmli istiqamət özünüməşğulluq tədbirlərinə yönəldilib. Bu, həyata keçirilən genişmiqyaslı bir proqramdır və cari ildə 7 min ailəni əhatə edəcək və Azərbaycanda kiçik ailə təsərrüfatlarının yaradılmasına ciddi şəkildə stimul verəcək. Gələn ilin büdcəsinin 50 faizdən artığı məhz özünüməşğulluq tədbirlərinə yönəldilib. Yaradılan Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, eyni zamanda, həyata keçirilən məşğulluq və sosial təminat tədbirlərində maliyyə təminatı büdcədə öz əksini tapıb.
“Biz gələn il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 200 min nəfəri əhatə etməsini gözləyirik. Sosial müdafiə, sosial təminat tədbirlərinin isə 2,1 milyon nəfəri əhatə etməsi planlaşdırılır. Burada pensiya alanlar təqribən 1 milyon 294 min nəfər nəzərdə tutulur, sosial müavinət və təqaüd alanlar 570 min nəfər proqnozlaşdırılır. Digər yardım alan insanlarla birlikdə, ümumilikdə, sosial təminat sistemi ölkə əhalisinin 21 faizini əhatə edəcək”, - deyə nazir diqqətə çatdırıb.
İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycan neftini dünya bazarına çıxararaq əldə etdiyi gəlirləri ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəldir. 2019-cu ilin dövlət büdcəsi layihəsi qlobal iqtisadi konyukturalar nəzərə alınmaqla hazırlanıb və gələcəyə etibarlı təminat yaradır.
Z.Əsgərov deyib ki, gələn ilin büdcəsi də əvvəlki illərdə olduğu kimi sosialyönümlüdür. Hər şeydən əvvəl bu, Konstitusiyanın tələbindən irəli gəlir. 2019-cu ildə müdafiə və təhlükəsizlik xərcləri üçün 3 milyard 37 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2018-ci illə müqayisədə 132,4 milyon manat və ya 4,6 faiz çoxdur. Bu da başadüşüləndir, çünki biz Ermənistanla müharibə şəraitindəyik, müdafiə üçün bu sahəyə vəsait ayırmalıyıq. Üstəlik hərbi qulluqçuların sosial müdafiəsinə də xüsusi diqqət ayrılır.
Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Milli Məclisin komitə sədri Eldar İbrahimov, deputatlardan Vahid Əhmədov, Zahid Oruc, Əli Məsimli, Xanhüseyn Kazımlı, Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov 2019-cu ilin dövlət büdcəsi zərfi barədə fikirlərini bildirib, qeyd və təkliflərini veriblər.
Maliyyə naziri Samir Şərifov iclasda qaldırılan məsələlərə münasibət bildirdikdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

 
  • Oxunub:  4560  |  
  • Tarix:  06-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA