Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır

Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır

13.02.2018 [09:45]

Prezident İlham Əliyev: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır
Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan milli maraqlara söykənən və qətiyyətli xarici siyasət kursu həyata keçirir. Ölkəmizin xarici siyasət kursunun başlıca strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi təşkil edir. Ümumiyyətlə, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan Respublikası beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Azərbaycan üçün başlıca prinsipial məsələ məhz beynəlxalq hüquqa və ədalətə söykənərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eyni zamanda, diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Qanunauyğun haldır ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər.
Dağlıq Qarabağ münaqişəsinin həlli strateji zərurətdir
Ümumiyyətlə, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurət kimi çıxış edir. Bu baxımdan, Azərbaycanın xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. İşğalçı Ermənistan isə bu zamana qədər bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməklə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymayıb. Əslində, Ermənistan anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək. Odur ki, hazırkı şəraitdə işğalçı Ermənistan qeyri-konstruktiv mövqedən əl çəkməli, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş sözügedən təklifləri nəzərə almalıdır.
Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, 2016-cı ilin aprelində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirdi. Daha da dəqiqləşdirsək, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər işğalçı ölkənin təxribatçı hərəkətlərinə son qoyulmasının və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Eyni zamanda, ATƏT-in Minsk qrupu, o cümlədən beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, intensiv atışmalar müşahidə olunur, insanlar ölür, çoxsaylı tələfatlar qeydə alınır. Şübhəsiz, bu vəziyyət sonsuz davam edə bilməz və hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır. Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətində olduğunu ifadə etdi.
Münaqişənin həll olunmaması regional təhlükəsizliyə ciddi təhdidlər yaradır
Digər bir məqam isə budur ki, dünya ictimaiyyəti, xüsusilə də müvafiq beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupu da yaxşı anlayır ki, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər ciddi fəsadlara səbəb ola bilər. Ümumiyyətlə, Cənubi Qafqaz regionu siyasi və iqtisadi potensialına, həmçinin coğrafi mövqeyinə görə Avrasiya materikində ən əhəmiyyətli geopolitik məntəqələrdən biri hesab edilir. Belə bir strateji yanaşma mövcuddur ki, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı amillərin əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir.
Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir və qeyd etdiyimiz kimi, ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, çirkli pulların mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu da gələcək üçün olduqca ciddi fəsadlar vəd edir. Ona görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda mütləq mənada təhlükəsizlik, sabitlik və sülhdən bəhs etmək olmaz. Təcavüz faktı, ərazi iddiaları və separatizmin mövcudluğu sülh və sabitliyi təhdid etməklə yanaşı, regional əməkdaşlığı da əngəlləyən neqativ faktorlardır.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır
Ümumiyyətlə, beynəlxalq ictimaiyyət anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional miqyaslı, qlobal xarakterli destruktiv problemdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir. Belə olan halda, qeyd etdiyimiz kimi, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq normaları əsasında həllinin zəruriliyini bəyan edirlər. Ümumi qənaət budur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Bütövlükdə isə bəlli olan budur ki, yaranmış siyasi şərait Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir.
Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının (YAP) VI Qurultayında çıxışı zamanı bu məqama toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, indi hamı bilir ki, Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır: “O siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır. Beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizi uğurla davam etdirəcəyik. Bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləyir. BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu aparıcı təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər. Beləliklə, münaqişənin həlli üçün siyasi əsaslar da qoyulub. Hüquqi əsaslar onsuz da var. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə bu qondarma qurumu tanımayıb və əminəm ki, heç vaxt tanımayacaq. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir. Çünki Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri həm hüquqi, həm siyasi əsasları möhkəmləndirir”.
Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Dünya ictimaiyyəti görür və anlayır ki, separatizm ciddi təhdidlər yaradır, bu səbəbdən dövlətlərin ərazi bütövlüyü əsas götürülməlidir. Eləcə də Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. Məhz Brüsseldə ötən il noyabrın 24-də keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində dövlətlərin ərazi bütövlüyünün pozulmazlığı prinsipinin əhəmiyyətinin nümayiş etdirilməsi Azərbaycan diplomatiyasının bu istiqamətdə əhəmiyyətli uğurudur. Əminliklə söyləmək olar ki, Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin birmənalı olaraq dəstəklənməsi Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində cərəyan edən proseslər fonunda mühüm nailiyyətidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Münaqişənin həlli ilə bağlı bizim mövqeyimiz üstünlük təşkil edir, xüsusilə indiki şəraitdə. Dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meyilləri artır. Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik. Ona görə bütövlükdə münaqişələrlə bağlı dünyada gedən proseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirir. Təsadüfi deyil ki, keçən ilin noyabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvəsində qəbul edilmiş qətnamə Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini birmənalı şəkildə dəstəkləmişdir. Deyə bilərəm ki, ilk dəfə olaraq, bax, bu formada qətnamə qəbul edilmişdir. Bu, Ermənistan üçün növbəti zərbə, onların növbəti məğlubiyyəti idi və bizim növbəti qələbəmiz idi. Əslində bu, haqq-ədalətin növbəti qələbəsi idi. Ona görə bu müsbət meyillər güclənəcək. Biz, sadəcə olaraq, bundan sonra da öz siyasətimizi aparmalıyıq, aparacağıq. Ermənistanı daha da sıxışdırmalıyıq, sıxışdıracağıq və öz həqiqətlərimizi dünya birliyinə çatdırmalıyıq”.
Tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz!
Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Amma beynəlxalq hüquq normalarına məhəl qoymayan işğalçı Ermənistan milli dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipini də heçə sayır, təcavüzkar mövqeyini davam etdirir. Bunlara paralel olaraq Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. İşğalçı dövlət həmçinin ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə saymaqla subyektiv olaraq xalqların öz müqəddəratını təyin etməsi məsələsini önə çəkir. Bu isə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması ideyasına xidmət edir. Çünki ermənilər öz müqəddəratlarını təyin edərək Ermənistan dövləti yaradıblar. Əlbəttə, 20 faiz ərazisi işğal edilmiş, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan bu cür cəhdlərə izin verməyəcək.
Ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüquq normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır: “Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək”.
Ermənistan onu da nəzərə almalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını nəyin bahasına olursa olsun işğaldan azad edəcəyinə dair əminlik yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi, Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir.
Nəticə etibarilə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 504 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30