Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milan Məhkəməsi anti-Azərbaycan dairələrin və erməni lobbisinin fəaliyyətini ifşa etdi

Milan Məhkəməsi anti-Azərbaycan dairələrin və erməni lobbisinin fəaliyyətini ifşa etdi

14.02.2018 [10:06]

Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin məhkəmənin müvafiq qərarı ilə bəraət alması Azərbaycana qarşı məkrli planların və “qara piar” kampaniyasının fiasko ilə nəticələndiyini göstərir
Xəbər verildiyi kimi, Milan Məhkəməsində 2 ildən artıq müddətdir ki, şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmənin müvafiq qərarı ilə Luka Volonte bəraət alıb. Bu qərar öz növbəsində bir çox məqamları aşkar edir. Əvvəla, bu, birmənalı olaraq Azərbaycana qarşı “qara piar” və təzyiq kampaniyası aparmağa çalışan anti-Azərbaycan dairələrin siyasi iflası olaraq səciyyələndirilməlidir. Digər tərəfdən, bu həm də beynəlxalq miqyasda ölkəmizin haqlı mövqeyini müdafiə edən Luka Volonteni təqsirləndirənlərin məhz Azərbaycana qarşı əsassız iddialar irəli sürdüyünü, faktiki olaraq şər və böhtan kampaniyası apardığını növbəti dəfə aşkar etdi...
Azərbaycan kimlər tərəfindən və nə üçün hədəfə alınıb?
Ümumiyyətlə, Azərbaycana qarşı təzyiq və “qara piar” kampaniyasının həyata keçirilməsi, ölkəmizin müstəqil siyasətinin hədəfə alınması təəssüf doğurur. Bəllidir ki, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursu ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafı və təhlükəsizliyinə əsaslı töhfələr verir. Müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli amillər qismində çıxış edir. Təsadüfi deyil ki, son illərdə həyata keçirilən praqmatik xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm amillərdəndir.
Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirən digər bir səbəb də regionda sabitləşdirici aktor kimi praqmatik, çoxvektorlu və balanslaşdırılmış siyasət həyata keçirməsi, eyni zamanda, ölkəmizin təşəbbüsü ilə mühüm əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsidir. Bu siyasət yeni əməkdaşlıq platforması müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə töhfələr verir.
Amma bütün bunlara baxmayaraq, bəzi dairələr müstəqil Azərbaycanın inamla və ləyaqətlə həyata keçirdiyi xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Bu baxımdan, özünü büruzə verən əsas tendensiya Azərbaycanın yürütdüyü müstəqil siyasət kursunu məhdudlaşdırmaq, öz milli maraqlarının müdafiəsinə xidmət edən manevr imkanlarını azaltmaqdır. Hər hansı bir güc mərkəzindən asılı olmayan, milli mənafelərin təminatını əsas prinsip olaraq qəbul edən Azərbaycan dövlətinin suveren siyasi iradəsi onu tələb edir ki, ölkələrarası münasibətlər sırf bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət əsasında davam və inkişaf etdirilsin.
Digər tərəfdən, Azərbaycan öz xarici siyasət kursunda bir nömrəli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir və bu, anti-Azərbaycan dairələr tərəfindən qısqanclıqla qarşılanır. Xüsusilə də, həmin ölkələrin əlində alət olan, forpost kimi çıxış edən təcavüzkar Ermənistanın dağıdıcı mövqeyini müdafiə edən bu qüvvələr Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqeyindən geri çəkilməsinə nail olmaq istəyirlər. Ona görə də, ölkəmizə qarşı beynəlxalq müstəvidə qərəzli və qeyri-etik şəkildə “qara piar” kampaniyası həyata keçirərək Azərbaycanın imicinə zərbə vurmağa, bu yolla təzyiqlər göstərməyə çalışırlar.
Luka Volonteyə qarşı təzyiq kampaniyası nəyin ifadəsidir?
Qeyd etmək yerinə düşər ki, anti-Azərbaycan dairələr Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir güzəştə getməyən, qətiyyətli mövqe nümayiş etdirən, müstəqil siyasət həyata keçirən Azərbaycana təzyiq kampaniyası çərçivəsində müxtəlif vasitələrə istinad edirlər. Ümumiyyətlə, müstəqil siyasi-strateji kursa malik milli dövlətlərə qarşı ayrı-ayrı təzyiq mexanizmləri işə salınır. Əvvəla, “qara piar” və təzyiq kampaniyası çərçivəsində zaman-zaman “tədqiqat institutu” və “araşdırma layihəsi” adı altında müxtəlif təşkilatların xidmətlərindən aktiv istifadə edilir. Məsələ ondadır ki, həmin təşkilatlar “tədqiqat materialları”nda qeyri-obyektiv məlumatları dövriyyəyə buraxmaqla müxtəlif ölkələri hədəfə alır və dünya ictimaiyyətini çaşdırmaqla hədəfə alınan milli dövlətlər haqqında mənfi ictimai rəy formalaşdırmağa çalışırlar. Bu “qara piar” kampaniyaları çərçivəsində sürətlə dezinformasiyalar yayılır və əslində, mövcud olmayan “mənbə”lər “etibarlı mənbə” kimi göstərilir. Bununla yanaşı, konkret missiya daşıyıcısı qismində çıxış edən bəzi transmilli media strukturlarının xidmətlərindən də istifadə edilir. Bu media orqanları vasitəsilə “qara piar” kampaniyası aparılır - şər və böhtan xarakterli məlumatlar dövriyyəyə buraxılır. Ziddiyyət yaratmaq, dünya ictimaiyyətini çaşdırmaq üçün gündəmə gətirilən məsələlər və dövriyyəyə buraxılan şayiələr, dezinformasiyalar, əslində, həmin mərkəzlərin illeqal vasitələrdən istifadə etdiyini göstərir.
