Xəzər hövzəsi regionunda əməkdaşlıq keyfiyyətcə yeni tarixi mərhələyə qədəm qoyur
15.08.2018 [08:47]
Prezident İlham Əliyev: Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır
Xəbər verildiyi kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.
Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və Sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.
Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçıları mətbuat üçün bəyanatlarında Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə və qlobal miqyasda təhlükəsizlik kimi məsələləri qeyd ediblər.
Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına sanballı töhfələr verib
Bu gün Xəzəryanı ölkələr arasında möhkəm hüquqi bazanın olduğunu söyləmək mümkündür ki, bu platformanın yaradılmasında və funksionallığının təmin olunmasında Azərbaycanın rolu əvəzsizdir. Məlumdur ki, Xəzərin hüquqi statusu ilə bağlı sahil dövlətlərinin görüşləri 1992-ci ildən etibarən keçirilir. Bəhs olunan Konvensiyanın imzalanması ilə Xəzəryanı dövlətlərin keçirdikləri ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşıb. Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi. Prezident İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısındakı çıxışında Azərbaycanın Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi platformasının yaradılmasında fəal iştirak etdiyinə diqqət çəkərək vurğulayıb: “Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini vermişdir”.
Bəhs olunan sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıblar. Azərbaycanın dövlət başçısının xatırlatdığı 2010-cu ildə Bakıda keçirilən III Zirvə toplantısı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verib. Həmin toplantıda regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bu sənəd qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasiyaya, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini özündə ehtiva edir. Bakı sammitində imzalanan Sazişdə ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılıb. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri barədə anlaşma əldə olunub. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər Aktauda imzalanan “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapıb.
Sonrakı mərhələdə Azərbaycan Xəzər dənizinin hüquqi statusu ilə bağlı müzakirələrin aparıldığı digər zirvə görüşlərində də fəal iştirak edib və özünün beynəlxalq normalara əsaslanan konstruktiv təkliflərini irəli sürərək əsaslandırıb. Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.
Konvensiyanın razılaşdırılması üçün Azərbaycanın Qazaxıstan, Rusiya, Türkmənistan və İranla apardığı ikitərəfli danışıqlar mühüm rol oynayıb. Bu il martın sonunda İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumunu Konvensiyanın yekun layihəsinin razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd kimi dəyərləndirmək mümkündür. Bundan başqa, Azərbaycanla Qazaxıstan və Rusiya arasında da müvafiq sazişlər imzalanıb. Aktauda bəhs olunan Konvensiyanın imzalanmasında həmin sazişlərin də böyük rolu olub.
Ümumiyyətlə, Konvensiyanın imzalanmasınadək sahilyanı ölkələrin ortaq məxrəcə gəlmələrini təmin etmək üçün uzun və heç də asan olmayan yol qət edilib. Azərbaycan hüquqi statusla bağlı danışıqlar getdiyi bütün mərhələlərdə beynəlxalq hüquqa və qarşılıqlı etimada əsaslanaraq milli maraqlarını qətiyyətlə qoruyub.
Bu məqamda vurğulamaq yerinə düşər ki, müzakirələr aparılan zaman, xüsusən Konvensiyanın imzalanması ərəfəsində xaricdəki anti-Azərbaycan qüvvələr, erməni lobbisinə yaxın dairələr böyük canfəşanlıq nümayiş etdirirdilər. Onlar həm digər Xəzəryanı paytaxtlarda, həm də Qərb paytaxtlarında “Xəzər beşliyi” ölkələri arasında ziddiyyətləri qabartmağa çalışır, anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərirdilər. Yalnız “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu Konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib. Prezident İlham Əliyev deyib ki, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır.
Aktauda imzalanan Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında imzalanan Konvensiya sahil dövlətlərinin dənizin resurslarından bərabərhüquqlu əsaslarla bəhrələnmələrinə zəmin yaradan çox mühüm bir sənəddir. Prezident İlham Əliyev sənədin önəmindən bəhs edərək bildirib ki, Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir. Azərbaycanın dövlət başçısı sənədlərin imzalanması mərasimindən sonra verdiyi bəyanatda da Konvensiyanın əhəmiyyətini və sənədin ərsəyə gəlməsində Azərbaycanın rolunu xüsusi vurğulayıb: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”.
Mütəxəssislər Aktauda imzalanan Konvensiyanı müxtəlif aspektlərdən dəyərləndirirlər. Ümumi qənaət belədir ki, Konvensiyanın imzalanması Xəzər dənizinin beş sahilyanı dövlət arasında sektorlara bölünməsi prosesinin başa çatmasına hüquqi əsaslar yaradır. Zirvə görüşündəki çıxışında bunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin başa çatdırılmasına kömək edəcəkdir.
Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı sahil dövlətləri arasında uzun illərdən bəri mövcud olan ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Bundan sonra dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək ki, bu da Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək.
“Xəzər beşliyi” dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib. Xarici ekspertlər qeyd edirlər ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması 5 sahilyanı ölkə üçün dönüş nöqtəsidir.
Azərbaycanın təcrübəsi Xəzər dənizinin region ölkələri üçün həm də böyük iqtisadi dividendlər mənbəyi olmasına yaxşı nümunədir. Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının işlənməsində sahilyanı dövlətlər, o cümlədən İran və Rusiya şirkətləri sərmayədarlar kimi iştirak edir. Bundan başqa, Qazaxıstan və Türkmənistan şirkətləri neft və neft məhsullarının daşınması üçün Azərbaycanın yaratdığı müasir infrastrukturdan bəhrələnir. Xəzər dənizi regionunda ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksəkrentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi Azərbaycan üçün yenə də prioritet olaraq qalır. Aktauda bəhs olunan sənədin imzalanması ilə Xəzər dənizinin ölkələr və regionlar arasında əlaqələndirici element olmasından daha səmərəli şəkildə istifadə ediləcək. Bütün ölkələr, xüsusən Azərbaycan Konvensiyanın imzalanması nəticəsində özünə daha çox iqtisadi fayda təmin edəcək.
Aktauda imzalanan sənədin önəmindən bəhs edərkən başqa bir mühüm amili də xüsusi nəzərə çatdırmaq lazımdır. Uzun illər idi ki, zəngin karbohidrogen ehtiyatlarının daşınması üçün dənizin dibindən boru kəmərlərinin çəkilməsi müzakirə mövzusu idi. Lakin Xəzərin hüquqi statusunun razılaşdırılmaması buna imkan vermirdi. Nəhayət, Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq. Ekspertlərin dəyərləndirməsinə görə, Xəzərin şelfində 50 milyard barrel neft və 9 trilyon kubmetr qaz ehtiyatlarına malik yataqlar var, onların istismarı ölkələrə bir neçə trilyon dollar gəlir gətirəcək. Bəzi proqnozlarda isə daha böyük ehtiyatlara malik yataqların kəşf olunacağı da istisna edilmir. Bütün bu deyilənlər Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinin həm regional, həm də qlobal baxımdan nə qədər böyük əhəmiyyət daşıdığı barədə konkret təsəvvür yaradır.
Xəzərin hüquqi statusunun müəyyənləşməsi ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə yeni perspektivlər açır
Xəzər hövzəsi regionunda reallaşdırılan və nəzərdə tutulan perspektiv layihələr özlüyündə cəlbedici görünə bilər. Lakin əmin-amanlıq, siyasi sabitlik olmadan nə hansısa bir layihəni həyata keçirmək, nə də ondan fayda götürmək mümkündür. Regionun coğrafi üstünlüklərini, təbii potensialını ölkələrin, xalqların mənafeyinə yönəltmək üçün ilk növbədə dövlətlər arasında qarşılıqlı inam, etimad mühiti yaradılmalıdır.
Bu baxımdan Azərbaycanın nümayiş etdirdiyi mövqe hamı üçün yaxşı nümunə ola bilər. Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun əsas paradiqmalarından biri regional əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir. Respublikamız Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daim o mövqedən çıxış edir ki, Xəzər hövzəsi sülh, iqtisadi çiçəklənmə, qarşılıqlı inam regionuna çevrilsin, xalqlar əmin-amanlıq şəraitində yaşasınlar. Azərbaycanın ümumi inkişafa töhfə verməyə yönələn səyləri və təşəbbüsləri qonşu dövlətlər tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb. “Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”, - deyə Azərbaycanın dövlət başçısı bildirib.
Heç təsadüfi deyil ki, son illərdə məhz Azərbaycanın təşəbbüsləri və fəal iştirakı ilə Xəzər hövzəsi regionunda bir sıra ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi əməkdaşlıq platformaları yaranıb. O cümlədən Azərbaycan, Rusiya və İran qarşılıqlı maraqlar əsasında əlaqələrini getdikcə genişləndirir. 2016-cı il avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən Zirvə görüşündə əsası qoyulan üçtərəfli format iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün geniş imkanlar açıb. Ötən dövrdə hər üç dövlət regionda narahatlıq yaradan məsələlərin aradan qaldırılmasına, perspektiv inkişafa xidmət edən əlaqələrin möhkəmlənməsinə öz töhfələrini verməyə çalışıb. Azərbaycanın, İranın və Rusiyanın dövlət başçılarının artıq mütəmadi hal alan görüşlərində ilk növbədə regional təhlikəsizlik məsələləri müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsi və səylərin gücləndirilməsi vurğulanıb.
