Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri dövlətin təhsil siyasətini yüksək qiymətləndirirlər

"Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri dövlətin təhsil siyasətini yüksək qiymətləndirirlər

07.10.2009 [10:15]

ötən saylarımızda məlumat verdiyimiz kimi, “Yeni Azərbaycan” qəzeti “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərini redaksiyamıza dəvət etmək, onlarla bağlı mütəmadi reportajlar hazırlamaq və beləliklə, Prezident İlham Əliyev tərəfindən mükafatlandırılanları ictimaiyyətə də tanıtmaq niyyətindədir. Bu istiqamətdə ilk yazımızda “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri sırasında olan Arifə Rəsulova (164 saylı məktəbdə xarici dil müəllimi), Fatma Hacıyeva (83 saylı məktəb-liseydə informatika müəllimi), Vəli Əliyev (İlyas Əfəndiyev adına Elitar gimnaziyanın kimya müəllimi), Bikə Nəcəfova (Nəsimi rayon 23 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi) və Rüfət Rzayevin (Akademik Zərifə Əliyeva adına məktəbdə tarix müəllimi) müsabiqədə iştirakları barədə fikirlərini təqdim edirik.
öncə onu qeyd edək ki, redaksiyamızın qonağı olan qaliblərin hər biri ümumiyyətlə müsabiqənin gedişindən razı qaldıqlarını bildirdilər. Onların qənaətinə görə, müəllimlər arasında keçirilən müsabiqənin bir sıra müsbət məqamları var. Daha doğrusu, sözügedən müsabiqə müəllimlərə öz bacarıqlarını ortaya qomağa imkan verir. Bu baxımdan özünə, təcrübəsinə, bilik və bacarığına güvənən müəllimlər bu müsabiqəyə qatılmaqdan çəkinməməlidirlər.
“Müsabiqə zamanı hər hansı çətinliyin olacağını düşünmürdüm”
Arifə Rəsulova 164 saylı məktəbdə xarici dili tədris edir. İngilis dili üzrə mütəxəssisdir. ötən il rəhbər vəzifədə olduğundan “İlin ən yaxşı müəllimi” müsabiqəsinə qatılmayıb. Bu il isə öz nailiyyətlərini qiymətləndirərək ən yüksək səviyyədə mübarizəyə qoşulub. Qalib olacağına inanıb. 32 illik dərs təcrübəsi, elmi dərəcəsi, dərsliklər, vəsaitlər, proqramlar müəllifi olması onda qələbəyə olan inamı daha da artırıb. Dediyinə görə, onun üçün müsabiqənin ikinci mərhələsi daha maraqlı olub: “Siyahıda, sadəcə, dərs deyəcəyimiz məktəbin adı qeyd olunmuşdu. Yəni, mən 47 saylı orta məktəbdə olmalıydım. Dərs məni ümumiyyətlə narahat etmirdi. Müsabiqə zamanı hər hansı çətinliyin olacağını düşünmürdüm. Bundan başqa, xarici ölkələrdə təqdimatlarım da olub. Odur ki, dərs həyəcan doğurmurdu. Amma narahat olduğum məqam var idi. Kim məni qiymətləndirəcək? Bax, bu sual məni narahat edirdi. Qiymətləndirən şəxs mənə qiymət verməyə layiqdirmi? Başqa sözlə, onun səviyyəsi buna imkan verirmi? Təcrübəmdə belə vəziyyətə də rast gəlmişəm ki, qiymətləndirən şəxsin müasir dərsdən xəbəri olmayıb və mənim dərs prosesində həyata keçirdiyim yenilikləri ümumiyyətlə anlamayıb. Lakin bu narahatçılığım da arxada qaldı. Dərsim yaxşı keçdi, yüksək qiymətləndirildi”.
Müsabiqənin şərtlərinə görə, üçüncü mərhələdə müəllim 10 dəqiqə ərzində onun diqqətini cəlb edən problemlərdən danışmalı idi. A.Rəsulovanın diqqətini çəkən problemlər kadr hazırlığı və dərsliklərlə bağlı olduğundan təqdimatı da məhz bu iki mövzu üzərində qurub: “Bu mövzuların hər birinə müdaxiləni özümə borc bildim. Metodist kimi sözügedən məsələlərə münasibətimi bildirməliydim. Onu da deyim ki, bu təqdimata daha çox hazırlaşmışdım, nəinki dərsə”.
