Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2018-ci ilin əvvəlindən Azərbaycanın qarşısında duran bütün vəzifələr uğurla və vaxtında icra edilir

2018-ci ilin əvvəlindən Azərbaycanın qarşısında duran bütün vəzifələr uğurla və vaxtında icra edilir

11.10.2018 [08:23]

Prezident İlham Əliyev: Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır
Son 15 ildə bütün sahələrdə inkişafın ardıcıllığının təmin edilməsi müstəqil Azərbaycanın həyatını səciyyələndirən əsas amillərdən birinə çevrilib. Əlamətdar haldır ki, ölkəmiz bir neçə il bundan qabaq qlobal iqtisadi böhranın növbəti dalğasını da inamla dəf edərək yeni inkişaf paradiqmaları müəyyənləşdirib.
2018-ci ilin əvvəlindən dünyada müşahidə edilən bir sıra ciddi kataklizmlərə baxmayaraq, respublikamız son 9 ayda da özünün ənənələrinə sadiq qalıb və əvvəlki illərdə yaradılan fundamental baza əsasında inkişaf tendensiyasını davam etdirib. Cari il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqətə çatdırılan statistik rəqəmlərdən də göründüyü kimi, bəhs olunan dövrdə ölkənin müsbət reallıqları daha da artıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev iclasda söylədiyi nitqində ötən 9 ayın yekunlarını yüksək dəyərləndirib. “2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır”, - deyə dövlət başçısı vurğulayıb.
Təbii ki, uğurlar, inkişaf dinamikasının qorunması barədə söhbət açarkən ilk növbədə bunu şərtləndirən amillərə diqqət yetirmək lazım gəlir. Prezident İlham Əliyev bəhs olunan nitqində qlobal təhdidlərin artdığı bir şəraitdə ölkəmizdə daxili risklər mənbəyinin olmamasının, respublikamızın mümkün təhlükələrdən qorunmasının və Azərbaycan xalqının rahat həyatının təmin edilməsinin səbəblərinə diqqət çəkərək deyib: “Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır”.
Ölkədə iqtisadiyyatın uğurlu inkişafını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir
Güclü iqtisadiyyat olmadan ölkənin inkişafını təsəvvür etmək belə mümkün deyil. Xarici mənfi təsirlərə müqavimət gücünə malik iqtisadiyyat qurulması müstəqil Azərbaycanın milli gücünü artıran fundamental amil rolunda çıxış edir. Prezident İlham Əliyev bu amili xüsusi nəzərə çatdıraraq “Bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı”, - deyə bildirib.
Milli iqtisadiyyatımızın inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlər sırasında Prezident İlham Əliyevin meydana çıxan çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. Qeyd edək ki, respublikamızda qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsinə, istehsal və ixrac imkanlarının artırılmasına hesablanan islahatlar bir-birini tamamlayır ki, bu da investisiyaların daha prioritet sahələrə istiqamətləndirilməsi baxımından çox önəmlidir. Hazırda respublikamızda dövlət başçısının imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin uğurla icra edilməsi ölkədə reallaşdırılan islahatların səmərəliliyini daha da artırır.
Eyni zamanda, ölkədə iqtisadi islahatların davamlılığının təmin edilməsi baxımından 2018-ci ilin arxada qalan dövrü də istisna təşkil etməyib. Nazirlər Kabinetinin bəhs olunan iclasında da bildirildiyi kimi, son 9 ayda iqtisadi sahədə islahatların dərinləşməsi istiqamətində çox önəmli addımlar atılıb. Öz növbəsində ölkədə genişməzmunlu islahatların, eləcə də müxtəlif istiqamətlər üzrə qəbul edilən Dövlət proqramlarının reallaşdırılmasının uğurla təmin edilməsi milli iqtisadiyyatın genişlənməsini və müsbət göstəricilərin qazanılmasını təmin edir. Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında aparılan islahatlar ilk növbədə qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə hesablanıb. Postneft iqtisadiyyatının qurulmasına yönələn davamlı səylərin nəticəsidir ki, bütün ölkə boyu neftdənkənar sahələrdə yeni istehsal müəssisələri istifadəyə verilir.
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. Məmnunluq hissi ilə vurğulamaq istərdik ki, artıq milli iqtisadiyyatımızda özəl sektorun ümumi payı 70 faizi ötüb ki, bu da böyük nailiyyətdir. Bəhs olunan dövrdə də milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz neftdənkənar istiqamətlərdə qeyd alınıb.
