Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şimali Qafqaz "barıt cəlləyi"ni xatırladır

Şimali Qafqaz "barıt cəlləyi"ni xatırladır

28.08.2009 [00:31]

Və ya nəhəng aktorların savaşının növbəti mərhələsini Şimali Qafqaz olayları təşkil edir
Son zamanlar dünya ictimaiyyətinin diqqəti Şimali Qafqazda ard-arda baş verən qanlı olaylara yönəlib. Dünyanın aparıcı analitik mərkəzləri və ekspertləri bu məsələ ətrafında mülahizələr yürütməklə yanaşı, bir sıra suallara da cavab tapmağa çalışırlar: nə üçün məhz Şimali Qafqaz və ya nəyə görə məhz indi?
Elə bu suallardan yola çıxan analitik mərkəzlər Şimali Qafqaz olaylarının arxasında beynəlxalq arenada mühüm əhəmiyyət kəsb edən bir sıra səbəb və amillərin dayandığı qənaətindədirlər. Bu səbəb və amillərin əsasını isə böyük güclər - aparıcı aktorların maraq və mənafelərinin təmin edilməsi uğrunda apardıqları mübarizələrin təşkil etdiyini söyləmək olar. ümumiyyətlə, bəzi xarici analitik mərkəzlərin gəldiyi yekun qənaət ondan ibarətdir ki, bu və bu kimi olaylar nəhəng aktorların strateji baxımdan önəmli üstünlüklər gətirəcək mühüm təsir və tənzimetmə mexanizmi əldə etmək, “heartland” və “rimland” təsiri bağışlayan bölgələrdə strateji balans və təhlükəsizlik sistemi yaratmaq, rəqiblərinin fəaliyyət mexanizmini özlərinin lehinə “dondurmaq”, eləcə də, hegemonluq uğrunda apardıqları mücadilələrin nəticəsində otraya çıxır. Şimali Qafqaz hadisələri də məhz bu qəbildən olan olaylar sırasında yer alır. Bir sözlə, Şimali Qafqaz olayları dərin iqtisadi maraqlar və siyasi səbəblərə dayanır. Bəs nə(lər)dir bütün bu qanlı aksiyalar və toqquşmalara səbəb olan amillər?
Əvvəla, nüfuzlu mərkəzlərin üzərində dayandığı ilk məsələ Rusiya imperializminin yenidən “zühur etməsi”dir. Belə ki, bölgəyə yönəlik Rusiya siyasətinin aydın ştrixlərindən birini hərbi və iqtisadi imperializmə əsaslanan fəaliyyət istiqaməti təşkil edir. Regional və qlobal anlamda öz mövqeyini möhkəmləndirməyə, bununla da manevr imkanlarını xeyli dərəcədə genişləndirməyə çalışan Kreml bu istiqamətdə daha çox imperialist metodlara istinad edir. Gürcüstana yönəlik “hərbi zərbə” metodu və bölücü qurumlar Abxaziya ilə Cənubi Osetiyanın dəstəklənməsi, Ukraynaya qarşı iqtisadi sanksiya və yüksək səviyyədə məhdudiyyətlərin tətbiq edilməsi, ən kiçik hadisələrə belə “vurmağa meyilli” adekvat cavab reaksiyalarının göstərilməsi hərbi və iqtisadi imperializmin təzahürlərini əks etdirməkdədir. Elə buna görə də, ekspertlər Kremlin siyasi-strateji kursunun imperialist əsaslara dayandığını vurğulayırlar. Təbii ki, bu da aparıcı aktorlarla Moskva arasında milli maraqlara əsaslanan “strategiyaların toqquşması”na və nəticədə böyükmiqyaslı olayların meydana çıxmasına səbəb olur;