Nəhayət, bütün mərhələlərdən uğurla keçən Arifə Rəsulova müsabiqənin qaliblərindən biri olub. Bəs, görəsən, Arifə xanım qalib kimi ona ayrılacaq 5 min manatı necə xərcləmək niyyətindədir? Həmin sualı cavablandıran A.Rəsulova dedi ki, 5 min manatı ailəsinə xərcləmək niyyətindədir.
“Təkliflərimdən biri də bu oldu ki, elektron kitablar hazırlansın”
Fatma Hacıyeva informatika üzrə mütəxəssisdir. 83 saylı məktəb-liseyin müəllimidir. ötən il Müəllimləri Təkmilləşdirmə İnstitutunda Sumqayıt və Bakıdakı ümumtəhsil müəssisələrinin direktorlarına İKT üzrə dərslərdə təlimçi kimi iştirak etdiyindən müsabiqəyə qatıla bilməyib. Bu dəfə isə dövlətin yaratdığı fürsətdən yararlanaraq bütün imkan və bacarıqlarını ortaya qoyub: “Yeganə narahatlığım texnika ilə bağlı idi. Fikirləşirdim ki, hər hansı texniki qüsur dərsimin keyfiyyətinə təsir göstərə bilər. 6 saylı məktəbdə dərs keçdim. Təbii ki, məktəb rəhbərliyi lazım olan şəraiti yaratdı. Düzdür, texnika bəzi narahatlıqlar yaratdı. Ancaq vəziyyətdən çıxdıq. Onu da deyim ki, dərsdən əvvəl şagirdlərimlə hər hansı ünsiyyətdə olmadan dərsə girdim. Müsabiqənin bu mərhələsinin məqsədi 45 dəqiqə ərzində şagirdə nə öyrədə bildiyimizin nümayiş etdirilməsi idi. Hər halda, mən bu şərtə düzgün əməl etdim”.
Fatma xanım müsabiqənin üçüncü mərhələsini eyni zamanda bir imkan kimi də dəyərləndirir: “Bakı şəhərində minlərlə müəllim var. Onların da hər birinin müxtəlif problemləri mövcuddur. Təbii ki, üçüncü mərhələ bu problemlər barədə nazirə məlumat vermək və təkliflərlə çıxış etmək üçün böyük imkandır və biz bu imkandan lazımı şəkildə yararlandıq. Məlum olduğu kimi, Prezident İlham Əliyevin xüsusi qayğısı sayəsində İKT sahəsində dövlət proqramları hazırlanaraq, həyata keçirilib. Lakin bu sahədə kadr çatışmazlığı hiss olunur. Məsələn, cəmi bir neçə təcrübəli informatika müəllimi var ki, onlar da müxtəlif yerlərdə çalışmaqla həmin sahəyə olan tələbatı ödəməyə çalışırlar. Təqdimat zamanı bu məsələni diqqətə çatdırdım. Digər tərəfdən, qiymətləndirmə üzrə yeni konsepsiyanın qəbul edilməsi və bu sahədə ciddi addımların atılmasına baxmayaraq, burada da boşluqlar müşahidə edilir. Həmin təqdimat zamanı, həmçinin, bu mövzulara da toxundum. Təkliflərimdən biri də bu oldu ki, elektron kitablar hazırlansın. Hesab edirəm ki, “Hər şagirdə bir kompüter” layihəsinin gerçəkləşdiyi ərəfədə bu təklif üzərində düşünməyə dəyər. Bu, həm ucuz başa gələr, həm də müəllim bu yolla şagirdin gündəlik qiymətləndirilməsinə nail ola bilər”.
Təqdimat zamanı, həmçinin, elektron metodkabinetin yaradılması, elektron olimpiadaların keçirilməsi üzrə təkliflər verən Fatma Hacıyeva dərsliklərin hazırlanması üzrə mütəxəssis kimi bu sahədəki problemlərə də toxunub.
O ki qaldı mükafat olaraq ona veriləcək 5 min manata, F.Hacıyeva ilk olaraq öz şəxsi ehtiyaclarını ödəyəcək: “Eyni zamanda, rəhbərlik etdiyim informatika kabinetinə bəzi texniki avadanlıqlar almaq niyyətindəyəm”.