Respublikamızda iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan elm tutumlu qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmos ailəsinin üzvü olması, xarici bazarlara müdafiə təyinatlı məhsullar çıxartması qürurverici haldır. Qeyd etmək xoşdur ki, Azərbaycan bu yaxınlarda üçüncü peykini orbitə buraxmaqla dünya kosmos ailəsində öz mövqeyini daha da möhkəmləndirib. Hazırda paytaxt Bakıda və regionlarda yeni sənaye müəssisələri yaradılır, paralel şəkildə Pirallahıda, Sumqayıtda, Mingəçevirdə və digər ünvanlarda sənaye parkları formalaşdırılır. Ötən 9 ayda respublikada sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. İlin əvvəlindən bəri əldə olunan bu kimi uğurlar respublikamızda aparılan sənayeləşmə siyasətinin nəticəsidir.
Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında qeyri-neft sektorunun mühüm bir qolu kimi aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir, burada əmək tutumu böyük, gəlir imkanları geniş olan bitkilərin becərilməsi diqqət mərkəzində saxlanılır. Artıq respublikamızda dövlət dəstəyi hesabına yaradılan 32 fermer təsərrüfatı uğurla fəaliyyət göstərir. Bu təsərrüfatlarda məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Ölkədə dəyər zəncirinin bütün halqalarını özündə birləşdirən aqroparkların yaradılması güclü şəkildə təşviq edilir. Perspektivdə ölkədə bitkiçilik və heyvandarlıq üzrə aqroparkların sayını 45-ə çatdırmaq hədəflənib.
Həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, respublikamızda ötən 9 ayda kənd təsərrüfatı 4,3 faiz artıb. Mütəxəssislərin qənaətinə görə, bu, kifayət qədər yaxşı göstəricidir. Aqrar sektorda istehsal imkanlarının genişlənməsinin nəticəsidir ki, artıq Azərbaycan bir sıra istiqamətlər üzrə ərzaq təminatını sırf yerli istehsal hesabına həyata keçirir, eyni zamanda, ölkəmizin ixrac imkanları genişlənir. Qeyd edək ki, doqquz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 37 faiz artıb. Ölkəmizdən ixrac da təxminən bir o qədər genişlənib. Qeyri-neft ixracında isə təxminən 14 faiz artım qeydə alınıb.
Diqqətəlayiq məqamlardan biri də odur ki, müxtəlif mənbələrdən milli iqtisadiyyatımıza yönəldilən sərmayələrin həcmi ilbəil artır. Bəhs olunan dövrdə respublikamıza yönəldilən investisiyaların həcmi 9 milyard dollara bərabər olub. O cümlədən sərmayələrin 5,6 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Qeyr-neft sektoruna sərmayə qoyuluşunun artması milli iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcək.
Güclü iqtisadiyyat Azərbaycanın siyasi maraqlarını təmin edir
İqtisadiyyatın genişlənməsi ilə paralel şəkildə ölkəmizin valyuta ehtiyatları da artır. Azərbaycan öz vəsaitlərinə böyük qənaətlə yanaşır. Bir tərəfdən, uğurlu iqtisadi inkişaf sayəsində qazanılan vəsaitlər qarşıda duran məsələlərin həllinə, quruculuq-abadlıq işlərinə və bu kimi digər məqsədlərə yönəldilir, eyni zamanda, ölkənin sabahı üçün güclü maliyyə təminatları yaradılır. Artıq respublikamızın strateji valyuta ehtiyatları 45 milyard dollara çatıb.
Hazırda Azərbaycan dünya üzrə xarici dövlət borcu aşağı səviyyədə olan ölkələr sırasında yer alır. Qeyd edək ki, respublikamızın xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,8 faiz səviyyəsindədir. Eyni zamanda, ölkəmiz perspektivdə dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM-ə nisbətinin tədricən azaldılmasını hədəfləyib. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 24 avqust 2018-ci il tarixində “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Bəhs olunan Strategiya orta və üzunmüddətli dövrdə ölkənin maliyyə dayanıqlığını təmin etməyə hesablanıb. Sənədə əsasən, ölkənin 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcək.
Məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatının güclənməsi və maliyyə imkanlarının artması ölkəmizin özünəinam hissini artırır. Biz iqtisadi tənəzzülün, maliyyə çatışmazlığının acı fəsadlarını forpost dövlətə çevrilən Ermənistanın timsalında açıq şəkildə görürük. Bütünlüklə dalana dirənən, ianələr hesabına yaşayan Ermənistanın heç bir iqtisadi perspektivi yoxdur, insanlar yoxsulluq və səfalət üzündən bu ölkəni tərk edirlər. Güclü dayaqlara malik olan ölkəmiz isə sırf milli maraqlara əsaslanan siyasət həyata keçirir. Öz hesabına yaşayan Azərbaycan dünyada ləyaqətli ölkə kimi tanınır. Heç bir xarici dövlət ölkəmizlə diktat dili ilə danışmır və danışa da bilməz. İqtisadi müstəqilliyin təmin edilməsi Azərbaycanın tarixi nailiyyətidir. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir”.