Xəzəryanı üç dövlət arasında iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. Hər üç dövlət üçtərəfli və ikitərəfli formatlarda enerji, gömrük, bankçılıq, yeni texnologiyalar, müştərək investisiyaların yatırılması, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığı daha da genişləndirmək imkanlarına malikdirlər. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi durmadan artır. Azərbaycan qonşu İranda və Rusiyada investisiya qoyuluşunu getdikcə genişləndirir. Eyni zamanda, Azərbaycanın Pirallahı və Neftçala kimi sənaye parklarında İranın və Rusiyanın investorlarının iştirakı ilə yeni müəssisələr yaradılır. Rusiya şirkətlərinin iştirakı ilə Pirallahı Sənaye Parkında reallaşdırılan layihənin dəyəri 74 milyon dollar təşkil edir. Zavodda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.
Azərbaycanın Pirallahı Sənaye Parkında növbəti müəssisənin - İranın “TPİCO Holdinq” Şirkətlər Qrupunun iştirakı ilə “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. Müəssisə 5 hektar ərazidə inşa olunur. Əczaçılıq zavodunun yaradılmasına ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulub və hazırda işlər cədvələ uyğun davam etdirilir. İran şirkətinin iştirakı ilə Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun yaradılması da əlamətdar hadisədir. Cari ilin birinci yarısından etibarən müəssisədə müasir dizaynlı avtomobillərin kütləvi istehsalına start verilib.
Azərbaycanın digər Xəzəryanı ölkələrlə - Türkmənistan və Qazaxıstanla da münasibətləri yüksək səviyyədədir. Azərbaycanla Türkmənistanı və Qazaxıstanı yalnız Xəzər dənizi, eyni coğrafiya birləşdirmir. Hər üç ölkəni ortaq məxrəcə gətirən siyasi, iqtisadi, mədəni-humanitar maraqların dairəsi kifayət qədər genişdir. Həm Azərbaycan, həm də Türkmənistan və Qazaxıstan Xəzərin dostluq, əməkdaşlıq hövzəsinə çevrilməsində, zəngin karbohidrogen ehtiyatlarının işlənməsinin ölkələrin və bütövlükdə regionun rifahına xidmət etməsində maraqlıdır. Əsas məqamlardan biri isə odur ki, Azərbaycanla Türkmənistanı və Qazaxıstanı çoxəsrlik ortaq dəyərlər, o cümlədən dərin tarixi köklər, mənəvi və mədəni dəyərlər birləşdirir. Üç ölkə arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətləri məhz belə möhkəm təməllərə əsaslanır.
Getdikcə dərinləşən əlaqələr sayəsində strateji səviyyəyə yüksələn Azərbaycan-Türkmənistan, Azərbaycan-Qazaxıstan münasibətləri ikitərəfli çərçivədə uğurla inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması bunu bir daha təsdiqləyir. Xüsusilə vurğulamaq lazımdır ki, həm Türkmənistan, həm də Qazaxıstan Xəzər hövzəsi regionunda Azərbaycanın moderatorluğu ilə yaradılan müasir enerji və nəqliyyat infrastrukturundan, ölkəmizin tranzit imkanlarından bəhrələnmək niyyətlərini bildirib.
Eyni zamanda, Azərbaycan, Türkmənistan, Qazaxıstan çoxtərəfli platformada da daim bir-birinə dəstək nümayiş etdirir. Hər üç ölkə BMT, İKT, MDB və digər beynəlxalq qurumlar çərçivəsində, bir qayda olaraq, konstruktiv mövqe nümayiş etdirir və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verir.
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya regionda yerləşən ölkələr arasında əməkdaşlığın dərinləşməsinə yeni hüquqi əsaslar yaradır. “Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”, - deyə Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra verdiyi bəyanatda vurğulayıb.
Beləliklə, Xəzər hövzəsi regionunda qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik və etimad mühitinin dərinləşməsi üçün yeni perspektivlər açılıb. Şübhə yoxdur ki, sahilyanı dövlətlər Xəzərin bundan sonra da regionda sabitləşdirici rol oynaması üçün Aktauda imzalanan Konvensiyanın bütün müddəalarının yerinə yetirilməsinə səy göstərəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39