Bir məqama da xüsusi diqqət yetirmək lazımdır: Azərbaycanın beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyünü təmin etmək istiqamətində fəaliyyətinə, haqlı və ədalətli mövqeyinə dəstək verən müstəqil ekspertlər-politoloqlar hədəfə götürülür, həmin şəxslərə qarşı “qara piar” kampaniyası aparılır. Burada məqsəd, bir tərəfdən, Azərbaycanla bağlı obyektiv mövqedən çıxış edən ekspertlərin bu prosesdən çəkindirilməsidirsə, digər tərəfdən, ölkəmizin mövqeyini müdafiə etmək istəyənlərə aşkar mesaj verməkdir. Yəni bəzi təşkilatlar, layihələr və media qurumları vasitəsilə müstəqil ekspertlər, tanınmış siyasətçilər Luka Volonteyə münasibətdə müşahidə etdiyimiz kimi, əslində, təhdid edilir, onların qarayaxma kampaniyasına məruz qalacaqlarına, nüfuzdan salınacaqlarına dair ismarıclar verilir. Təbii ki, bu həm Azərbaycana qarşı məqsədli və sistemli təzyiq kampaniyası çərçivəsində həyata keçirilir, həm də ölkəmizin mövqeyini müdafiə edən, xarici siyasət kursunu təqdir edən müxtəlif strateji araşdırmalarla çıxış edən politoloqlara, ekspertlərə, tədqiqatçılara qarşı neqativ ictimai rəy yaratmaq məqsədini güdür.
Azərbaycana qarşı “qara piar” kampaniyası aparanların özləri tamamilə qeyri-qanuni fəaliyyətlə məşğuldurlar
Avropanın tanınmış siyasətçilərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə fəaliyyətini, xarici siyasət kursunu təqdir edən Luka Volonteyə qarşı təzyiq və təqib siyasətinin həyata keçirilməsi deyilənlərin bariz nümunəsidir. Lakin görünən odur ki, həmin dairələrin ölkəmizə qarşı çirkin planları baş tutmadı, ssenariləri gerçəkliyə çevrilmədi. Başqa sözlə, Luka Volontenin məhkəmənin müvafiq qərarı ilə bəraət alması Azərbaycana qarşı təzyiq və “qara piar” kampaniyasının fiasko ilə nəticələndiyini göstərdi. Prosesin gedişatına nəzər saldıqda məlum olur ki, Azərbaycana qarşı təzyiq siyasəti və “qara piar” kampaniyası həyata keçirənlərin özləri tamamilə qeyri-qanuni - illeqal vasitələrdən istifadə edirlər. Luka Volontenin hüquq müstəvisində bəraət alması həmin dairələrin qeyri-qanuni əməllərinin ifşasıdır.
Təəssüf ki, həmin ermənipərəst mərkəzlərin anti-Azərbaycan fəaliyyətinə dəstək verənlər sırasında ölkəmizdəki “beşinci kolon” təmsilçiləri də xüsusi fəallıq göstərdilər. Xatırlatmaq yerinə düşər ki, L.Volonte ilə bağlı əsassız ittihamlar gündəmə gəldiyi ilk gündən etibarən radikal müxalifət təmsilçiləri antiazərbaycançı mərkəzlərdən aldıqları təlimatlarla dərhal hərəkətə keçərək ictimai rəyi manipulyasiyaya məruz qoymağa, sözügedən məsələ ilə bağlı qeyri-obyektiv ittihamlar irəli sürməyə başladılar. “Beşinci kolon” təmsilçilərinin nəzarətində olan media orqanları da bu prosesə cəlb olundu. Milan Məhkəməsinin müvafiq qərarı isə həm də ölkəmizdəki “beşinci kolon” təmsilçilərini ifşa etdi.
Azərbaycana qarşı qərəzli ssenari və planlar heç bir nəticə verməyəcək!
Beləliklə, sadalanan məqamlar və faktlar Azərbaycana qarşı təzyiq və “qara piar” kampaniyasının subyektlərini (prosesi idarə edən qüvvələri, təşkilatçıları), səbəblərini və nəticələrini ortaya qoyur. Ümumi nəticə isə ondan ibarətdir ki, sülh, sabitlik, əməkdaşlıq və inkişaf meyarlarını özündə cəmləşdirən xarici siyasət kursuna malik, müstəqil mövqeyi ilə seçilən Azərbaycan Respublikasını öz yolundan çəkindirməyə nail olmaq, daha doğrusu, suveren siyasətinə təsir etməklə prinsipial məsələlərdə güzəştlər qoparmaqdır. Bu məsələlərin başında isə, qeyd etdiyimiz kimi, müstəqil siyasət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqe gəlir. Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyində dəyişikliyə nail olmağa, hətta torpaqlarımızın işğalını legitimləşdirməyə çalışan, Azərbaycan ərazilərinin işğalına haqq qazandırmaq istəyən həmin dairələrin, planlarının reallaşması isə Azərbaycan xalqının iradəsinə əsasən bundan sonra da mümkün olmayacaq. Bütün hallarda, Cənubi Qafqaz geosiyasi məkanının güc mərkəzi - lider dövləti olan Azərbaycan öz inkişaf yolunda inamla irəliləyir və Azərbaycan xalqına, dövlətinə qarşı yönələn bu cür məkrli niyyətlər, qərəzli planlar və uğursuz cəhdlər heç bir nəticə verməyəcək!
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 437 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30