Ölkədə infrastruktur quruculuğu ilə bağlı bütün məsələlər öz həllini tapır
Azərbaycanın hərtərəfli inkişaf strategiyasında yüksək səviyyəli infrastruktur quruculuğu mühüm yer tutur. Son 15 ildə ölkəmizdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir. Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyada qabaqcıl yerlərdən birini tutur. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastruktur obyektləri uzun illər ərzində dövlətimizə və xalqımıza xidmət göstərəcək. Bütün ölkə boyu müasir infrastruktur obyektlərinin yaradılması 2018-ci ildə də diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev qeyd edib ki, infrastruktur layihələri ilə bağlı ilin sonuna nəzərdə tutulan bütün məsələlər öz həllini tapır.
Ölkəmizdə müasir infrastruktur quruculuğu siyasəti müxtəlif sahələri əhatə edir. 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb. Nazirlər Kabinetinin bəhs olunan iclasında bildirildiyi kimi, cari ilin sonuna qədər “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulub. Yeni stansiyanın işə salınması sayəsində ölkəmizin generasiya gücü daha 400 meqavat artacaq ki, bu da çox böyük həcmdir.
Son 15 ildə regionların “mavi yanacaq” təminatında vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bəhs olunan dövrdə bütün ölkə boyu çoxlu sayda qazlaşdırma layihələri reallaşdırılıb. Nəticədə, regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələrinə də yeni boru kəmərləri çəkilib və hazırda sakinlərin evlərində “mavi yanacaq” alovlanır.
Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkə üzrə qazlaşdırmanın səviyyəsi 94 faizə çatdırılıb. Növbəti hədəf isə belədir: 2018-ci ilin sonunadək respublika miqyasında qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmaq. Eyni zamanda, ucqar dağ kəndlərinin qazlaşdırılması da nəzərdə tutulub. Qarşıya qoyulan məqsədə çatmaq üçün cari ilin əvvəlindən regionlarda yeni qazlaşdırma layihələrinin icrası uğurla davam etdirilir. 2018-ci ilin əvvəllərindən bəri yeni qazlaşdırma layihələri ilə bağlı işlər respublikanın 42 rayonunun 83 yaşayış məntəqəsində aparılıb və təxminən 40 yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.
Sosial təyinatlı obyektlərin istifadəyə verilməsi ölkəmizdə müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Qeyd edək ki, son 15 ildə bütün ölkə üzrə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi, 50-dək Olimpiya Kompleksi tikilərək istifadəyə verilib. Prezident İlham Əliyev digər infrastruktur layihələrində işlərin qrafik üzrə getdiyini bildirib: “Digər infrastruktur layihələri ilə bağlı işlər qrafik üzrə gedir. Bu il 1200 kilometr yol çəkilib. Hədəf 2000 kilometr idi. Biz bu hədəfə çatacağıq. Bu il 600 kəndin yolları abadlaşdırılır. İçməli su layihələri, meliorativ tədbirlər uğurla icra edilir. Bu il biz 100 min hektar torpağa su gətirmişik, 270-dən çox subartezian quyusu qazılıb, hələ ilin sonuna qədər 30-u da qazılacaq”.
Cari ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilən məcburi köçkünlərin sayı 300 minə çatacaq
Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. Dövlət başçısının 2004-cü ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Ölkə Prezidentinin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib. İndiyədək bu məqsədlə 6 milyard manatdan çox vəsait ayrılıb. Respublika miqyasında çadır şəhərcikləri tam ləğv olunub. Dövlət başçısının təsdiqlədiyi müvafiq proqramlara əsasən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb.
Ötən il Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan köçkünlərin yeni mənzillərə köçürülməsi layihəsinin icrasına start verilib. Layihə çərçivəsində birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. İndiyədək layihə çərçivəsində inşa edilən bir neçə çoxmənzilli bina istifadəyə verilib. Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin 2018-ci ildə də davam etdirildiyini nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. Doqquz ayda 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə - təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq. Bax, bu, görülən işlərin nəticəsidir. Belə olan halda, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq”.
Cari ildə qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına həmçinin özəl qurumlar da qoşulub. Prezident İlham Əliyev bunu əlamətdar hadisə kimi səciyyələndirib. “Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində mindən çox mənzil özəl sektor tərəfindən inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır. Bizim iri şirkətlərimiz, böyük maliyyə imkanlarına malik olan şirkətlər var. Onlar gərək sosial məsuliyyətlərini göstərsinlər”, - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, “Qobu Park” yaşayış kompleksi 6,4 hektar ərazidə salınıb. Layihənin sifarişçisi “Paşa Holding” şirkətidir. Podratçı şirkət qismində isə “Kristal Abşeron” MTK çıxış edib. Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb.
Kompleksdəki mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. “Qobu Park” yaşayış kompleksində tikilmiş tam orta məktəb 624 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Yeni yaşayış kompleksinin ərazisində həmçinin 222 yerlik “Şirin Bala” uşaq bağçası inşa edilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 453 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30