İkincisi, Şimali Qafqaz olaylarının məhz bu dövrdə baş verməsi təsadüfi deyil. Belə ki, ötən il baş vermiş Rusiya-Gürcüstan müharibəsinin ardından sönmüş “kiçik qığılcımların yenidən alovlanması” ehtimalı daim diqqət mərkəzində idi. Elə beşgünlük müharibənin ildönümü ərəfəsində yeni qarşıdurmanın ortaya çıxacağı barədə söz-söhbətlər və işartılar meydana gətirilməyə başlandı. Və budur, bütün bunlar İnquşetiya, Dağıstan və çeçenistanda adekvat cavab reaksiyası - qanlı olaylarla nəticələndi. Yəni bunlar ona işarə idi ki, yeni dünya düzəni şəraitində hərbi vasitələrə istinad, onlardan öz milli maraqlarına yönəlik, digər millətlərə isə qarşı istifadə etmək nəinki gözlənilən effekti vermir, hətta “bumeranq” rolunu oynayır. Rusiya rəsmilərinin Cənubi Osetiya və Abxaziyaya səfərlərinin ardından bu olayların baş verməsi deyilənləri təsdiq edir.
üçüncüsü, son zamanlar beynəlxalq təhlükəsizliyin mühüm tərkib hissəsi olan enerji təhlükəsizliyi məsələsi ətrafında aparılan “fəaliyyət yarışı” və mübarizənin təsirləri də bu olaylardan yan keçməyib. Belə ki, aktorların öz maraqları və təhlükəsizliklərini təmin etmək üçün reallaşdırmağa çalışdıqları NABUCCO və “Cənub axını” layihələri gərgin mübarizələrə səbəb olmaqdadır. Tərəflər bu mübarizənin ştrixlərində bir-birlərinə müxtəlif vasitələrlə təsir və təzyiq göstərməyə çalışırlar. Bu təsir və təzyiqlər isə bəzən böyük fəsad və olaylara səbəb ola bilir. Şimali Qafqaz hadisələri də məhz bu cür mübarizələrin nəticəsini təşkil edir. Bu da, nəticə etibarilə rəqabət və qarşıdurmaların kəskin həddə çatmasına səbəb olur. Yeri gəlmişkən, Moskvanın son zamanlar Xəzər dənizi ətrafında etdiyi həmlə və manevrlər də nəhənglərin mübarizə ştrixlərini əks etdirməkdədir. Təbii ki, bu amil də qarşılıqlı “hücumlar”a və “zərbələr”ə səbəb olur;
Dördüncüsü, millətlərin öz müqəddəratlarını ərazi bütövlüyünü pozmaqla müəyyən etməsi sonrakı acı nəticələrə və istənilməyən hallara səbəb olur. Necə ki, Cənubi Osetiya və Abxaziya kimi bölücülük fəaliyyəti həm Gürcüstana, həm də sonradan Rusiyaya baha başa gəldi. Eləcə də, Rusiyanın daxilində də Tatarıstan, Başqırdıstan, Altay, çuvaşiya və s. kimi “bumeranq mənbəyi” ola biləcək muxtar qurumlar mövcuddur. Belə ki, ekspertlərin qənaətincə, rəsmi Moskva bölücü qurumları dəstəkləmə tendensiyasını davam etdirəcəyi halda, özü də əvvəl-axır bu problemlə üzləşəcəkdir. Ona görə də, Kremlin bu məsələ ətrafında “incə siyasət” yeritməsi onun üçün “həyati” əhəmiyyət kəsb edir. Qısacası, Moskva öz daxilində “mərkəzdənqaçma meyilləri”nin qarşısını almaq üçün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünə maksimum səviyyədə hörmət etməlidir...
Beləliklə, sadalananlardan aydın olur ki, nəhəng aktorların dünya ağalığı uğrunda mübarizəsinin növbəti ştrixlərini Şimali Qafqaz təşkil edir. “Barıt cəlləyi”ni xatırladan bu bölgədə nəzarəti itirməməyə çalışan Rusiya isə “nə yumşaq, nə də sərt” metodlara hələlik əl atmır. çünki hər bir halda indiki şəraitdə hər iki metod Kreml üçün “bumeranq zərbəsi” ola bilər. Proses və olaylar isə ona işarə edir ki, nə vaxta kimi “nəhənglər” öz maraq və strategiyalarını reallaşdırmaq uğrunda mübarizə aparacaqlar, bu müddətdə də Şimali Qafqaz olaylarına bənzər hadisələr mütəmadi təkrarlanacaq.
Nurlan QƏLƏNDƏROV
Paylaş:
Baxılıb: 926 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31