“Müsabiqənin gedişindən razı qaldım”
Vəli Əliyev İlyas Əfəndiyev adına Elitar gimnaziyanın kimya müəllimidir. Kimya elmləri namizədi, dərsliklər müəllifidir. “Abituriyent” jurnalı nəşr olunmağa başlayandan bəri metodik məqalələrlə çıxış edən V.Əliyev Tələbə Qəbulu üzrə Dövlət Komisiyasında 1994-cü ildən kimya fənni üzrə ekspertdir: “Dərsimi 27 saylı məktəbdə keçdim. Sinfi özüm seçdim. Kimya fənni üzrə 8-9 siniflərdə dərs keçmək daha məqsədəuyğun olduğundan sınaq dərsimin vaxtını bu siniflərdə müəyyənləşdirdim. Bu da səbəbsiz deyildi. Belə ki, 10-11-ci siniflərdə uşaqlar qruplara bölündüyündən, yəni, gələcək ixtisaslarını müəyyənləşdirdiklərindən sinfin bir hissəsinin kimya fənninə marağı itir. Ancaq 8-9-cu siniflərdə belə deyil və hamı üçün dərs maraqlı olur”.
Həm dərsindən, həm də müsabiqənin gedişindən razı qalan Vəli müəllim müsabiqənin ədalətli keçməsini xüsusi olaraq vurğuladı: “Bu müsabiqə zamanı ədalətli seçim həyata keçirilir. Mən bunu bütün mərhələlərdə müşahidə etdim. Buna görə də, müsabiqənin gedişindən razı qaldım”.
V.Əliyev mükafat kimi ona veriləcək pula ilk növbədə o, noutbuk almaq istəyir: “Pulu hələ almamışıq, ancaq xərcləyəcəyimiz yer artıq məlumdur”.
“İnsanın əməyi qiymətləndiriləndə sanki qol-qanad açır”
Bikə Nəcəfova Nəsimi rayon 23 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. Müsabiqənin keçirilməsi qaydalarını yüksək qiymətləndirən Bikə xanım “İnsanın əməyi qiymətləndiriləndə sanki qol-qanad açır. Daha fəal olmaq, daha çox iş görmək istəyir. Prezidentimizə, dövlətimizə bizə göstərilən bu xüsusi diqqət və qayğıya görə təşəkkür edirik” - deyir.
Digər qalib həmkarları kimi o da veriləcək pul mükafatını necə xərcləyəcəyini müəyyənləşdirib: “Müsabiqə qalibi olaraq alacağım 5 min manatı məktəbimizdə bir sıra layihələrin reallaşmasına xərcləyəcəyəm”.
“Bütün mərhələləri uğurla başa vurdum və qalib oldum”
Rüfət Rzayev Akademik Zərifə Əliyeva adına məktəbin tarix müəllimidir. Müsabiqəyə qoşulmağa qərar verməzdən öncə Rusiya təcrübəsi ilə maraqlanıb. Rusiyada keçirilən və mahiyyətcə eyni olan müsabiqənin şərtləri ilə tanış olub. Deyəsən, şərtlər bir az gözünü qorxudub. Lakin daha böyük miqyasda keçirilən, daha çox şərtləri əhatə edən və çoxmərhələli Rusiya qaydalarının əksinə olaraq, Azərbaycanda şərtləri nisbətən sadə hesab edən R.Rzayevin ilk mərhələdən sonra özünə inamı artıb. Müsabiqənin ədalətli keçirildiyinə isə elə həmin mərhələni aşandan sonra inanmağa başlayıb: “Müsabiqə şərtləri çox aydın qoyulduğundan bu meyarlarla üzərimizə düşənin nə olduğunu müəyyənləşdirdim. Tədris prosesində insan və cəmiyyət, Konstitusiya, dünya və Azərbaycan tarixi üzrə dərslər aparırıq. Müsabiqədə bu sahələrdən istədiyimizi seçməyimiz üçün tam imkan verilirdi. Təbii ki, Azərbaycan tarixini seçdim. Hər şey yaxşı keçdi, bütün mərhələləri uğurla başa vurdum və qalib oldum”.
R.Rzayevin fikrincə, bu cür müsabiqələrin keçirilməsi təqdirəlayiq haldır: “Müəyyən zaman kəsiyində sıxılmış vəziyyətdə olmuşuq. Müasir texnologiyalarla ayaqlaşmaq üçün öz üzərimizdə işləmişik. Bu proses isə narahatlıq və həyəcanla keçib. Ancaq indi özümüzə inam yaranıb. Bunda isə dövlətin qayğısının və bir sıra addımlarının böyük rolu olub. Həmin addımlardan biri də bu müsabiqədir”.
Rüfət müəllim mükafat olaraq ona veriləcək 5 min manatı müxtəlif istiqamətlər üzrə xərcləmək niyyətindədir: “Bu pulun bir hissəsinə müəyyən texniki avadanlıqlar almaq niyyətindəyəm. Qalan hissəsini isə qonşu ölkələrə səfərlər edərək, onların tarixi yerlərini görmək istiqamətində xərcləyəcəyəm”.
Ruhiyyə DAŞSALAHLI
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1007 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30