Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakının erməni-bolşevik işğalından azad edilməsi tariximizin ən şanlı səhifələrindəndir

Bakının erməni-bolşevik işğalından azad edilməsi tariximizin ən şanlı səhifələrindəndir

14.09.2018 [09:35]

Sentyabrın 13-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına əsasən təşkil edilib. Simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunub.
Tədbirin açılışında Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi-Prezidentin köməkçisi, professor Dilarə Seyidzadə, digər dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edən tədbir iştirakçıları məzarların üzərinə güllər qoyublar.
Daha sonra iştirakçılar 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Simpoziumun açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Xalq Cümhuriyyəti Azərbaycan tarixində xüsusi mərhələ təşkil edir. Türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyini deyən alim bugünkü konfransın Qafqaz İslam Ordusunun xalqımızın tarixindəki yeri və roluna həsr olunduğunu bildirib. AMEA-nın rəhbəri 1918-ci il 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna əhəmiyyətə malik olduğunu bildirib. O, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə apardığını, məhz sentyabrın 15-dən sonra milli hökumətin Gəncədən Bakıya köçürüldüyünü və Bakının AXC-nin paytaxtı elan edildiyini söyləyib.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin tarixi barədə danışıb. Bildirilib ki, XX əsrin əvvəlində - çox mürəkkəb tarixi şəraitdə Osmanlı imperiyasının Azərbaycana hərbi yardımı Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun timsalında həyata keçirilib. Sovet dövründə bu önəmli tarix həmişə gizlədilir, Nuru Paşanın adı heç bir mənbədə çəkilmirdi. Lakin Azərbaycan xalqına qarşı soyqırımını həyata keçirən Stepan Şaumyana Bakıda heykəl qoyulmuşdu. Amma bu gün Azərbaycan müstəqil ölkədir, tarixi həqiqətlər olduğu kimi deyilir, yazılır, göstərilir.
Yüz il öncə sentyabrın 15-də baş vermiş hadisənin Azərbaycan tarixindəki rolundan söz açan akademik Y.Mahmudov onun gerçəkləşməsinin bütövlükdə türk dünyası üçün böyük əhəmiyyət daşıdığını əsaslandırıb. Qeyd edilib ki, Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu bu gün müstəqil dövlət kimi varlığını sürdürən Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan qəhrəmanlıq salnaməsidir.
Türkiyənin Atatürk Araşdırma Mərkəzinin direktoru, professor Mehmet Ali Beyhan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb. O, rəhbərlik etdiyi qurumun AMEA Tarix İnstitutu ilə 10 ildən çoxdur ki, əməkdaşlıq etdiyini söyləyib.
Professor Mehmet Ali Beyhan 1918-ci ilin Türk Qafqaz-İslam Ordusunun rus-erməni işğalçılığına qarşı ölüm-dirim savaşlarının tarixi aspektlərindən, düşmənlərin torpaqlarımızdan çıxarılmasında dost və qardaş xalqlarımızın birgə şücaətlərindən, bu döyüşlərin Azərbaycan tarixində xüsusi önəmə malik olmasından danışıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad olunmasında göstərdiyi xilaskarlıq missiyası Azərbaycanda və Türkiyədə hər zaman təqdirlə qarşılanıb. Səfir Çanaqqala döyüşlərində azərbaycanlıların könüllü olaraq iştirak etdiklərini xatırladıb, bu dəyərlərin gələcək nəsillərə çatdırılmasında konfransın əhəmiyyətini qeyd edib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun vurğulayıb ki, Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolu milli-mənəvi dəyərlərimiz və dövlətçilik tariximiz baxımından müstəsna önəm daşıyır.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Qafqaz İslam Ordusunun tarixdəki rolu, hazırkı dövrdə ona münasibətlə bağlı müxtəlif məqamlardan söz açıb. Əli Əhmədov bildirib ki, Azərbaycanın və Türkiyənin şərəfli tarixi var. Biz zəngin və şərəfli tariximizlə həmişə fəxr edir, sonsuz qürur hissi keçiririk. Bakının erməni-bolşevik işğalından azad olunmasında Qafqaz İslam Ordusunun müstəsna rolundan danışan Baş nazirin müavini bu şanlı tarixin heç vaxt unudulmayacağını vurğulayıb.
Müasir dünyada gedən ictimai-siyasi proseslərdən bəhs edən Əli Əhmədov Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Sentyabrın 16-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrdən olan alimlərin məruzələrinin dinlənilməsi nəzərdə tutulub. Həmçinin Azərbaycan tarixçilərinin “Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, “Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, “Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, “Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, “Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələri dinləniləcək.

Paylaş:
Baxılıb: 544 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30